Çarəsizlik içində olan Kreml "tayqa birliyinə" sürükləyə bilmədiyi qonşularını saga-sola təhdid etməyə çalışır. Lakin artıq dünyada heç kim Kremli ciddi qəbul etmir və bu, oradakı "sakinləri” daha da hiddətləndirir. Putin qruplaşmasının ixtiyarında yeganə kozır var - nüvə silahı, lakin bu da Vladimir Putinə əsas məqsədinə - Ukrayna müharibəsində qalib gəlməyə kömək etməyəcək. Politoloq və publisist Andrey Piontkovski belə hesab edir.
Qaynarinfo xəbər verir ki, onunla ukraynalı jurnalist, "E pitanya” YouTube kanalının baş redaktoru və aparıcısı Olena Tribuşnaya
danışıb.
Və qeyd edək ki, müsahibə Boris Consonun istefasından əvvəl götürülüb.
- Kremldə nə baş verir? Deyəsən, başlarını itiriblər. Gah Qazaxıstana qarşı sanksiyalar tətbiq edirlər, gah da Sankt-Peterburqdakı forumda Tokayevin bəyanatlarına barmaq silkələyirlər. Onlar Litvanı tranzitə mane olduğu üçün hədələyirlər. Onlar bütün cəbhələrdə döyüşməyə hazırdırlar, yoxsa sadəcə blef edirlər?
- Bilirsiniz, artıq onlardan heç kim qorxmur və onları ən çox hiddətləndirən də budur. Amma bu, Ukrayna xalqının qəhrəmanlıq mübarizəsinin nəticəsidir, o, bütün postsovet məkanını azad edib. Qazaxıstan liderləri heç vaxt Putinlə cənab Tokayev kimi tonda danışmamışdılar. Nəzərə alın ki, onlar yeganə rəsmi müttəfiqdir. Ukrayna Maydanının necə başladığını xatırlayırsınız? Onlar var gücləri ilə Ukraynanı özlərinin Rusiya, Qazaxıstan və Belarusdan ibarət "tayqa birliyinə” sürükləyirdilər.
Litva ilə bağlı məsələdə sizinlə razı deyiləm. Hədələri bir axşam çəkdi, əməlli-başlı qorxudurdular – bu dəli Zaxarova və onların zırrama sifətli nazir müavini var (Sergey Ryabkov – red.), Lavrovun yerinə əyləşmək istəyir və ona görə də hər zaman dəli-dəli bəyanatlar verir. Dekabrda "əşyalarınızı götürün və rədd olun burdan” deyən o idi. O, bu dəfə isə "İndi biz Litva ilə diplomatik yox, praktiki üsullarla hərəkət edəcəyik” deyib. Düşündü ki, bütün dünya qorxacaq, Litva diz üstündə sürünəcək, Bayden Putinə zəng edəcək. Xeyr, belə olmadı. Vaşinqtondan çox sərt bəyanatlar gəldi - Litvanın ərazi bütövlüyünə ən kiçik müdaxilə ilə NATO-nun beşinci maddəsinin işə düşəcəyini bildirdilər. Mən Qərb siyasətçilərinin bütün bəyanatlarını diqqətlə izləyirəm və görürəm ki, onlarda nəsə rahatlıqlar yaranıb. Onlar bir neçə ay əvvəl Stoltenberq kimi "Şimali Atlantika Alyansı üçün ən vacib şey eskalasiyanın və Üçüncü Dünya müharibəsinin qarşısını almaqdır” deməkdən, qeyd-şərtlər irəli sürməkdən yorulublar. Onlar Putinin qarşısında geri çəkilməkdən yorulublar və məndə belə bir hiss var ki, Tokayevdən tutmuş Baltikyanı respublikalara qədər hamı onun sifətinə ilişdirmək istəyir.
- Tokayev ona görə belə cəsarətlidir ki, Simonyanın sualına məhz bu cür cavab vermək məcburiyyətində qalıb, yoxsa arxasında Çinin dəstəyini hiss edir və ona görə də Rusiya ilə mübahisəyə girə bilir?
