
Rüfət Baxışbəyli
Ən böyük Müsavat, başqa böyük yox!
"Keçmişini bilməyən bu gününü dərk edə bilməz" həqiqəti bayağı olduğu qədər də acıdır. Kişilər illər boyu qılınc və qələm çaldılar, amma nəticədə keçmişindən xəbərsiz bir nəsil yetişdi. Lakin elə həmin nəslin içindən böyüyünü-kiçiyini, xilaskarını-xəyanətkarını tanımaq istəyənlərin sayı, xoşbəxtlikdən, kifayət qədərdir...
Bilməli olduğumuz keçmişimizin içində ən öndə duranlardan biri Müsavat, onun yaranışı, fəaliyyəti, Azərbaycanın Milli İstiqlalında rolu, ölkəyə verdiyi töhfələr, bəxş etdiyi şəxsiyyətlər olmalıdır. Azərbaycanın Milli İstiqlal tarixində Müsavat Partiyası ən önəmli yerdə durur.
1911-ci ildən fəaliyyətə başlayan Müsavat Partiyası az zaman kəsimində geniş xalq kütləsini özünə cəlb etmiş, məfkurəyə, ideolojiyə hədsiz bağlılıq ənənəsini rəmz halına gətirə bilmişdir. Fəaliyyətə başladıgı gündən Partiyanın yaradıcısı və İstiqlalımızın memarı M.Ə.Rəsulzadənin yazdığı kimi “Azərbaycan davası”nın ilhamçısı və təkanverici qüvvəsinə çevrilmiş və bu tarixə qədər Azərbaycan tarixində milləti qaranlıqdan qurtarmağa çalışan işıqlı şəxsiyyətlər yetişdirmişdir.
İllərdir Məhəmməd Əmin Rəsulzadə irsi öyrənilir, müsavatçılıq ideoloji olaraq yaşayır və nəsildən nəslə ötürülür. Yetişdirdiyi şəxsiyyətlər Müsavat ideoljisini bizlərə qədər gətirib çıxarmış və bü günə qədər fəaliyyətləri ilə örnək olmuş dəyərli siyasətçilərdir. Şərqin ilk demokratik cümhuriyyətini yaradan, demokratik ənənələri partiyanın əsas prioriteti edən Ulu öndər M.Ə.Rəsulzadədən sonra Müsavatın mühacirlik dövründə partiyaya bir-birinin ardınca başqanlıq etmiş Mirzə Bala Məmmdəzadə, Kərim Odər, Məhəmməd Azər Aran ömürlərinin sonuna kimi İstiqlal Davasına sadiq olduqlarını sübut etmiş və Müsavatı ümumazərbaycan təşkilatı kimi Vətənə qaytarmağa çalışmışlar və bacarmışlar.
1992-ci ildə partiyanın Azərbaycanda bərpasından sonra başqanlığı təhvil alan İsa Qəmbər müsavatçılıq ideolojisini layiqincə qorumuş, inkişaf etdirmiş və bu günümüzə qədər daha güclü bir şəkildə gətirib çıxara bilmişdir. İsa Qəmbərin rəhbərlik etdiyi Müsavat ölkə tarixində ən mühüm hadisələrin mərkəzində olub öz sözünü deyən, gündəm dəyişən, gələcəyini müəyyənləşdirən və birmənalı olaraq siyasi məkanda söz sahibi olan bir partiyaya halına gətirildi. İştirak etdiyi bütün seçkilərdə xalqın əksər səslərini alan (nəticələr saxtalaşdırılsa belə) və bu gün də ölkədə Ana müxalifət imicini qoruyub saxlayan partiya olaraq fəaliyyətimizi davam etdirməkdə, analoqu olmayan bir rejimə qarşı mübarizədə həmişə aparıcı mövqedə olmağımızda İsa Qəmbərin müstəsna xidmətləri var.
İsa Qəmbərin ən böyük xidməti isə ətrafında müsavatçılıq ideologiyasına, İstiqlal Davasına sadiq olan güclü bir komandanın formalaşdırmasındadır. İsa Qəmbər fəaliyyəti ilə böyük bir məktəb yaratmışdır – İsa Qəmbər məktəbi. Müsavatın 100 illik tarixi, Rəsulzadə irsi necə araşdırılırsa, illər sonra İsa Qəmbər irsi də araşdırılacaq və gələcək nəsillərə örnək olacaq. İsa Qəmbər indi də Müsavatda yeni bir ənənənin əsasını qoyur – Müsavat başqanının iki dəfədən artıq seçilə bilməməsi ənənəsini. Çox yaxın zamanda Müsavat Partiyası yeni – altıncı başqanını seçəcək və bu, ondan əvvəlki başqanın sağlığında baş verəcək. Biz müsavatçılar Müsavat ideologiyasına, İstiqlal Davasına sadiq olan siyasətçini başqan seçməliyik. Bu posta Müsavat Partiyasında layiq olanlar çoxdur. Müsavatın böyüklüyü də məhz bundadır. Amma biz ən layiq olanı seçməliyik. Mən Müsavatın son iyirmi ilini araşdıraraq seçimimi etmişəm. Seçimim Arif Hacılıdır.
Niyə məhz Arif Hacılı?
Arif Hacılı illər ərzində özünün liderlik, təşkilatçılıq, dönməzlik xüsusiyyətləri ilə həmişə öndə olub. Arif Hacılı hazırcavablığı, siyasi plüarilizmə açıqlığı, səmimiyyəti ilə seçilib. Arif Hacılı Milli Azadlıq Hərəkatının öncüllərindən, liderlərindən olmaqla yanaşı, gənc yaşlarından idarəçilik xüsusiyyətləri ilə fərqlənib. Arif Hacılı əqidədaşlarının dar günündə hamıdan öncə özünü çatdıracaq qədər diqqətli bir dost və məsləkdaş olub.
Arif Hacılı mübarizliyi, apardığı mübarizədə əyilməzliyi, savaşın önündə olmaq xüsusiyyətləri, mübarizə yoldaşlarını müdafiə etmək bacarığı, dostlarını qorumaq məqsədilə bütün zərbələri öz üzərinə götürə bilmək cəsarəti, hər şeyi öz adı ilə çağırmaq qabiliyyəti və ölkəmizi əslində işğal etmiş korrupsioner əliyev rejiminə qarşı mübariz mövqeyi danılmazdır. Məhz bu və sadalamadığım digər qabiliyyət və bacarıqlar Arif Hacılının Müsavat Partiyasına başqan seçilməsinə ən layiqli edir.
Dəyərli əqidədaşlarım, əgər bizi Müsavatın gələcək taleyi düşündürürsə, əgər biz Müsavat Partiyasının Rəsulzadədən bu günə kimi bizlərə təmiz adı, ləyaqətliliyi, azərbaycançılığı, mübarizliyi və dönməzliyi ilə gətirib çatdıran başqanlarımızın yolunu davam etdirmək və bizdən sonra gələcək nəslə öz ideologiyasına, İstiqlal Davasına sadiq daha güclü bir partiya kimi ötürmək istəyiriksə, istiqlalçı millət vəkili, Milli Azadlıq Hərəkatının liderlərindən olmuş, fəaliyyəti dövründə “gah meydana, gah zindana girmiş” və həmişə İsa Qəmbərlə birlikdə rejimə qarşı barışmaz mövqedə olmuş Arif Hacılıya səs verək. Müsavatın gələcəyi bizim əlimizdədir. Gələcəyimizə səs verək və qalib olaq! Ən böyük Müsavat, başqa böyük yox!