(Yazı "Azərbaycanın dövlətçilik tarixinin, milli adət-ənənələrinin, elm və mədəniyyətinin təbliği: dövlət müstəqilliyimizin bərpasının 30-cu ili - Azərbaycan dövlətçiliyi müasir mərhələdə" mövzusu üzrə hazırlanmışdır)
"Vətənə məhəbbət mücərrəd anlayış deyil, o, təşkilatçılıq, inkişaf və mədəniyyət tələb edən real mənəvi qüvvədir”.
Lev Tolstoy
Yüz illərdən süzülüb gələn adət-ənənələr, onlara bağlılıq və onu doğru-düzgün şəkildə bütün dünyaya təqdim etmək hər bir milləti tanıdan və onu digər xalqlardan fərqləndirən ən önəmli xüsusiyyətlərindən biri olub.
Minillərlə dövlətçilik yaşı olan Azərbaycan xalqı da qədim adət-ənənələrinə bağlı və bu bağlılıq üzərində böyük təməllər quraraq özünə məxsus milli dəyərlər yaradıb. Yüz illərin sınağından keçərək bu günə qədər gələn adət-ənənələrimiz, maddi-mənəvi irslərimizi Azərbaycan xalqının ən böyük sərvəti hesab etmək olar.
Milli adət və ənənələr, tarixi abidələrimiz haqqında məlumatları hər zaman öyrənmək, tədqiq etmək çox vacib olub. Çünki bunlar tarix boyu hər zaman ictimai, mədəni tərəqqinin əsas göstərici olub. Ancaq cəmiyyət inkişaf etdikcə adət-ənənlər həmin dövrə, zamana uyğunlaşaraq cəmiyyət inteqrasiya etmiş, bəzən intibah dövrünü yaşamış, bəzən də deformasiyaya uğrayaraq bu və ya digər şəkildə dəyişib və ya dəyişdirilib. Yeni yaranan hər bir mənəvi dəyər isə tarixi ənənələrimizin varisi kimi təşəkkül taparaq müasir dövrümüzə qədər gəlib çıxıb.
Yüz illər boyu torpağımızın istilası, həmin dövlətlərin istər dilimizə, istər dinimizə, milli adət-ənənələrimizə vurduğu zərbələr belə Azərbaycan xalqını vətənə, millətə, torpağa, milli adət-ənənələrə bağlılıqdan vaz keçirə bilməyib. Ancaq həmin dövrlərdə də Azərbaycan mədəniyyəti, ədəbiyyatı zaman-zaman öz intibah dövrlərini yaşayıb. Tarixə "Kitabi Dədə Qorqud” kimi mənəvi abidə, Nəsimi, Füzul, Nizami, Məhsəti Gəncəvi, Aşıq Ələsgər, Xan qızı Natavan, Mirzə Ələkbər Sabir, Hüseyn Cavid, Mirzə Cəlil Məmmədquluzadə, Həsən bəy Zərdabi, Qasım bəy Zakir kimi ədibləri, böyük bir tarixi, maddi mənəvi irs qoyan Memar Əcəmi kimi şəxslər, Qız Qalası, Bayıl Qalası, Koroğlu Qalası, Qobustan Qayalıqları, Gəmi Qaya rəsmləri kimi tarixi abidələrimizi, qədimdən süzülüb gələn milli adətlərimizi xalqımızın ən böyük sərvəti, onun vizit kartı hesab etmək olar.
Heydər Əliyev: "Milli adət-ənənələr hər bir xalqın milli mədəniyyətinin zənginliyindən, qədim tarixi kökə malik olmasından xəbər verir”
Azərbaycanın mədəniyyət tarixinin qədim daş dövründən başladığını desək, yanılmarıq. Tapılan və hələ o dövrə aid olan kurqanlar, Azıx mağarası, müxtəlif məişət əşyaları, qəbirüstü abidələr, Qobustan Qayalıqlarındakı rəsmlər tariximizin nə qədər qədim olduğunun ən böyük sübutlarındandır. Qobustan qaya rəsmləri ibtidai icma quruluşundan feodalizm mərhələsinə kimi çoxəsrlik, uzun tarixi dövrü əhatə edir.
Azərbaycan ərazisi həm də memarlıq abidələri ilə zəngin olub. Bakıdakı Qız Qalası və Şirvanşahlar sarayı kompleksi, memar Əcəminin Naxçıvanda yaratdığı Möminə xatun və Yusif ibn Küseyir türbələri, Şuşadakı Pənahəli xanın sarayı, Natəvanın evi, Şəki Xan Sarayını ölkəmizin nadir memarlıq incilərindən hesab etmək olar.
