"Rusiyanın Ermənistan üzrə kuratoru Samvel Karapetyan axtarışdadır".
Qaynarinfo xəbər verir ki, bunu politoloq Sədrəddin Soltan deyib. Politoloq hesab edir ki, Samvel Karapetyan və onun başçılıq etdiyi komanda Azərbaycanın iştirak etdiyi layihələrə qatıla bilməz:
"Rusiyanın Ermənistan üzrə kuratoru Samvel Karapetyandır. O, Koçaryan, Sarqsyan və Paşinyanla görüşərək yeni kursu onlara izah edib. Deməli, belə çıxır ki, Azərbaycan torpaqlarının işğalında başlıca rollardan birini oynayan Samvel Karapetyan vasitəsi ilə Rusiya Ermənistanı idarə edəcək. Bu halda Sarqsyan və Koçaryanın ikinci plana keçəcəyi ehtimal olunur. Çünki Ermənistanı saxlamaq üçün Moskvanın maliyyə vəsaiti çatmır".
Sədrəddin Soltan ehtimal edir ki, bu səbəbdən Kreml Rusiyadakı milyaderləri Ermənistana pul xərcləmək üçün səfərbər edir:
"Onları perspektivdə təhdid etmək üçünsə Moskvanın əlində həmin iş adamları ilə bağlı yetərincə cinayət materialları var. Elə həmin cinayətlərin bir çoxunu onlar Kremlin xeyir-duası ilə törədiblər. Qeyd edək ki, biznes fəaliyyəti ilə məşğul olan "Taşir” şirkətlər qrupunun rəhbəri Karapetyan Samvel Sarkisoviç, Ermənistanda "boz biznesmen” kimi tanınan və "Royalsys Engineering” şirkətinin sahibi David Qalustyan, "KOMEX” şirkətinin baş direktoru Abramyan Ara Arşaviroviç və qeyriləri Ermənistan Respublikasının silahlı qüvvələrini qanunsuz olaraq silah, döyüş sursatı, partlayıcı maddələr, hərbi texnika, yaxud əsgəri ləvazimat ilə təchiz edilməsi üçün 2001-2021-ci illərdə müxtəlif vaxtlarda hava yolu ilə "Beynəlxalq yük daşımaları haqqında” Gömrük Konvensiyasının, "Avropada Adi Silahların Məhdudlaşdırılması” haqqında Müqavilənin tələblərinə zidd olmaqla müxtəlif reyslərlə uçan sərnişin təyyarələri, habelə Ermənistan Hərbi Hava Qüvvələrinin İL-76 TD tipli yük təyyarəsi, eləcə də Ara Abramyan tərəfindən alınmış "İLYUSHİN-76TD” tipli yükdaşıma təyinatlı təyyarə ilə - ayırdıqları maliyyə vəsaiti hesabına hərbi təyinatlı iriçaplı odlu silah, döyüş sursatı, hərbi təyinatlı partlayıcı maddələr və qurğuları, o cümlədən raketləri qanunsuz əldə edib Ermənistan Respublikasına və Ermənistanın işğalına məruz qalmış Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf rayonlarına qaçaq yollarla daşınmasını təşkil edib.
Faktla bağlı 2021-ci il aprelin 28-də Baş Prokurorluqda Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlayıb".
Bahar Rüstəmli