ABŞ prezidenti Co Bayden Ukrayna lideri Volodimir Zelenskidən hərbi yardımın olmaması və Rusiyaya qarşı daha sərt sanksiyaların zəruriliyi ilə bağlı açıqlama verməməyi xahiş edib.
Qaynarinfo xəbər verir ki, bu haqda "The Washington Post"
Ağ Evin keçmiş rəsmisinə istinadən
yazıb.
Nəşrin mənbəsinə görə, Bayden Zelenskinin ukraynalıları ciddi şəkildə dəstəkləməsinin "zərurətini anlayır”, lakin şəxsi söhbətində ona deyib ki, Kiyev "nankorluq nümayiş etdirərsə” və bu maliyyənin kifayət etmədiyini söyləyərsə, Ukrayna üçün Konqresdən maliyyə istəmək çətin olacaq.
Qəzet xatırladıb ki, Zelenski dəfələrlə açıq şəkildə ABŞ və müttəfiqlərini Ukraynaya davam edən tədarük fonunda əlavə silahlar verməyə çağırıb.
Ağ Ev rəsmiləri həmçinin bildiriblər ki, Bayden və Zelenski Rusiyanın Ukraynada hərbi əməliyyatı başlayandan bəri hər iki-üç həftədən bir əlaqə saxlayıblar. Onlar sonuncu dəfə oktyabrın 10-da danışıblar, o zaman ABŞ prezidenti Rusiyanın raket zərbələrini pisləyib və Kiyevə "özünü müdafiə etmək üçün lazım olan yardımı” göstərəcəyini vəd edib.
Bundan əlavə, ABŞ rəsmiləri arasında olan mənbələr nəşrə bildiriblər ki, ABŞ administrasiyası nə Rusiya, nə də Ukraynanın hazırda qalib gəlməyə qadir olmadığı qənaətindədir, lakin onların fikrincə, Kiyevə təzyiq və ya hətta onu sülh sazişi bağlamağa sövq etmək mümkün deyil. Nəşrin həmsöhbətləri əlavə ediblər ki, Ukraynadakı silahlı münaqişənin sonunun necə olacağını bilmirlər, çünki "bu qərarı ukraynalılar verməlidir”. Eyni zamanda, onlar vurğulayıblar ki, ABŞ Ukraynaya "döyüş meydanında ən yaxşı mövqe tutmağa” kömək etməyə çalışır.
Alpər