Ən böyük milli dəyərimiz - Azərbaycan dili
Dilimiz ən böyük sərvətimiz, zənginliyimizdir. Tarix boyu müxtəlif diskriminasiyalara məruz qalan dil, heç vaxt özlüyündən dönməyərək, bu günümüzə qədər gəlib çatan ən böyük mirasımız olub. Şairlərimiz, yazıçılarımız, mütəffəkirlərimiz bu dildə yazaraq, bu dildə oxuyaraq dilimizi təbliğ edib, onun saflığını qorumağa çalışıblar.
Hələ Qədim Manna dövlətində yerli yazı növü ilə yanaşı, heroqliflərdən də istifadə olunduğu məlumdur. Hətta albanların 52 hərfdən ibarət əlifbasının olduğu tarixə məlumdur. Sonrakı dövrlərdə ərəb, rus istilası da dilimizə təsirsiz ötüşməyib. Bu dillərdən gündəlik həyatımıza aid ifadələr dilimizə qarışsa da, onun tərkibini poza bilməyib. Hələ XIX əsrdə M. Axundzadə də daxil olmaqla dövrün maarifçilərində əlifba islahatı keçirmək ideyaları yaratmışdı. Lakin o vaxt bu ideyanı həyata keçirmək mümkün olmamışdı.
1922-ci ildə Azərbaycan hökumətinin qərarı ilə Yeni Əlifba Komitəsi yaradıldı. Bu Komitəyə Azərbaycan (türk) dili üçün latın qrafikalı əlifba tərtib etmək tapşırığı verildi. Bu yeni əlifbaya keçilməsi yolunda atılmış ilk ciddi addım oldu.
Ancaq zaman-zaman bu ideyaların yerinə yetirilməsində problemlər yaşandı.
1923-cü ildən etibarən latın qrafikalı əlifbaya keçmə prosesi sürətləndirildi. 1926-cı ildə keçirilmiş Birinci Ümumittifaq Türkoloji Qurultayın tövsiyəsinə əsasən, 1929-cu il yanvarın 1-dən etibarən Azərbaycanda kütləvi şəkildə latın qrafikalı əlifba tətbiq edildi. Bu hadisə Azərbaycanda savadsızlığın ləğv olunmasında mühüm rol oynadı. Lakin Türkiyə Cümhuriyyətində də latın qrafikalı əlifbaya keçilməsi və bunun nəticəsində SSRİ-də və xaricdə yaşayan türk xalqları arasında mədəni əlaqələrin güclənməsi qorxusu Sovet imperiyası rəhbərliyində Azərbaycan əlifbasının yenidən dəyişdirilməsi planlarını yaratdı.
1940-cı il yanvarın 1-dən kiril qrafikalı əlifbaya keçmək haqqında qərar qəbul olundu. Sonralar kiril qrafikasının Azərbaycan dilinin fonetik səs sisteminə uyğunlaşdırılması üçün Azərbaycan kiril qrafikasında müəyyən dəyişikliklər aparıldı. Yarım əsrdən çox bir müddət ərzində kiril qrafikası ilə Azərbaycan elmi və mədəniyyətinin qiymətli nümunələri yaradıldı.
1990-ci ildən Azərbaycanda yenidən latın qrafikalı əlifbaya keçidlə bağlı təşəbbüslər irəli sürülməyə başlanıldı. 1 avqust 1990-cı il tarixində professor Afad Qurbanovun təşəbbüsü ilə Azərbaycan Əlifba Komissiyası yaradıldı. Nəticədə 1992-ci ildə latın qrafikalı Azərbaycan əlifbasının tətbiqi barədə Qanun qəbul olundu. 2001-ci ildə isə latın qrafikalı Azərbaycan əlifbasına keçid başa çatdırıldı. Latın qrafikalı əlifbanın tətbiqinin Azərbaycan Respublikasının siyasi həyatında, yazı mədəniyyətimizin tarixində mühüm hadisə olduğunu nəzərə alaraq Azərbaycan Prezidenti Heydər Əliyev 2001-ci il avqustun 9-da fərman imzalayıb. Bu fərmanla avqustun 1-i Azərbaycan Respublikasında Azərbaycan Əlifbası və Azərbaycan dili Günü elan edilib.
