Ölkə 10:37 03.12.2022

"Biz Bizə” restoranında nə baş verib? - Bu dəfə müştəri restoran sahibindən şikayətçidir

Bakıdakı fəaliyyət göstərən "Biz Bizə” restoranı yenidən gündəmə gəlib.

Qaynarinfo-un məlumatına görə, bu dəfə restoran sahibi ilə müştəri arasında qalmaqal baş verib. 

Belə ki, oktyabrın 25-də "Biz Bizə” restoranının sahibi Ərdal adlı şəxsin müştəri Camalı (şərti) "Instagram” sosial şəbəkəsində təhqir etməsi barədə Bakı şəhəri Nizami Rayon Polis İdarəsinin 25-ci Polis Şöbəsinə şikayət edilib.

Oktyabr 27-də isə restoranın sahibi DİN-nin 102 xidmətinə zəng, Nizami RPİ-nin 25-ci PŞ-nə ərizə ilə müraciət edərək, müştərinin ona şər-böhtan atması, "Instagram" səhifəsində canlı yayım açaraq, restoran barədə yalan məlumat yayması barədə məlumat verib.

Nizami RPİ-nin 25-ci PŞ-nin təhqiqatçısı Ramal Quliyevin 4 noyabr tarixli qərarı ilə müştəri və restoran sahibinin qarşılıqlı şikayət ərizələri əsasında toplanmış material Nizami Rayon Məhkəməsinə göndərilib. 

Məhkəmə hesab edib ki, xüsusi ittiham qaydasında verilmiş qarşılıqlı şikayət ərizələrinə eyni icraatda baxmaq mümkün deyil və tərəflər ayrı-ayrılıqda xüsusi ittiham qaydasında şikayətlərlə məhkəməyə müraciət etməlidir.

Məhkəmə Cinayət Məcəlləsinin 147-ci maddəsi ilə xüsusi ittiham qaydasında verilmiş şikayətlər üzrə məhkəmə baxışının keçirilməsindən və şikayətin icraata qəbulundan imtina edib.

Qeyd edək ki, bir müddət əvvəl "Biz Bizə” restoranında hesabı ödəyə bilməyən dava-dalaş saldığı üçün 10 sutka həbs cəzası almışdı.

Əhməd