Xəbər lenti

"Bərdə DYP rəisi məni təhdid edir" - Baş redaktor
Ölkə06:46 07.03.2018

"Bərdə DYP rəisi məni təhdid edir" - Baş redaktor

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
"Bərdə Rayon Dövlət Yol Polis Bölməsinin rəisi Anar Cəlilov onun barəsində şikayət məktubu dərc etdiyimə görə məni təhdid edir".
Bu barədə Qaynarinfo-ya Anaxeber.az saytının rəhbəri Azər Talıbov bildirib.
DYP rəisinin təhdidi ilə əlaqədar prezident İlham Əliyevə və I vitse-prezident Mehriban Əliyevaya müraciət edən A.Talıbov bildirib ki, A.Cəlilov onu prokurorluğa şikayət etməklə hədələyib.
Baş redaktorun sözlərinə görə, yaşadığı rayona valideynini ziyarət etməyə gedib. Bərdədə olarkən görüşdüyü insanlar arasında bir qrup yerli sürücü ondan DYP əməkdaşlarının qanunsuz hərəkətlərini ictimailəşdirməyi xahiş ediblər.
Onlar təzyiqlə üzləşmək təhlükəsi olduğu üçün adlarını açıqlamayıblar və A.Talıbov bir jurnalist kimi sayt vasitəsi ilə vətəndaşların problemini Daxili İşlər naziri Ramil Usubova çatdırıb.
Amma yazıdakı məqamları aradan qaldırmaq, nizam-intizam yaratmaq əvəzinə A.Cəlilov baş redaktoru prokurorluğa şikayət etməklə təhdid edib.
O, jurnalistdən şikayət edən sürücülərin adlarını açıqlamağı tələb edib. Bu isə "KİV haqqında qanun”a tamamilə ziddir və jurnalistin belə bir öhdəliyi yoxdur.
Əgər dövlət və ordu ilə bağlı sirr deyilsə, jurnalist məhkəmədə belə mənbənin kimliyini açıqlamağa borclu deyil.
A.Talıbov qeyd edir ki, A.Cəlilov baş redaktoru belə hədələyə bilirsə, o halda sürücülər adlarını mətbuatda açıqlasaydılar, görün onların başına nə oyun açacaqdı: "Bərdənin yol polisi rəisi jurnalistlə hədə leksikonunda danışırsa, sürücülərin adlarını açıqlamadan qorxmaları başadüşülən haldır.Rayonda hansı vəziyyət hökm sürdüyü bu məqalədən sonra aydınlaşdı. Mən jurnalist kimi vətəndaşların problemlərini işıqlandırmışam. Prezident də bildirib ki, ictimai nəzarət güclənməlidir. Bu nəzarətin bir qolu da mətbuatdır. Biz jurnalistlər də insanların şikayətlərini yuxarı insatansiyalar qarşısında qaldırırıq. Amma Anar Cəlilov məni təhdid edir, seçkiqabağı hakimiyyətin siyasətinə xələl gətirir, jurnalistə təzyiq, basqı göstərir, ölkəni seçki ərəfəsində beynəlxalq təşkilatların, dünyanın qarşısında tənqid hədəfinə çıxarır. Məhz belə məmurların ucbatından Azərbaycanın adı mətbuat azadlığı olmayan ölkələrlə bir cərgədə çəkilir. Onu da deyim ki, saytımızda siyasi hakimiyyətdə təmsil olunan yüksək nüfuzlu məmurlar, nazirlər barəsində dəfələrlə tənqidi məqalələr dərc olunub. Ancaq bu tənqidlərə görə məni sıxışdırmaq, şantaj eləmək, hədələmək olmayıb. Çünki tənqid normaldır və mətbuatın işi də nöqsanları göstərməkdir. Anar Cəlilov kimi bir rayonda bölmə rəisi olan şəxs isə özünü nazirlərdən, Prezident Administrasiyasında yüksək postlar tutan vəzifəli şəxslərdən üstün sayaraq mətbuata qarşı hücuma keçib, hökumətin media siyasətinin əleyhinə gedən addımlar atır”.
A.Talıbov İ.Əliyev və M.Əliyevaya, o cümlədən DİN rəhbəri R.Usubova müraciət edərək məsələni nəzarətə götürmələrini xahiş edib.