Azərbaycana dəstək olmayan Minsk qrupu... Minskdən dəstək gözləyən Ermənistan
Ermənistan silahlı qüvvələrinin növbəti təxribatı ilə başlayan döyüşlər davamlılığı və itkiləri ilə hər an müharibə ocağına çevrilə bilər.
Müharibə qaçılmaz olduğu halda, ATƏT-in Minsk qrupunun həmsədr dövlətləri (ABŞ, Rusiya, Fransa) "atəşkəs" deməklə susur. Halbuki bu qurum məhz münaqişə tərəflərinin (Ermənistan, Azərbaycan) Qarabağ məsələsini ATƏT-in prinsipləri əsasında həll etmək üçün yaradılıb. İndiyə kimi 3 mənasız və rədd edilmiş təkliflə çıxış edən Minsk qrupunun fəaliyyəti heç bir nəticə verməyib. Verəcəyini gözləmək də absurddur. Görünən odur ki, mövcud münaqişə ATƏT çərçivəsində həll olunacaq məsələ deyil.
Fərqli ərazilərdə yaşamaq eyni qanı daşıyan millətləri ayırmır
İyul hadisələrinə ilk münasibət Türkiyədən gəldi. Türkiyə Müdafiə Naziri Hulusi Akar "Hər cür dəstək veriləcək!" deyərək ölkəsinin hadisələrə olan mövqeyini birmənalı şəkildə göstərdi. Hazırda da həmrəylik ilk günkü kimi davam edir. Türkiyə Müdafiə Sənayesi naziri İsmayıl Demir bu saatlara qədər də sosial şəbəkə paylaşımları ilə Azərbaycana olan dəstəyini əsirgəmir.
Azərbaycana xarici dəstək zənciri qurulur
Amerikada yerləşən "Yəhudi Humanitar Təşkilatı" da məsələyə biganə qalmayıb. Təşkilat münaqişədə Azərbaycan tərəfini dəstəklədiyini açıq-aydın bəyan edib. Bu, ABŞ siyasi arenasında yəhudi lobbiçiliyinin böyük güc sahibi olması baxımından da, Azərbaycan üçün əhəmiyyətli dəstəkdir.
Eyni zamanda, Ukrayna və İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyası, İtaliya və Birləşmiş Krallıq Parlamenti də Ermənistanın BMT qətnamələrinə uyğun olaraq, Azərbaycan ərazilərini tərk etməsini və sülhü dəstəklədiklərini bildiriblər. Bütün bu hadisələr fonunda Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya ilə təcili danışması, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının təxirəsalınmaz iclasının keçirilməsini istəməsi başadüşüləndir, ancaq məntiqli deyil. Çünki iki tərəf arasındakı münaqişə üçüncü tərəfin daxili məsələsi deyil. Yaxud, iki tərəf arasındakı münaqişəyə hansısa qurumun reaksiya verməsi onun nizamnamə şərtlərinə uyğun gəlmir.
KTMT: Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı və ya Kim Təsir Müdaxiləsini Tərpədər?
Paşinyanın təxribatdan sonra rəsmi Moskva ilə təcili əlaqə saxlaması təəccüblü deyil. Bu, sadəcə olaraq, baş nazirin "naşı daş altında qalanda" etdiyi oxşar hadisələrin davamıdır.
Paşinyan ciddi hazırlıqlar görsə də, KTMT-nin iclası keçirilmədi. Bəs baş nazirin ciddi-cəhdlə gözlədiyi iclas keçirilsəydi, Dağlıq Qarabağ münaqişəsində KTMT-nin mövqeyi hansı istiqamətdə olacaqdı?
KTMT heç bir halda, tərəflərə beynəlxalq qanun çərçivəsində qarşı çıxış edə bilməz. Çünki xalqların öz müqəddəratını təyin etməsi hər bir qurum üçün prioritetdir. KTMT-ə üzv olan nə Rusiya, nə Belarus, nə Qazaxıstan, nə Qırğızıstan, nə də Tacikistan münaqişə tərəflərinə müdaxilə etmək səlahiyyətində deyil. Beynəlxalq hüquq və sülh qaydalarına görə, müdaxilə olarsa, bu, cinayət tərkibli hadisə hesab olunacaq. Yəni Paşinyanın KTMT-dən gözlədiyi dəstəyin mənası yoxdur. Bu, baş nazirin çıxış yolunu tapmaq üçün boş və əsassız cəhdləridir. Maraqlıdır, müstəqil türk respublikası olan Qazaxıstan Ermənistana dəstək olacaqmı? Yoxsa Qırğızıstan, yaxud Tacikistan? Məntiqsizdir! Hər üç dövlət din və dil ortaqlığını daşıyırlar, dostluq və əməkdaşlıqları görünməyəcək səviyyədə deyil.
Qalır, Belarus və Rusiya. KTMT-ə sədrlik edən Belarusa ümid edən Paşinyan bu dəfə Azərbaycanın strateji əməkdaşlıq etdiyi bir ölkəyə üz tutdu. Paşinyan yenə siyasi səhvə yol verdi. Rusiyadan dəstək görməyib Minskə getməsi onu erməni cəmiyyətinə də səriştəsiz, idarəetmə qabiliyyəti olmayan biri kimi tanıtdı. Erməni xalqı ölən erməni hərbçilərinin sayının artmasını Paşinyan təxribatının nəticəsi kimi qiymətləndirir. Buna görə də, əsgər anaları etiraz aksiyaları keçirməklə baş nazirin yarıtmaz siyasətini dayandırmasını tələb edirlər. Belə iğtişaşlardan xilas yolunu başqa dövlətin köməyində görən Paşinyan unudur ki, daha heç bir zəng Azərbaycan Ordusunu "xətt"də saxlaya bilməz.
Göründüyü kimi, xarici təhlükə minimal səviyyədədir. Demək olar ki, beynəlxalq təşkilatlar ya neytral mövqe tuturlar, ya da Azərbaycana dəstək göstərirlər. Belə olan halda, real təhlükə nədir?
"Beşinci kolon”un uşaqları və xarici qüvvələr
Azərbaycanın öz torpaqlarında antiterror əməliyyatı aparması onun daxili məsələsi olmaqla yanaşı, ərazi bütövlüyünü qoruması baxımından da, yalnız təqdir olunmalıdır. Biz başqa dövlətlərin ərazilərində silahlı münaqişə - qarşıdurma yaratmırıq. Bunu hər kəs bilir, qəbul edir və dəstəkləyir. Lakin təəssüfedici məqam odur ki, Azərbaycanı daxildən parçalamaq istəyən, milli ruhu sarsıdaraq həmrəyliyimizə qarşı çıxan və xaricdən maliyyələşən qüvvələr ermənilər üçün baza məlumat funksiyasını həyata keçirirlər. Onlar xaricdə oturub xalqı sosial şəbəkə arxasından idarə etməyə çalışan fiqurlardır. Onlar kütlə üçün həssas olan mövzulardan yapışıb bunu öz maraqları çərçivəsində istədikləri formada idarə edirlər. Onlar satqındırlar! Cəmiyyətin iradəsi zəif, savadsız qrupu da bilməyərəkdən həmin təxribatın iştirakçısına çevrilir.
Anlamaq lazımdır ki, bizə "orduxanlar" kömək olmaq istəmir. Ordumuzun Xanı o ordunu canı-qanı bahasına sərhəddə qoruyan Azərbaycan əsgəridir!
Mənbə: Mediapost.az