Xəbər lenti

Siyasət 16:28 15.07.2026

"Bayden Azərbaycanın ABŞ-ın maraqları üçün əhəmiyyətini yetərincə dəyərləndirməyib"

ABŞ-ın keçmiş Prezidenti Co Baydenin administrasiyası dörd il ərzində Azərbaycana münasibətdə yanlış siyasət yürüdüb, onun Cənubi Qafqazda strateji tərəfdaş, enerji resurslarının tədarükçüsü və mühüm nəqliyyat qovşağı kimi əhəmiyyətini lazımınca qiymətləndirməyib.

"Report" xəbər verir ki, bu barədə siyasi şərhçi və ABŞ Nümayəndələr Palatasının üzvü Abe Hamadenin xarici siyasət üzrə müşaviri Brayan Leyb "Townhall" nəşri üçün yazdığı məqaləsində bildirib.

Onun fikrincə, Bayden administrasiyası Azərbaycanı ABŞ-ın regiondakı ən mühüm tərəfdaşlarından biri kimi qəbul etmək əvəzinə, siyasi fikir ayrılıqlarının və köhnəlmiş yanaşmaların ABŞ siyasətini müəyyən etməsinə imkan verib.

IV Şuşa Qlobal Media Forumunda iştirak etmək üçün Azərbaycanda olan Leyb bildirib ki, ABŞ və Azərbaycan arasında münasibətlər bu gün həmişə olduğundan daha möhkəmdir.

Onun sözlərinə görə, bu, təkcə diplomatiyada deyil, həm də strateji əməkdaşlığın genişləndirilməsində, iqtisadi əlaqələrin möhkəmləndirilməsində və Cənubi Qafqazda sabitliyin hər iki ölkənin maraqlarına cavab verməsi ilə bağlı ümumi anlayışda özünü əks etdirir.

Müəllif qeyd edib ki, ABŞ Prezidenti Donald Tramp Azərbaycanla münasibətlərə fərqli yanaşır. Onun fikrincə, ABŞ-ın xarici siyasəti aktuallığını itirmiş təsəvvürlərə əsaslanmaq əvəzinə, etibarlı tərəfdaşları təşviq etməli və ABŞ-ın strateji maraqlarını irəli sürməlidir.

O, şimalda Rusiya, cənubda isə İranla həmsərhəd olan, eyni zamanda, Avropanı Cənubi Qafqaz və Mərkəzi Asiya ilə birləşdirən Azərbaycanın strateji coğrafi mövqeyinə diqqət yetirib.

Leyb enerji təhlükəsizliyini əməkdaşlığın ən vacib istiqamətlərindən biri adlandırıb. O qeyd edib ki, Avropa Rusiya enerji resurslarına alternativ axtarmağa başlamazdan əvvəl Azərbaycan ixrac marşrutlarının şaxələndirilməsinə və regional infrastrukturun möhkəmləndirilməsinə əhəmiyyətli vəsait yatırıb.

O, həmçinin Azərbaycanın limanlara, dəmir və avtomobil yollarına, aviasiya və logistikaya qoyduğu irimiqyaslı investisiyalara da diqqət çəkib. Onun fikrincə, bu layihələr ölkəni Şərqlə Qərbi birləşdirən ən mühüm kommersiya qovşağına çevirir.

Müəllifin fikrincə, bu, ABŞ biznesi üçün energetika, infrastruktur, texnologiya, nəqliyyat, kənd təsərrüfatı və kibertəhlükəsizlik sahələrində mühüm imkanlar açır.

Leyb ikitərəfli münasibətlərin inkişafını, sülhün güc vasitəsilə əldə edildiyini anlayan prezidentlər Donald Tramp və İlham Əliyevin yanaşmaları ilə də əlaqələndirib.

O, hər iki lideri sülhün qorunub saxlanması üçün mühafizə olunan sərhədlərin, iqtisadi artımın, güclü milli rəhbərliyin və mürəkkəb məsələləri birbaşa həll etməyə hazırlığın zəruri olduğunu dərk edən sülh tərəfdarları adlandırıb.

Müəllif ABŞ-ı Azərbaycanla strateji münasibətləri dərinləşdirməklə yanaşı, sülh prosesini dəstəkləməyə davam etməyə də çağırıb.

Sorğu

Azərbaycanda 16 yaşa qədər uşaqların sosial şəbəkələrdən qorunması təklifinə münasibətiniz necədir?
--> -->