"Moskva ilə Pekin dünyada öz hegemonluqlarına əsaslanan yeni düzən qurmağa çalışır”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Qabil Hüseynli dekabrın 15-də Rusiya prezidenti Vladimir Putinlə Çin Xalq Respublikasının sədri Si Szinpin arasında videoformat çərçivəsində olacaq görüşünü dəyərləndirərkən deyib:
"Bu görüş getdikcə güclənən və dünya birinciliyinə can atan Çinlə fövqəldövlət statusuna yaxınlaşan Rusiya arasında strateji əməkdaşlığın daha da gücləndirilməsinə həsr olunacaq. Hər iki dövlət ABŞ və NATO-ya qarşı eyni mövqe sərgiləyir. Bu görüş ABŞ və NATO-nun Rusiyaya qarşı ciddi mübarizə apardığı, onu sanksiyalara məruz qoyduğu bir zamanda baş verir. Ona görə də videoformat şəklində olan görüşdə iki ölkə arasında hərbi və iqtisadi sahədə əməkdaşlığın genişləndirilməsi məsələsinə baxılacaq”.
Politoloqun fikrincə, həmin görüş Qərbə Moskva ilə Pekinin həmrəy olduğu görüntüsünü yaratmağa hesablanıb:
"Hər iki dövlət bölgədə həyata keçirilən iqtisadi layihələrdə bir-birilə əlaqəlidir. Xüsusən də Rusiya qazının Çinə ötürülməsi məsələsi artıq qəbul edilən qərarlardandır. Belədə görüşdə qaz layihəsi tikintisinin gedişi də gündəmdə ola bilər. Görünən odur ki, ÇİN-Rusiya münasibətləri strateji əməkdaşlıq səviyyəsinə qalxmaqdadır. Bu da dünyada super güclərin yeni düzəni, yeni yerləşmə qaydasını özündə ehtiva edəcək”.
Rüfət Sultan