- Söhbət təkcə bu məsələdən getmir ki. O, bütün məsələlərdə Putinə qarşı çıxıb və Putini izləmək mənim peşəm olduğu üçün I Pyotr kimi bütün torpaqları necə geri qaytaracağı, qonşuların necə müstəqillik qazanıb, lakin təşəkkür belə etmədiyi barədə imperiya cəfəngiyyatını daşıyanda bütün bunları izləməli oldum. Tokayev "daş üzlə” oturmuşdu, sanki qəzəb içində idi. O, çox gözəl başa düşür ki, Moksva imperiyasının qonşular haqqında, ərazilərin qaytarılması ilə bağlı bütün bu söhbətləri həm də uzun müddət gözünü dikdiyi Qazaxıstanın şimal rayonlarına da aiddir. Və bütün suallara əsaslı şəkildə cavab vermək qərarına gəldi. Düz deyirsiniz, o, demək olar ki, hər abzasda "biz burada yoldaş Si ilə”, "biz Çin Xalq Respublikası ilə” belə düşünürük və sən Putin, sən heç kimsən. O, Putinlə təxminən belə danışıb. Uzun müddətdir heç kim onunla belə danışmamışdı.
Litvalıları götürün - onlar sanksiyalarla bağlı qərarı formal olaraq həyata keçirirlər, lakin heç kim onları bu qərarı elə şərh etməyə məcbur etməyib. Razılaşın, onlar qəsdən belə eskalasiyaya getdilər. Bu, mənim əvvəldə qeyd etdiyim tendensiyanı əks etdirir - heç kim Putindən qorxmur. Birincisi, keçmiş postsovet məkanının bütün xalqları müstəqil olmaq istəyirlər, bundan əlavə, Tokayevə Çindən, Litvaya NATO-dan və Putini çoxdan cəhənnəmə göndərən Əliyevə Türkiyədən dəstək var. Yalnız bir qəhrəman Ukrayna Putinlə təkbətək döyüşməyə cəsarət etdi. Bütün dünya, xüsusən də postsovet ölkələri Putinin ciddi ordusunun belə olmadığını, hətta səkkiz il əvvəl faktiki olaraq mövcud olmayan və köhnə sovet silahları ilə silahlanmış Ukrayna ordusunun rus qoşunlarının Kiyevdən, Çerniqovdan geri atmasını və ən azı Donbasda onlarla başa-baş mübarizə apardığını sevinclə qarşıladı. Müasir Qərb silahlarının alınması ilə Ukrayna ordusu şübhəsiz ki, əks hücuma keçəcək. Bunu bütün hərbi ekspertlər, siyasi liderlər və sadə insanlar görür ki, Putinin ehtiyatında heç nə yoxdur.
Putinin son kartı vuruldu. Bu, Ukraynaya de-fakto kapitulyasiya təklif etmək üçün İtaliya planı ilə Sülh Partiyasından kapitulyantlar üçlüyünün səfəri idi. Putin Kiyevi zorla ala bilməyəcəyi, hərbi yolla Ukrayna dövlətini məhv edə bilməyəcəyini gördü və buna nail olmaq üçün yeganə şans ona mənəvi cəhətdən yaxın olan Qərb güclərinin köməyi idi. Məsələ onda deyil ki, Makron və ya Şolts Kremlin agentləridir. Xeyr, məsələ daha ciddidir. Həm Fransa, həm də Almaniya öz geosiyasi maraqlarına görə Ukraynanın qələbəsində və Putinin məğlubiyyətində maraqlı deyillər, çünki onlar Qərblə Kreml arasında imtiyazlı vasitəçi statusundan istifadə edirlər və bundan fayda götürürlər: almanlar böyük iqtisadi üstünlüklər, fransızlar isə "grandeur de la France" - onlar hər zaman böyüklüklərindən danışırlar. Beləliklə, Putinin aqressiyasını ört-basdır etmək funksiyasını yerinə yetirirlər. Prezident Sarkozinin Moskva və Tiflisə sülh haqqında kağız parçası ilə qaçdığını xatırlayırsız? Olland və Merkel 2014-2015-ci illərdə Kiyevdə sizinlə necə rəftar ediblər, sanki Putinin işğalını hansısa beynəlxalq müqavilələrlə leqallaşdırırlar. Makronun indi etmək istədiyi məhz bu idi, lakin o, elə bir cavab aldı ki, mətbuat konfransında bu planla bağlı ağzını açmağa belə cəsarət etmədi, əksinə, demək olar ki, general Ostinin sözlərini təkrarladı: Ukraynanın qələbəsi, onun ərazi bütövlüyünün bərpası. Bu kartın itirilməsi Putini tam çılğınlığa sürüklədi. Siz haqlı olaraq söhbətimizə Moskvanın yeni isterik vəziyyəti ilə başladınız.
