Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın Zəfər paradındakı nitqi zamanı söylədiyi bir bayatı Tehran rejimini narahat edib. Öncə İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif Twitter səhifəsində bir açıqlama yayaraq Rəcəb Tayyib Ərdoğanın çıxışına etiraz edib, ardınca Türkiyənin Tehrandakı səfiri İran Xarici İşlər Nazirliyinə çağrılaraq rəsmi etiraz bildirilib.
Yayılan məlumatlardan belə aydın olur ki, Tehran rejimini Ərdoğanın çıxşı zamanı oxuduğu şeir narahat edib.
Arazı ayırdılar,
Qan ilə doyurdular.
Mən səndən ayrılmazdım
Zülm ilə ayırdılar.
Qaynarinfo xəbər verir ki, politoloq Xaqani Cəfərli rəsmi Tehranın reaksiyasını məkrli hesab edir:
"İran rejimi bunu İranın ərazi bütövlüyü üçün təhlükə kimi qiymətləndirib. Bir bayatıdan bu qədər narahat olan Tehran rejimi özünü həqiqətən qüdrətli hesab edirsə, Qasım Süleymaninin, Möhsün Fəxrizadənin ölümünə görə niyə bu cəsarəti göstərmir? Axı Tehran rejimi bu ölümlərə görə acı intiqam alacağını vəd etmişdi. Tehran rejimi unudur ki, qüdrətli ölkənin ərazi bütövlüyü bayatı ilə təhlükəyə düşmür. Qüdrətli ölkənin ərazi bütövlüyü sərhədləri daxilində ölkənin önəmli şəxslərinin təhlükəsizliyini təmin edə bilmədiyi zaman təhlükəyə düşər.
Tehran rejiminin Azərbycanın öz ərazi bütövlüyünü bərpa etməsindən narahat olması Vətən müharibəsinin ilk günündən məlumdur. Tehran rejiminin Türkiyə Cümhuriyyətinin prezidenti Rəcəb Tayyib Ərdoğanın nitqinə etirazı da həmin narahatlığın davamıdır".
Politoloq Nəsimi Məmmədlinin fikrincə, İran regionda Türkiyənin fəal hərbi-diplomatik siyasətindən narahatdır:
"İran çoxmilyonlu soydaşlarımızın tarixi vətənidir. Ədəbiyyatımızda və folklorumuzda çoxsaylı belə nümunələr var. Bir millətin 200 il öncə baş verən ayrılığına səbəb Rusiyanın işğalıdır. İranın bundan narahat olması və öz narahatlığını belə obrazlı ifadə ilə təqdim etməsi yanlışdır.
İranın xarici işlər naziri Ərdoğanın səsləndirdiyi şeirdən bəhanə kimi istifadə edərək Azərbaycan Respublinınkasının ərazisini İranın tarixi torpaqları kimi ifadə etməyə çalışıb. İran bu gün regional əməkdaşlıqda hamıdan çox maraqlı olmalıdır. Əks halda bu onun arzulamadığı çox güclü xarici oyunçuların regiona daxil olması üçün əlavə zəmin yarada bilər.
Başqa tərəfdən isə Azərbaycanda Türkiyənin artan hərbi-siyasi nüfuzu İranda yaşayan çoxmilyonlu türklər üçün də psixoloji təsir yaradır. Eyni zamanda İsrailin və Türkiyənin hərbi sənayesinin Azərbaycanda yüksək səviyyəli tətbiqi və reklamı da İranı qıcıqlandırır”.
Orxan Əhmədli
Şərhlər