Dünya 12:41 19.01.2024

Belçika tezliklə Avropa qırıcılarının inkişafı proqramına qoşulacaq

Belçika bir neçə həftə ərzində Avropanın Gələcək Döyüş Hava Sistemi (FCAS) yeni nəsil qırıcı proqramına ilkin olaraq müşahidəçi rolunda qoşulacaq.

Qaynarinfo xəbər verir ki, bu barədə Belçikanın müdafiə naziri Ludivine Dedonder danışıb.

"Belçika bir neçə həftə ərzində FCAS proqramında müşahidəçi statusunu təsdiqləməyə hazır olacaq", - nazir deyib.

Müşahidəçi statusuna malik ölkə qərarların qəbul edilməsində iştirak etmir, lakin tərəfdaşlarla gələcək əməkdaşlığa hazırlaşmağa kömək edən məlumat mübadiləsində iştirak edir.

Altı aydan sonra Belçika proqramın tam iştirakçısı ola bilər.

Gələcək Döyüş Hava Sistemi (FCAS) proqramı Fransanın Dassault Aviation, Almaniyanın Airbus və İspaniyanın Indra Sistemas şirkətlərinin rəhbərlik etdiyi Avropa qırıcı təyyarələrinin inkişafı proqramıdır. Bu, Avropa qitəsində ən böyük birgə müdafiə layihələrindən biridir.

Gələcək qırıcıların köhnə Rafales və Eurofighter Typhoon-ları əvəz etmək üçün 2040-cı ildə səmaya qalxacağı gözlənilir.

Almaniya və Fransa 2017-ci ildə proqram üzərində işləməyə başlayıb, İspaniya 2020-ci ildə qoşulub.

Xatırladaq ki, Çexiyada Avropada ikinci F-35 pilot təlim mərkəzi yaratmağı planlaşdırırlar.

Rumıniya payızda 32 ədəd F-35 qırıcısı almağa qərar verdi ki, bu da ölkə tarixində ən bahalı müdafiə alışı olacaq.

Alpər