- Deyəsən, Rusiya indi elə bir vəziyyətdədir ki, artıq bacardığı hər şeyi edib, sonra yenə də nəsə etmək lazımdır, ona görə də onlar ora daş atırlar, bura daş atrırlar, birdən nəsə alınar. Başqalarının səbrini sınayırlar, amma hələ ki, heç nə alınmır, ümid etdikləri yerdə belə boşluq tapa bilmirlər.
- Dəhşətlisi odur ki, onlar məhvə məhkumdurlar. İndi bunu hamı görə bilər, bunu görmək üçün hərbi ekspert olmaq lazım deyil. Onlar artıq çarəsizdirlər və sadəcə olaraq terrorçu kimi davranırlar. Onlar həmçinin şəhərlərin, infrastrukturun və yaşayış məntəqələrinin bombalanmasını, atəşə tutulmasını gücləndirdilər. İndi onların bir işi qalıb - Ukrayna xalqına mümkün qədər çox əziyyət vermək, mümkün qədər çox insanı öldürmək, mümkün qədər çox infrastrukturu məhv etmək. İndi etdikləri budur və Ukrayna ordusunun qələbəsindən başqa onlara heç nə mane ola bilməz, ona görə də Qərbə bütün etdiklərinə və daha sərt mövqeyinə görə minnətdarıq, lakin şüarımız dəyişməz olaraq qalır: daha çox, daha çox, daha çox yeni müasir silahlar, daha tez, daha tez, daha sürətli.
- ABŞ Konqresində F-15, F-16 döyüş təyyarələrinin istifadə edilməsi üçün ukraynalı pilotların hazırlanması ilə bağlı qanun layihəsi qeydə alınıb. Sizcə, döyüş təyyarələrinin özlərinin sonda pilotlara təhvil veriləcəyinə işarə kimi qəbul etmək lazımdırmı?
- Bütün bunlar qanunda yazılıb. Lend-lizə dair qanun qəbul edilən zaman hamımız ekranlarda gördük, hər şey planlaşdırılıb, bütün məqamlar, o cümlədən F-16. Yəni, bu, artıq ABŞ-da qanundur və təbii ki, bu, onun praktiki həyata keçirilməsidir. Onlar Ukraynanın ən yaxşı dostu Boris Consonun yolu ilə gedirlər, o da bu xətti qeyd etmişdi - silahla təmin etmək kifayət deyil, Ukrayna hərbçiləri üçün təlim sistemi, təlim konveyeri təşkil etmək lazımdır. HIMARS sistemləri ilə də belə oldu. Sonuncu Ramşteyn toplantısında elan olundu ki, altı ukraynalı hərbçidən ibarət ilk qrup bu MLRS-ləri mənimsəyib və onlarla birlikdə birbaşa döyüş meydanına gedib. Eyni şey təyyarələrlə də olacaq. Xatırlayırsınız, Conson təlim proqramını başlatdı. Gec də olsa, istədiyimiz qədər tez və geniş miqyasda olmasa da, lakin Qərb buna baxmayaraq, bu işə qarışdı və artıq psixoloji və mental olaraq başa düşdü ki, bu, həm də onun müharibəsidir, Ukrayna təkcə özünü deyil, bütün dünyanı, bütün Qərb sivilizasiyasının azadlığını müdafiə edir və bu, təkcə mənəvi öhdəlik deyil, bu həm də həmin dövlətlərin milli təhlükəsizliyinin nəzərə alınmasıdır - Putin Rusiyası məğlub edilməlidir.
