Xəbər lenti

Bir qadın darıxırsa, günahkar mütləq bir kişidi...
Ölkə14:16 08.03.2013

Bir qadın darıxırsa, günahkar mütləq bir kişidi...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Jalə İSMAYIL

Doğrudan qəşəng gündü. Səni məhz qadın olduğun üçün təbrik edirlər. Çox əyləncəli səbəbdi. Qadın olduğunçün təbrik almaq... Vallah maraqlıdı...

Heç dəxli yoxdu bu bayramın tarixi haradan gəlir, kim gətirir, niyə gətirir. Klara xanımın sayəsində belə bir gün var və biz xüsusi bir havada oluruq həmin gün.

Ən qəşəngi odu ki, kişilər bu günü istəsələr belə unuda bilmirlər. Əslində unutmaq da istəmirlər. Ah-of eləmək xasiyyətləridi. Guyamış yəni...

Ölkəmdə nə qadınlar var. Rüşvət daşıyan, şəhid oğlunu ağlayan, oğlunu ölkədən qaçıran, sevgiyçün mübarizə aparan, nifrətdən partlayan, şeytana papış tikən, gözünü ərinin yoluna dikən, özünə od vuran, dünyanı oda salan, ümidli, ümidsiz, qaraşın, sarışın... bir qazanda qaynatsan, əti ətinə qarışmayacaq qadınlar var. Amma onların hamısını təbrik edən tapılır. Hamısı qadındı...

Qadınçün hədiyyəmi? Onu qadın yarandığına peşman etməmək. Bu, yetər. Qadın olmaqdan zövq almaq qadına yetər.

Çoxdan yazmışdım bu şeiri. Bu gün yadıma düşdü. Ölkəmin cürbəcür qadınlarına balaca hədiyyə olsun.


Qadın portretləri

qadın portretlərini həmişə kişilər çəkər...
sevgi və nifrət fırçalarını
gülüşə batırıb,
göz yaşında yuyub...

bax, biri var burda...
yandırdığı körpünün tüstüsündən yaşarmış gözlərini
hisli əlləriylə silir,
sonuncu kibrit çöpünü
atır dibsiz uçuruma -
o tay öldü onunçün...

...sonra da dizlərini qucaqlayıb
oturur sakitcə,
bir ömür boyu
o taya baxmağa...

...çoxdan barışıb,
sevib və barışıb
dünyanın spirt qoxulu havasıyla
nəfəs almağa...

kandardakı sərxoşun
xumar gözləri,
qırıq-qırıq sözləri,
laübalı təbəssümü:
“neynim, mən beləyəm…” – deyir peşmancasına…
tərli boyuna dolanmış isti, yumşaq qollar,
pırtlaşıq saçlarda oynayan barmaqlar,
sərxoş nəfəsə qarışmış nəfəs:
“neynim, mən də beləyəm…” – deyir hamının acığına...

...buzda sürüşüb yıxılmağını da
uğursuz ilk sevgisinə bağlayan bu qadınsa
Yazıçılar Birliyinin qarşısında üsyan edir:
 
“sevgi var, var, var” – dediniz,
“sevgisiz yoxuq” – dediniz,
aldadıb, sonra güldünüz,
lənətə gəlmiş şairlər...

...busa mümkünsüz bir eşqin
şair elədiyi biçarədi,
üzü pəncərəyə
payız yağışıyla girib yarışa:

“qışda payızdan yazmaq,
yayda yazdan,
yazda məhəbbətdən,
payızda səndən -
ömür boyu qəmdən yazmaq,
qəmdən...”

...biri elə xoşbəxtdi ki!
iclasda oturub iynə üstə oturmuş tək,
saniyələri sayır aramsız...
vecinə deyil müdirin danlağı, qışqırığı,
küncdəki çaydanın:
“qaynadım! qaynadım!” fışqırığı...
“məni bu dəm sənə qovuşduracaq
hər şeyə razıyam,
ölümə belə!” - yazır qarşısındakı
dama-dama bloknota,
gözləri yol çəkir dola-dola...

...biri də var bu salonda...
çarəsiz xəstəliyini yoluxdurmamaq üçün dünyaya
içindən çölə çıxmır...
 
gücü bircə ona çatır düşünsün ki,
bir qadın darıxırsa,
günahkar mütləq bir kişidi...
varlığı, bəlkə yoxluğu,
sözü ya da sözsüzlüyü,
etdikləri və etmədiklərilə
günahkardı bir kişi…
...bu salondakı qadınların hamısı eyni qadındı əslində
yeganə arzusu gözlərinə yazılmış:
 “ən yaxşı rəssamın
ən xoşbəxt rəsmi olaydım...”