"Sustainable Development" jurnalında dərc olunan yeni araşdırmada planetin təbii resurslarına düşən yükün azaldılması və ekoloji tarazlığın qorunması məqsədilə 2200-cü ilədək dünya əhalisinin mərhələli şəkildə təxminən 4 milyarda endirilməsi təklif olunur.
Qaynarinfo xəbər verir ki, tədqiqat müəlliflərinin fikrincə, məhdud resurslara malik planetdə davamlı iqtisadi və demoqrafik artım modeli uzunmüddətli perspektivdə ekoloji problemləri dərinləşdirir. Alimlər hesab edirlər ki, təbiətə düşən təzyiqi azaltmaq üçün əhali artım tempinin tədricən zəifləməsi ən real həll yollarından biri ola bilər.
Araşdırmada qeyd olunur ki, hazırda 8 milyardı ötən dünya əhalisinin 2200-cü ilədək təbii yollarla və mərhələli şəkildə təxminən yarıya enməsi yoxsulluğun azaldılmasına, çirklənmənin və miqrasiya ilə bağlı gərginliklərin zəifləməsinə, həmçinin sıx məskunlaşmış bölgələrdə həyat keyfiyyətinin yüksəlməsinə töhfə verə bilər.
Məqalədə vurğulanır ki, təklif edilən yanaşma keçmişdə bəzi ölkələrdə tətbiq olunan məcburi sterilizasiya və ya "bir uşaq" siyasəti kimi məhdudlaşdırıcı tədbirləri qətiyyən dəstəkləmir.
Əksinə, model aşağı gəlirli ölkələrdə qızların təhsil imkanlarının genişləndirilməsini və qadınların ailə planlaşdırılması xidmətlərinə çıxışının təmin edilməsini əsas prinsip kimi irəli sürür. Tədqiqat müəlliflərinin fikrincə, qadınların neçə uşaq sahibi olacaqlarına sərbəst qərar verə bildiyi cəmiyyətlərdə doğum səviyyəsi təbii şəkildə əhalinin yenilənmə həddindən aşağı enməyə meylli olur.
Araşdırmada bu yanaşmanı dəstəkləyən tarixi nümunələr də göstərilir. Bildirilir ki, İranda ailə planlaşdırılması proqramlarından sonra bir qadına düşən orta uşaq sayı 1992-ci ildəki 4,08 göstəricisindən 2001-ci ildə 1,94-ə enib. Oxşar tendensiya Cənubi Koreyada da müşahidə olunub: bu göstərici 1972-ci ildə 4,07 olduğu halda, 1984-cü ildə 1,93-ə düşüb. Kosta-Rikada isə doğum səviyyəsi 1972-ci ildəki 4,16 göstəricisindən 2009-cu ildə 1,98-ə qədər azalıb.
Qeyd edək ki, bu tədqiqat dünya əhalisinin məcburi şəkildə azaldılmasını deyil, könüllü ailə planlaşdırılması, təhsil və sosial inkişaf vasitəsilə uzunmüddətli demoqrafik dəyişikliklərin mümkünlüyünü müzakirə edir.
Aydın
Şərhlər