- Siz Britaniyanı qeyd etdiniz. Orada bu yaxınlarda komandanlıq səviyyəsində hərbçilərə xəbərdarlıq edilib ki, onlar Avropada döyüşməyə hazırlaşsınlar. Necə düşünürsünüz, iş o yerə çata bilərmi ki, Britaniya, NATO və ya ayrı-ayrı dövlətlərin qoşunları Ukrayna ərazisində döyüşsün?
- Siz düzgün vurğuladınız "Britaniya və ya NATO”, çünki görürük ki, Britaniya NATO-nun üzvü olsa da, bir qədər fərqli mövqedədir. Təxminən bir aya yaxındır ki, Conson bir ideyanı irəli sürür və mən bilirəm ki, bu ideya pərdə arxasında irəliləyir, söhbət yeni hərbi ittifaqda gedir və o, bu ölkələri sadalayır- Britaniya, Ukrayna, Polşa və Baltikyanı ölkələr. Soruşmaq olar ki, əgər bütün bu ölkələr NATO üzvüdürsə və Ukrayna NATO üçün döyüşən yeganə ölkədirsə, yeni ittifaqın yaradılmasına nə lüzum var? Çünki bu ölkələrlə yanaşı, NATO-ya eyni zamanda Almaniya, Fransa, İtaliya daxildir - məlum səbəblərdən Ukraynanın qələbəsi üçün canfəşanlıq etmək istəmirlər. Həm də Macarıstan var, başda fırıldaqçı Orbanı ilə. Ona görə də bir qurum olaraq NATO konsensusla fəaliyyət göstərdiyi üçün müəyyən dərəcədə iflic vəziyyətindədir. Conson niyə yeni hərbi ittifaq təklif edir? Hərbi ittifaq döyüşmək deməkdir.
Və belə səslər təkcə İngiltərədə səslənmir. Polyaklar ən azı Ukraynanın qərbi əraziləri üzərində hava və raket əleyhinə müdafiə məsələsini çox ciddi müzakirə edirlər. Conson Putinin növbəti nüvə şantajı zamanı demişdi ki, Britaniya Ukrayna üzərində praktiki olaraq nüvə çətiri yaratmağa hazırdır. Əgər Putin Ukraynada nüvə silahından istifadə edərsə, Conson onu qisas alacağı ilə hədələyib. İngiltərə, Polşa və Baltikyanı ölkələr Ukrayna tərəfində müharibədə real iştirak məsələsini ciddi şəkildə müzakirə etməyə hazırdırlar.
- Sizcə, Conson "sülhməramlılar”dan (Makron, Şolts və Draqi nəzərdə tutulur-red.) sonra Kiyevə mümkün ittifaqla bağlı məsələlərə görə gəlmişdi, yoxsa onların burada axmaq şeylər etmədiklərinə əmin olmaq istəyib?
- Onun Ukraynanın bu "sülhməramlılara” layiqli cavab verəcəyinə şübhəsi yox idi. O, hazır yerə gəldi - burada sülh planı rədd edildi, müharibə planı da müzakirə olunurdu və o, hərbi kadrların hazırlanması ilə bağlı çox ciddi təkliflə çıxış etdi və əminəm ki, əsl hərbi ittifaqdan söhbət gedirdi. Mən bunu artıq dəfələrlə demişəm, hətta təkrarlamağa utanıram: Britaniya indi öz tarixi gəncliyini yaşayır, onlar Hitlerlə təkbətək vuruşduqları 1940-cı illəri xatırlayırlar, diktatorla təkbətək döyüşən Ukraynanı yeni Britaniya kimi görürlər. Ona görə də onlar Ukraynaya qarşı hətta ABŞ-dan da çox xeyirxahdırlar. Onlar döyüşməyə hazırdırlar.
