"İranın dünyaya açılması, iqtisadi fürsətlərin genişlənməsi bizim üçün həm siyasi, həm iqtisadi, həm də sosioloji olaraq çox əlverişlidir”.
Qaynarinfo xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli ABŞ-ın yeni seçilən prezidentinin İranla bağlı verdiyi açıqlamanı şərh edərkən deyib. Onun sözlərinə görə, İrana qarşı qoyulan sanksiyaların ləğvi Azərbaycan üçün yeni fürsətlər açacaq:
"2021-ci ilin ən maraqlı geo-siyasi məsələlərindən biri Qərblə, əsasən də ABŞ ilə İran arasında yeni əməkdaşlıq mərhələsinin başlanğıcı olacaq. Əslində Obama dövründə imzalanmış nüvə anlaşması və "6-lıq sazişinin” bir çox maraqlı məqamları var idi. Obama administrasiyası Rusiyaya qarşı sərt tutumunu AB ölkələrini və region oyunçuları vasitəsi ilə gücləndirməyi, Rusiyaya qarşı blokadanı sərtləşdirərək, əvəzində İran bazarını Qərbə açmağı düşünürdü.
Təsəvvür edin ki, 83 mln. əhalisi, 1 648 000 км² ərazisi olan, uzun onilliklərdir dünyanın iqtisadi sistemindən kənar qalan, böyük yenilənmə və texnologiyalara ehtiyacı, dünyanın ən böyük qaz, ilk 5-likdə neft yataqlarına malik olan İran böyük bazar, ciddi iqtisadi fürsətlər yarada bilərdi. AB ölkələrinin Rusiyaya sərt tutumu ilə itirdikləri iqtisadi fürsətlərin böyük bir qismini İran kompensasiya edə bilərdi. Obama administrasiyası əmin idi ki, Klinton qalib gələcək və bu xətt davam etdiriləcək. Amma 2016-da böyük sürpriz oldu, Tramp qalib gəldi və həmən "6-lıq sazişindən” ABŞ-ı çıxartdı, İrana daha sərt sanksiyalar tədbiq etdi, AB ölkələri şirkətlərinin İranla əlaqə qurmaq istəyini baltaladı, bir çox AB şirkətlərini də sanksiyalarla hədələyərək İrandan uzaq saldı. Nəticədə isə İranda Çin və Rusiya gücləndi, AB ölkələrinin Rusiyaya münasibəti daha loyal oldu, iqtisadi əlaqələri kəsmədilər, ABŞ-ın və özlərinin Rusiyaya qarşı qəbul etdikləri sanksiya rejimindən yan keçmək üçün özləri metodlar fikirləşdilər, Belarus üzərindən sanksiya rejimi dəlindi, "Şimal Axını-2” layihəsini daha çox Avropa ölkəsi dəstəklədi. Yəni, Trampın tutumu səhv nəticələr doğurdu, İran iqtisadi cəhətdən zəifləsə də, çökmədi və cənub qonşumuzda Çinin, Rusiyanın mövqeləri gücləndi.
Bayden artıq bəyan edib ki, İranla sazişə geri dönəcək, sanksiyalar addım-addım ləğv ediləcək – bunu AB ölkələri də istəyir. İran Avropanın Rusiya qazından asılılığını azaltmaq üşün ən önəmli qaynağı olan ölkədir və AB şirkətləri İrana böyük maraq və həvəs göstərirlər. Əgər İran dünyaya açılmağa başlasa, Azərbaycan bundan böyük iqtisadi dividendlər götürə bilər. Biz normal sistem, hüquqi dövlət, xarici şirkətlər üçün münbit şərait yaratsaq, Bakı İran investisiyalarının moderatoruna, mərkəzinə çevrilə bilər. Lojistik üstünlüklərimizi iqtisadi fürsətlərə çevirmək üçün böyük şans yaranacaq.
Daha bir önəmli məsələ odur ki, bir çox Qərb şirkətləri İranda daimi çalışmaq üçün mərkəzi ofislərini Bakıda, Azərbaycanda açmaq istəyir – bunun üçün münbit şəraiti gözləyirlər. Çünki İran Qərb iş adamları üçün indi komfortlu ölkə deyil – sosial həyat, opera-balet, teatr, restoran, bar, kafe, pub yox, əyləncə yoxdur (ən azından açıq və hürküsüz), alkoqol qadağası var, bir sözlə, Qərb iş adamları işləməyə İranı, yaşamağa, dincəlməyə isə Azərbaycanı seçə bilərlər. Hətta cənub bölgəmiz bundan daha çox pay, iqtisadi fürsət yaxalaya bilər – Lənkəranda, Astarada böyük biznes-ofis mərkəzləri, komfortlu ev, mənzil kirayə bazarı, ictimai iaşə və turizm obyektləri yarana bilər.
Lojistik üstünlüyümüz bizim iş adamlarının da İran bazarına geniş açılmağa imkan, Qərb şirkətləri ilə birgə müəssisələr yaratmağa fürsətlər yarada bilər.
Bir sözlə, Azərbaycan indi hər dollar, hər manat-qəpik uğrunda iqtisadi mübarizə aparmalıdır, çünki çoxdan bitən neft erası indi tamam "öləcək”. İranın bazara çıxması ehtimalı neft qiymətlərini hələ uzun zaman aşağı səviyyələrdə saxlayacaq, bundan başqa, dünya sürətlə "Green economy” moduna keçir ki, bu da obyektiv olaraq neft istehlakını ciddi azaldacaq. İstehlak azaldıqca neft bolluğu qiymətləri daim təzyiqdə saxlayacaq. Ona görə də, Azərbaycan işğaldan azad etriyimiz torpaqların bərpası üçün hər il daha çox qazanmaq, daha yaxşı iqtisadi fürsətlər, xarici kapitala daha münbit şərait yaratmağa borcludur. Hətta işğaldan azad edilmiş İranla sərhəd bölgələrinin birində böyük İnvestisiya Mərkəzi yaradıla bilər ki, bu da "şəhəryaradan” amilə çevrilməlidir.
İranın dünyaya açılması, iqtisadi fürsətlərin genişlənməsi bizim üçün həm siyasi, həm iqtisadi, həm də sosioloji olaraq çox əlverişlidir..."
İlqar Əliyev