
Bir neçə gündür ki, məni bir sual, bir məsələ ciddi narahat edir, yuxum da ərşə şəkilib, normal yata bilmirəm. Təbii ki, sifarişli, siyasi həbslər çox üzücüdür, insanın rahatlığını əlindən alır, amma məni düşündürən məsələ bütün bunların nəyə görə edildiyidir; məqsəd nədir, sonrakı addım, sonrakı səviyyə nə olacaq – bir sözlə, məntiqlı bir ardıcıllıq tapmaq istəyirəm. Fikirlərimi yazacağam ki, bir yerdə düşünək, bəsit olmayaq, komple teorilərini kənara qoyaq, arqumentlərlə danışmağa çalışaq:
1. İnsanın ağlına gələn ilk fikir budur ki, hakimiyyət Avrasiya İttifaqına gedir, bunun üçün də sivil toplumu, Qərb dəyərlərinin daşıyıcılarını susdurur, zindanlara doldurur. Amma, çox bəsit yanaşmadır:
a) Ölkədə bütün bu dəyərlərin daşıyıcılarının hamısını susdurmaq, zindanlara salmaq mümkün deyil,
b) Hakimiyyətin içındə belə bu dəyərləri daşımasa da, onlara hörmətlə yanaşan, ölkənin gələcəyinin sivil dünyanın yanında olmasını anlayan ciddi insanlar var,
c) Mən inanmıram ki, prezident başının üstündə Putinin, oliqarx-məmurlarımız isə hər hansı bir İvanın olmasına razı ola,
ç) Deməli, bir variant qalır ki, hakimiyyət daxilində əmrləri birbaşa Kremldən alan insanlar var ki, güclüdürlər, və Qərblə bütün körpüləri yandırmaqla prezidentə seçim imkanı vermək istəmirlər.
2. Ağla gələn ikinci ehtimal odur ki, hakimiyyət basqıları artıraraq, sivil toplumu əzərək, sonra Qərblə ciddi alver etməyi düşünür. Alver predmeti nə ola bilər:
a) Qərbdən onların banklarına və daşınmaz əmlaklarına yatırdıqları pullara və gələcəklərinə zəmanət,
b) Rusiyanı hirsləndirmədən NATO və AB ilə müxtəlif formatlarda ÖHDƏLİKLƏR GÖTÜRMƏDƏN sazişlərin imzalanması.
3. Üçüncü fikir odur ki, hakimiyyət qorxu, xof, basqı yaradaraq daxildən çıxan müxalif səsləri azaltmaqla ölkənin talanına davam etmək istəyir (az ehtimaldır, amma, yenə də yazdım).Mən bir vətəndaş, torpaqlarının işğal olunduğu bir azərbaycanlı olaraq hakimiyyətin repressiv və aqressiv siyasətini o zaman anlayaram ki, bunların son nəticədə necə bir dövlət qurmaq istədiklərini anlaya bilim. Məsələn, Çilidə Pinoçet diktatura quranda 3 min müxalifi, çox danışanı yığdı stadiona, güllələdi, minlərlə insanları zindana atdı, seçkiləri dayandırdı, amma, bununla yanaşı ciddi iqtisadi islahatlara getdi, ABŞ-dan gətirdiyi gənc çilili oxumuş kadrlarla ölkəsini inkişaf etdirdi. Bu gün Çili Latın Amerikasının ən çox inkişaf etmiş, tərəqqiyə nail olmuş, vətəndaşlarının yaxşı yaxadığı bir ölkədir.
Pinoçet 15 ildən sonra qarşısına qoyduğu məqsədlərə çatdı, sistem qurdu, sonra isə normal seçki keçirib hakimiyyəti sivillərə devr etdi. Mən demirəm ki, Pinoçet yaxşı insandır, qanıçən, basqıcı diktator idi, amma bir “vizionu” var idi, basqıların bədəli olaraq xalqa normal ölkə təhvil verdi. Ona qarşı açılan cinayət işlərində bir dənə də korrupsiya faktı tapılmadı, özü də, o tək müxaliflərə qarşı deyil, öz yaxın ətrafına qarşı da qəddar idi – korrupsiyada adı hallanan yaxın adamlarını dərhal həbs edirdi.
Ya da götürək müasir Sinqapurun banisi Lee Kuan Yew-nu, adam ilk növbədə öz ətrafını təmizlədi, bütün rüşvətə, korrupsiyaya bulaşmış insanları ya məhv etdi, ya da, zindanlara doldurdu, Britaniyanın təhsil və hüquq sistemini tədbiq etdi, təhsilə milyardlarla yatırım qoydu, ədalət hissini bərpa etdi, ingilis dilini dövlət dili səviyyəsinə qaldırdı, milliyətcə çinli olmasına baxmayaraq, çin dilində Ali Məktəblərə qadağa qoydu – nəticədə, demokratiya yoxdur, avrotiratizmdir, amma, Sinqapur dünyanın ən çox inkişaf etmiş, iqtisadi cəhətdən əhalisini əla dolandıran, elmi, təhsili, səhiyyəsi yüksək səviyyədə olan bir ölkəyə çevrildi. Yəni etdiyi repressiyaların əvəzini xalqa tərəqqi ilə qaytardı.