"Bu, adi bir danışıqdır və ondan ciddi nəsə gözləməyə dəyməz”.
Bunu Qaynarinfo-ya açıqlamasında bunu politoloq Taleh Əliyev Azərbaycan və Rusiya XİN rəhbərləri arasında baş tutan telefon danışığını şərh edərkən deyib.
"Rusiya Azərbaycan münasibətləri həm MDB formatında çoxtərəfli, həm də ikitərəfli formatda tənzimlənir. 2022-ci ildə Moskvada Azərbaycanla Rusiya arasında imzalanan müttəfiqlik sazişindən sonra münasibətlərə hüquqi baxımdan yeni çalarlar əlavə olundu. Amma təkcə Ermənistan-Azərbaycan yox, eyni zamanda, Rusiya-Azərbaycan münasibətlərinin təməlində də ölkəmizin ərazi bütövlüyünə münasibət məsələsi özünü həlledici formada göstərir. 10 noyabr sazişindən sonra Rusiyanın vasitəçi olaraq prosesdə gözlənilən yüksək effektivlik nümayiş etdirməməsi Bakının həm narazılığına, həm də təəssüfünə səbəb olub”, deyə ekspert vurğulayıb.
Həmsöhbətimizə görə, Rusiya sona qədər öz vasitəçilik missiyasından istifadə etmir:
"Əksinə, Moskva daha çox münaqişəni dondurulmuş vəziyyətdə saxlamaqla Cənubi Qafqazda varlığını qoruyub saxlamağa çalışır. 2021-ci ilin yazından sonra prosesə cəlb olunan Brüssel və Vaşinqtonun Bakı ilə İrəvan arasında sülh danışıqlarında işgüzar və məhsuldar nəticələrə nail olması Rusiya tərəfindən qısqanclıqla qarşılanır. Hətta Rusiya XİN-in bəzi rəsmiləri tərəfindən açıq və kəskin formada prosesin ancaq Moskvanın iştirakı ilə tənzimlənə biləcəyi barədə mesajlar da verilib. Bütün hallarda Azərbaycan Rusiya münasibətlərində qonşuluq münasibətlərinin qorunması vacibdir”.
Ekspert onu da qeyd edib ki, Lavrovla Bayramovun telefon danışığında iki ölkə arasındakı münasibətlərin tənzimlənməsi və Qarabağda saxta humanitar böhran adı ilə ortaya atılan yolun açılması ilə bağlı müzakirələr aparılıb.
Qeyd edək ki, avqustun 15-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Rusiya Federasiyasının xarici işlər naziri Sergey Lavrov arasında telefon danışığı baş tutub. Telefon danışığı zamanı Azərbaycan və Rusiya arasında mövcud əməkdaşlıq gündəliyi, Azərbaycan və Ermənistan arasında normallaşma prosesi, habelə regionda cari vəziyyət müzakirə olunub.
Rüfət Sultan