- Görünür, Kreml Lukaşenkonu müharibəyə sürükləyəcək. Bu, hansısa ölkənin bizi müdafiə etməyimizə kömək etməsi üçün səbəb ola bilərmi?
- Əminəm ki, sizin bu arqumentinizi Lukaşenko indi Putinə "satır”: "Vladimir Vladimiroviç, lazım deyil. Axı mən qoşulsam, vəziyyət gəlizləşəcək..." Biz bilirik ki, Lukaşenko Ukrayna xalqını sevdiyi üçün yox, qorxduğu üçün döyüşmək istəmir. O, sosioloji sorğuların nəticələrini bilir, Belarus hərbçiləri arasında 85% iştirakın əleyhinədir. O hələ bilmir ki, birinci kim onu öldürəcək: Putin - Ukrayna ilə döyüşməkdən imtina etdiyinə görə, yoxsa öz hərbçiləri - onları döyüşə göndərəndə. O, çox çətin vəziyyətdədir və mənə belə gəlir ki, Putin onu məcbur edə bilməyəcək. Putinin, hətta ondan əvvəl Yeltsinin dövründən də bəri 25-30 ildir ki, onu Minsk "vilayət komitəsinin katibi” olmağa məcbur etməyə çalışırlar və - həmişə birtəhər bu vəziyyətdən çıxa bilib. Hiss edirəm ki, bu dəfə də vəziyyətdən çıxacaq.
Onların dediklərini nəzərə alsaq, onlar öz sözlərinin arxasında durmalıdırlar - onlar Litvaya diplomatik deyil, praktiki, yəni hərbi vasitələr tətbiq edəcəyinə söz veriblər. Yaxşı, əgər sən belə mənəm-mənəm deyən oğlansansa, get, Suvalk dəhlizinə doğru irəlilə, Belarusdan qardaş Kalininqrada yol aç. Bu, baş komandan üçün layiqli məqsəddir. Əminəm ki, Putinin ağlına gələn ilk fikir budur: dəhlizi yarmaq, Lukaşenko ilə razılığa gəlmək lazımdır. Təbii ki, az-çox hələ də ağlı başında olan hərbi rəhbərlər onu bundan çəkindirir, amma onun indi hansı vəziyyətdə olduğunu görmək olar. Ola bilsin ki, siz bizim bu Hitlerimizin və Mussolinimizin müharibə planlarını az qiymətləndirirsiniz. Ola bilsin ki, onlar Belarusdan cənuba yox, Ukraynaya yox, Litvaya, NATO-ya qarşı çıxmaq üçün gedirlər.
- Sadəcə olaraq, bunu istisna etmirəm. Biz onları hər zaman aşağı qiymətləndiririk, biz həmişə onları olduğundan daha yaxşı hesab edirik.
- Amma heç kim onların hərbi imkanlarını yüksək qiymətləndirmir. Biz bu ordunu gördük – bu, ciddi düşməndir, bəli, çoxlu sayda Ukrayna vətəndaşını öldürə bilər, lakin NATO ilə toqquşma, Suvalk dəhlizinə sıçrayış NATO qüvvələrinin bir neçə saatlıq hərbi əməliyyatlar zamanı hər şeyi təmizləməsi deməkdir. Moskva isə bunu çox gözəl başa düşür. Mən bu mövzunu bir çox ukraynalı ekspertlərlə müzakirə edirəm və onlar bunu dilimdən tutdular ki, Putin Suvalk dəhlizindən keçməyə qərar versəydi, bu, əla olardı.
- Ən qısa müddətli müharibə olardı?
- Bəli, yüz HIMARS-ın çatdırılmasını, avqustda Xersonun azad edilməsini gözləməli olmazdıq - hər şey iyunun son bir neçə günündə həll olunacaqdı. Sadəcə olaraq Lukaşenkonu Ukraynaya itələmək bayağılıqdır, lakin onunla birlikdə Suvalk dəhlizindən keçmək layiqli məqsəddir. Gəlin ümid edək ki, bu baş verəcək.
