"Nikol Paşinyanın bu yaxınlarda baş tutan Moskva səfərindən sonra onun Azərbaycana aid bəyanatlarında fərqli tezisləri eşidirik. İki ölkə rəhbərinin görüşündə bu məsələ də müzakirə edilə bilərdi. Ən azı Azərbaycanın məqsədlərindən biri baş verənlərə anındaca reaksiya verməkdir".
Bunu Qaynarinfo-ya açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov Kopenhagendə keçirilən Avropa Siyasi Birliyinin 7-ci Zirvə toplantısı Azərbaycan və Ermənistan liderlərinin görüşünü şərh edərkən deyib.
"Vaşinqton görüşü ilə başlanan müsbət əhval-ruhiyyədən sonra Paşinyan tərəfindən belə məsələlərin gündəmə gəlməsi təbii ki, narahatedicidir. Yəqin ki, liderlər arasındakı görüşdə bu məsələ də müzakirə olunub", deyə Tofiq Zülfüqarov bildirib.
Həmsöhbətimiz Zəngəzur dəhlizi layihəsi üzrə bəzi hissələrin Avropa İttifaqı tərəfindən maliyyələşdirilməsi də istisna etməyib:
"Zəngəzur dəhlizindən başqa Naxçıvan ərazisindən gedən 50 kilometrdən çox yolların bərpası və inkişafı da nəzərdə tutulur. Bəzi məlumatlara görə, Aİ layihəyə investisiya yönəltməyi istisna etməyib. Ümumiyyətlə, postkonflikt dövründə müzakirə olunası məsələlər həmişə var. Çünki danışıqlar və təmaslar davam edir. Bu mənada bəzi məqamlarda dövlət başçıları arasında fikir mübadiləsinin olması da vacibdir".
Qeyd edək ki, oktyabrın 2-də Kopenhagendə keçirilən Avropa Siyasi Şurasında Azərbaycan Prezidenti İlham Əliyevin Ermənistan baş naziri Nikol Paşinyan ilə görüşü olub. Görüşdə tərəflər ABŞ Prezidenti Donald Trampın təşəbbüsü ilə keçirilmiş Vaşinqton Sülh Sammitində əldə olunan razılaşmaların əhəmiyyətini vurğulayıblar.
Onlar Ermənistan və Azərbaycan arasında sülhün daha da möhkəmləndirilməsi istiqamətində səy göstərməyə hazır olduqlarını bir daha təsdiq ediblər. Tərəflər həmçinin, regionda nəqliyyat kommunikasiyalarının faydalarını, Azərbaycan ərazisində infrastrukturun inkişafı ilə bağlı cari işlərin gedişatı və Ermənistan ərazisində TRIPP layihəsini müzakirə ediblər, Vaşinqton Bəyannaməsinin icrası ilə bağlı fikir mübadiləsi aparıblar.
Rüfət Sultan
Şərhlər