Mətbəximiz - Milli yeməklərimiz
Azərbaycan mədəniyyəti, adət-ənənəsi deyəndə onun milli mətbəxini də unutmaq olmaz. Mətbəx mədəniyyəti - onun tarixini, fəlsəfəsini, süfrə psixologiyasını, adətləri, eləcə də Azərbaycan xalqının tarixən ətraf mühitlə tam harmoniyada yaşadığı ərazilərdə yaratdığı praktik vərdişləri özündə birləşdirir.
Azərbaycan mətbəxinə güclü təsir göstərən amillərdən biri də ocaqdır (təndir, kürə, buxarı, külfə, çala, ocaq, sac, manqal və s.). Kürədə əsasən, müxtəlif çörəklər, unlu qənnadı məmulatları, həm də gil qablarda piti, bozbaş bişirilir. Manqal, başqa ocaqlardan fərqli olaraq, əsasən şişlik (kabab) bişirmək üçündür. Quruluşuna görə böyük kürəyə bənzəyən və hazırda çox az istifadə olunan külfədə külfə çörəyi, kömbə və s. bişirilirdi. Yeraltı və yerüstü təndirlərin "döymə", "badlı" və "kərpic" növləri var. Təndirdə müxtəlif lavaşlar, təndir çörəyi, müxtəlif xörəklər, qənnadı məmulatı hazırlanır. Qapalı ocaq növü olan buxarıda daha çox duru xörəklər bişirilərdi. Buxarının divarlarındakı qarmaqlardan qazan asılardı. Azərbaycan dilində indi də "yemək bişirmək" mənasında işlənən "qazan asmaq" ifadəsi buradandır. Buxarının közündə kartof, qarğıdalı, bəzən nazik ət tikələri də bişirərdilər. Milli mətbəximiz zənginliyi, dadlı təamları hətta ölkəyə gələn turistləri də özünə cəlb edə bilir. Müxtəlif bölgələrimizə aid olan milli kulunariya nümunələri rəngarəngliyi, çeşid bolluğu, ləzzəti ilə fərqlənir.
Milli adət-ənənələrimiz - Novruz bayramı
Bayramlarımız, xüsusilə yeni ilin rəmzi olan Novruz bayramı, toy, yas mərasimlərimiz özünə məxsusluğu ilə hər zaman bütün dünyada seçilib və fərqlənib.
Ən böyük bayramımız olan Novruz bayramı nəinki Azərbaycan xalqının, həm də bütün türk dünyasının bayramı olub. Azərbaycanda özünə məxsus xüsusiyyətləri ilə qeyd edilən bayram yazın gəlişinin, torpağın canlanmasının sanki müjdəçisi hesab olunub. İnsanlar hər zaman çalışıb ki, bayram gözəl və rəngli keçsin. Kosa, Keçəl, Bahar qızı, rəngli yumurtalar, şəkərbura, paxlava, qalanmış tonqallar, onun üzərindən tullanmaqla ağrı-acının keçən ildə qalmağına inanmaq, qapı-qapı gəzərək Kosa payı toplamaq, qulaq falına çıxmaq, Keçəl ilə Kosanın məzhəkəli oyunları Novruz bayramının ən gözəl rəngləri olub. Bayramda cücərdilən səmənini torpağın canlanmasının, əkin-biçin vaxtının çatdığını göstərməsi hesab olunub. Bayramın xüsusilə uşaqlar üçün ən əyləncəli tərəfi rəngli yumurtalar döyüşdürmək, baca-baca gəzərək bayram payı yığmaq olub.
Tarixə baxsaq, görərik ki, xalqımızın keçirdiyi müxtəlif el mərasimləri olub. Və bu mərasimlər özünəməxsusluğu ilə seçilib. Onlar el-el, oba-oba həmrəylik göstərərək toylarını, yasını bir yerdə qarşılayıb, bir yerdə yola salıb.
Bu günə qədər gəlib çatan bayatılar, mərasim nəğmələri, ağılar mədəni irsimizin nə qədər zəngin olduğunu sübut edir.
Azərbaycan muğamı, aşıq sənəti
Azərbaycan xalqının qədim dövrlərdən musiqiyə olan marağı da böyük olub. Qobustan qayaüstü təsvirləri arasında "Yallı" (rəqs) oynayan insanların təsviri buna sübut olaraq göstərilə bilər.