- Avqustun ortalarına qədər Xerson və yüzlərlə HIMARS haqqında. Rusiyanın hələ də köhnə tanklarını bura atmaq, tabor səviyyəli taktiki qrupları yaratmaq imkanı var - bu, bir tərəfdən. Digər tərəfdən ilk HİMARS-lar bizə gəldi, sonrakılar nə vaxt gələcək? Güc balansı necədir? Bu texnikadan onlarda nə qədərdir?
- Balans Rusiyanın xeyrinədir, deyirlər ki, artilleriya 1:10 nisbətdədir. Onların belə bir üstünlüklə kiçik addımlarla irəliləməsi isə Ukrayna ordusunun hərbi bacarığından xəbər verir. Artıq dəfələrlə deyilib. Bizə HİMARS verin, təyyarələr verin, tanklar verin. Bütün bunlar olacaq. Kaş ki, bir ay əvvəl, daha da yaxşı olardı, bir neçə ay əvvəl olaydı. Bütün siyasi qərarlar Qərb tərəfindən verilib, Ukraynanın bütün siyasi qələbələri qazanılıb. Əvvəlki həftələr Ukrayna üçün bir sıra siyasi qələbələrlə əlamətdar oldu: bu, Makron-Şolts-Draqi sülh planının iflasa uğraması, bu, Consonun təşəbbüsləri, bu, Ramşteynin yeni qərarları və təlim konveyerinin işə düşməsi, HIMARS sistemlərinin göndərilməsi və s. idi. Bütün bunların fonunda, hətta çoxdan gözlənilən, bir vaxtlar uğrunda mübarizə apardığınız, Maydanla başlayan, Aİ üzvlüyünə namizədlik statusu yaxşı bir şeydir, bu, vacib simvolik addımdır, başqa bir şey deyil. Hazırda 100 ədəd HIMARS sistemi daha vacibdir.
- Rusiya Ukraynaya namizəd statusunun verilməsi qərarından qıcıqlanmalıdır. Onlar başa düşürlərmi ki, bunlar hamısı - bir vaxtlar xəyal etdikləri orbitdən çıxışın son addımıdır?
- Ukraynanın onların orbitini tərk etməsi faktını çoxdan başa düşüblər. Hesab edirəm ki, Putinin imperiya şüuruna daha çox mənəvi zərbə vuran Tokayev oldu. Bu, onlar üçün gözlənilməz idi və bu, çox ciddi məsələdir.
- Paradoksaldır ki, Putinin toxunduğu hər şey ancaq xarab olur və dağılır. Onun Belarusdakı vəziyyəti sarsıtması qalır ki, Belarus nəhayət arzuladığı Sovet İttifaqından ayrılsın.
- Belarusun ayrılması 2020-ci ildə baş verdi. Biz bu nümayişləri gördük, gördük ki, belaruslar Avropa xalqıdır. Bu və ya digər şəkildə daha bir diktotatoru aradan götürmək qalır. O, bu böhrandan sağ çıxmayacaq, demişəm: ya Putin onu öldürəcək, ya da öz ordusu. Və bütün postsovet məkanı rus imperiya ideyasından təmizlənəcək. Bu, ən böyük səhvdir. Rusların milli dövlət qurmaq şansı var idi, amma bir gün belə bununla məşqul olmadılar, bütün 30 il ərzində postsovet məkanına, imtiyazlı maraqlara, rus dünyasına, barbar imperiyasına hakim olmaq arzusunda oldular. Və bu, əvvəldən məhvə məhkum edilmiş bir ideya idi, çünki temperamentdən və ya hərbi qüvvələrin balansından asılı olaraq bütün postsovet məkanında müqavimətə səbəb olmaya bilməzdi. Bu ideyalar postsovet məkanında bir nəfəri də özünə cəlb edə bilməzdi.
- Putinin 22 illik hakimiyyətinin sonu görünür... Mən də sizdən xahiş etmək istəyirəm ki, nüvə çamadanının "daşıyıcısı” olan və özünü öldürməyə cəhd edən polkovnik Zimin hadisəsinə münasibət bildirəsiniz. Bu, sıradan bir hadisədir, yoxsa bunun arxasında başqa şeylər var?
