"Bakının uzun illərdir ki, bir çox beynəlxalq əhəmiyyətli tədbirlərə ev sahibliyi etməsi Azərbaycanın beynəlxalq nüfuza malik olduğunu göstərməklə yanaşı, etibarlı tərəfdalığını da sübut edir”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Elşad Mirbəşiroğlu Bakıda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresinin əhəmiyyətindən danışarkən deyib.
Deputat bildirib ki, beynəlxalq tədbirlərə ev sahibliyi etmək üçün çox vacib kriteriyalara cavab vermək tələb olunduğunu nəzərə almaq lazımdır:
"Azərbaycan da bu kriteriyalara cavab verdiyi üçün ölkəmiz çoxsaylı müxtəlif kateqoriyalı beynəlxalq tədbirlərə ev sahibliyi edir. Ölkəmizdə müxtəlif idman yarışları keçirilib. Dünyanı narahat edən, müxtəlif mövzuları əhatə edən problemlərdən çıxış yolunun axtarılmasına yönəlik bir sıra digər tədbirlərə də Azərbaycan ev sahibliyi edib. Bu həm Azərbaycanın böyük nüfuza malik olmasından xəbər verir, həm də ölkəmizin nüfuzunu daha da artırır. Çünki belə tədbirlər çərçivəsində ölkəmizə dünyanın müxtəlif ölkələrindən müxtəlif statuslu qonaqlar təşrif buyurur. Bu mənada Beynəlxalq Astronavtika Konqresini də xüsusi qeyd etmək lazımdır. Bakı bir neçə dəfə belə bir tədbirə ev sahibliyi edib. Astronavtika istiqamətində müasir texnologiyaların əldə edilməsi, yaradılmasına töhfə verilməsi müasir dövrdə böyük əhəmiyyət kəsb edir. Azərbaycan da bu səbəbdən sözügedən istiqamətdə geniş əməkdaşlıq sistemi qurmaqdadır. Konqres çərçivəsində əməkdaşlığın genişləndirilməsi və yeni texnologiyaların paylaşılmasına da imkanlar yaranır”.
Deputat qeyd edib ki, Bakıda keçirilən belə bir tədbir dünyanın demək olar bütün ölkələrinin geniş diqqət mərkəzindədir:
"Bakı konqresi bu mənada yeni unikal əməkdaşlıq formatı təklif edir. Belə bir tədbirin Bakıda keçirilməsi ölkəmizin əməkdaşlıq istiqamətlərini genişləndirməklə yanaşı, beynəlxalq münasibətlər sistemində də yeri və rolunu daha da artırmış olur”.
Rüfət Sultan