"Bişkek görüşünün baş tutması ehtimalı yüksək deyil. Çünki Ermənistan tədbirdə XİN müavini ilə təmsil olunacaq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Əlimusa İbrahimov Rusiya rəsmilərinin MDB-nin Bişkek sammiti çərçivəsində Azərbaycan, Ermənistan və Rusiya XİN rəhbərləri səviyyəsində görüşün ola biləcəyi barədə açıqlamasını şərh edərkən deyib.
Əlimusa İbrahimov bildirib ki, Bişkekdə Azərbaycan və Ermənistan XİN rəhbərləri arasında görüşün keçirilməsi təşəbbüskarı Rusiyadır:
"ABŞ və Avropa İttifaqının bu istiqamətdə son zamanlar atdığı addımlar fonunda Moskva da həmin istiqamətdə fəaliyyətini artırmağa cəhd edir. Kreml MDB-nin Bişkekdəki sammitindən istifadə edərək xarici işlər nazirlərinin görüşünü təşkil etmək istəyir. Rusiya belə bir görüşün olmasında maraqlıdır. Amma onun baş tutub-tutmayacağı hələlik sual altındadır. Ermənistan artıq həmin sammitdə xarici işlər naziri səviyyəsində deyil, müavin səviyyəsində iştirak edəcəyini bəyan edib. Bu isə o deməkdir ki, Bişkekdə keçirilməsi ehtimal edilən üç ölkə xarici işlər nazirlərinin görüşü baş tutmayacaq”.
Qeyd edək ki, Rusiyanın XİN rəhbərinin müavini Mixail Qaluzinin mətbuata açıqlamasına görə, Qırğızıstanın paytaxtı Bişkekdə Rusiya, Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilə bilər. O, bildirilib ki, sözügedən görüş oktyabrın 12-si Bişkekdə MDB sammiti çərçivəsində baş tuta bilər.
Rüfət Sultan