- Düşünürəm ki, bu, ciddi hadisədir. Mənə Putinin nüvə silahından istifadə etməyə hazır olub-olmayacağı sualı veriləndə cavab verirəm ki, nüvə zərbəsinin həyata keçirilməsində ən azı 10 nəfər iştirak etməlidir, amma formal olaraq qanuna görə, üç nəfər yekdil əmr verməlidir. Üç əsas sima - Prezident, Müdafiə Naziri və Baş Qərargah rəisi. "Çamadan”la gəzən zabitlər daha çox nümayişkaranə şoudur. Sərəncamların verilməsi, kodların tətbiqi üçün xüsusi prosedurlar var, bunda çox adam iştirak edir və "biz cənnətdə olacağıq, onlar isə öləcəklər" fikrini bütün bu insanlar bölüşməlidir. Və yəqin ki, onların arasında heç olmasa bir normal insan tapılmalıdır. Düşünürəm ki, bu intihara cəhd bununla bağlıdır - yəqin ki, onlar hansısa təlim keçirdiblər. Məlumdur ki, 2012-ci ildə böyük qərargah oyunları zamanı Varşavaya nüvə zərbəsi endirərək NATO-ya qarşı müharibədə qalib gəliblər. Ola bilsin ki, hansısa texniki sınaqlar keçirilib və bəlkə də insan seçim qarşısında qalıb: ya bəşəriyyətin məhvinə görə məsuliyyət daşısın, ya da başqa qərar qəbul etsin. Çox dramatik hadisədir. Müharibədən sonra hər şey məlum olanda bu, Ukrayna və ya Hollivud blokbasterinin mövzusuna çevrilə bilər.
- Bəlkə kimsə ona "kömək” edib? Onlar sadəcə olaraq bu qərar qəbul etmə zəncirində müəyyən rol oynamış bir şəxsi aradan götürə bilərdilər.
- Yaxud həmkarları ilə müəyyən fikir ayrılığı olub. Bu yaxınlarda mənim Venediktovla proqramım var idi - mən Venediktovu həqiqətən çox yüksək qiymətləndirirəm ki, o, bu cinayətkarların çoxu ilə araq vurur və həmişə söhbətlərin məzmununu kifayət qədər adekvat şəkildə çatdırır. Çoxlarının ona qarşı münasibəti mənfidir, amma məncə o, çox müsbət funksiyanı yerinə yetirir. Məsələn, onun açıqlamaları mənə bir çox cəhətdən bir neçə şeyi aydınlaşdırmağa kömək etdi. Deməli, bu dəfə Xersonun azad edilməsindən danışanda o, Putinin Xersonu Rusiya dövləti üçün ekzistensial təhlükə kimi qəbul etmək cəhdinə reaksiya verəcəyini istisna etməyib, çünki bu, artıq onun fikrincə, Rusiya dövlətidir və nüvə silahından istifadə etməyə hazır olacaq. Venediktov təkbaşına bu fikrə gələ bilməzdi, o, vətəndaş cəmiyyətinin belə bir "agent” roluna görə böyük məsuliyyət daşıyır. Bu o deməkdir ki, belə söhbətlər aparılıb. Amma bu, onların çılğınlığının və çarəsizliyinin ölçüsünü bir daha göstərir. Tutaq ki, o nüvə bombası atır - siz bizim söhbəti bununla başladınız. Əsas sual budur: ondan sonra Putinin əlində nə qalır? Nüvə silahlarından başqa, belə çıxır, heç nə. Tutaq ki, o, Lvovu nüvə zərbəsi ilə məhv edir, bir milyon insanı məhv edir, bəs bu, müharibədə nəyi dəyişəcək? O, müharibədə qalib gələcəkmi? Müharibə tez bir zamanda dayandırılmalıdır və onlar Suvalk dəhlizini keçmək istəyərkən məhv olsaydılar, daha yaxşı olardı.
Tərcümə: Nizami Bağırov