Tariximizdən süzülüb gələn dastanlarımız, aşıq musiqi incilərimiz – "Ruhani”, "Baş Sarıtel”, "Dilqəmi”, "Yanıq Kərəmi”, muğamlarımız - "Rast”ımız, "Şur”umuz, "Segah”ımız, "Bayatı Şirazı”ımız ölkəmizi dünyada tanıdan ən gözəl musiqi nümunələri olub. Bu sənətlərə son dövrdə diqqət və qayğı onların daha da inkişafına səbəb olub.
Hələ 1995-ci ildə Azərbaycan Mədəniyyəti Fondu təsis edilərkən Mehriban Əliyeva milli-mənəvi dəyərlərimizin qorunmasını, incəsənətimizin inkişafı və təbliğini, Azərbaycan mədəniyyətinin ümumbəşəri mədəni dəyərlər sisteminə inteqrasiyasını fəaliyyətinin başlıca prinsipləri kimi müəyyənləşdirmişdi. Fondun fəaliyyətinin əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, onu bütün dünyaya tanıtdırmaq idi. Ölkəmizin müstəqilliyini yenicə bərpa etdiyi zamanlarda Mehriban Əliyevanın belə bir müqəddəs missiyanı öz üzərinə götürməsi onun zəngin mənəvi irsimizə sadiqliyinin bariz göstəricisi idi.
Fondun prezidenti, birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə Azərbaycan muğamı, Novruz bayramı, aşıq sənəti, xalçaçılıq, tar ifaçılıq sənəti və s. YUNESKO-nun maddi-mədəni irs siyahısına daxil edilib. Avqustun 26-sı Beynəlxalq Azərbaycan Muğamı Günü və İpək Yolu üzərində yerləşən ölkələrin musiqisi günü kimi qeyd olunur. 2010-cu ildə Kanadanın Niaqara şəhərinin meriyası və ənənəvi olaraq hər il keçirilən Beynəlxalq Niaqara Musiqisi Festivalının rəhbərliyi tərəfindən qəbul olunan bu qərar xalqımızın milli sərvəti olan muğamın bəşəri musiqiyə çevrildiyini bir daha təsdiq edir. Bu tarix muğamsevərlər, ömrünü bu sənətin yaşamasına və təbliğinə həsr edənlər üçün ən əziz bayramdır.
Bəstəkarlarımız üçün ilham mənbəyi olan muğam, həm də milli musiqi mədəniyyətimizin uğurlarının əsasında durur. Dahi Üzeyir Hacıbəyli "Leyli və Məcnun” operasını muğam üzərində yazıb, Fikrət Əmirov "Şur” və "Kürd-Ovşarı” simfonik muğamları ilə dünya musiqisində simfonik muğam janrının əsasını qoyub. Niyazi, Qara Qarayev, Soltan Hacıbəyov, Cövdət Hacıyev, Aqşin Əlizadə, Arif Məlikov, Firəngiz Əlizadə və digər görkəmli bəstəkarlarımızın yaradıcılığında muğamdan irəli gələn bədii prinsiplər ən müasir kompozisiya texnikası ilə qovuşur.
Ölkəmiz artıq müxtəlif beynəlxalq tədbirlərə ev sahibliyi edir. Bir çox ölkələrin nümayəndələri məhz ölkəmizdə təşkil olunan beynəlxalq tədbirləri, idman yarışlarını, eləcə də mədəniyyət tədbirlərini izləmək üçün ölkəmizə səfər edirlər. 2012-ci ildə "Eurovision" kimi nüfuzlu musiqi müsabiqəsinə yüksək səviyyədə edilən ev sahibliyi, Azərbaycanın incəsənətə, mədəniyyətə verdiyi qiymətin ən yüksək göstəricisi idi.
Bu gün Azərbaycanın mədəni irs nümunələri, xalçaları, kəlağayıları dünyanın böyük şəhərlərinin muzeylərində nümayiş olunur. Londonun "Viktoriya və Albert”, Parisin "Luvr”, Vaşinqtonun "Metropoliten”, o cümlədən Vyananın, Romanın, Berlinin, İstanbulun, Tehranın, Qahirənin, Rusiyanın və s. ölkələrin muzeylərində sənət əsərlərini görmək mümkündür.
Azərbaycanın mədəniyyətini, incəsənətini nümayiş etdirmək, onu dünyaya tanıtmaq təkcə ölkə daxilində deyil, dünyanın müxtəlif ölkələrində yaşayan azərbaycanlıların da qarşısında dayanan vəzifələrdən biridir. Xaricdə yaşayan soydaşlarımız Azərbaycan tarixini, adət-ənənəsini var gücləri ilə təbliğ edib, tanıtmağa çalışır. Dünyanın harasında yaşamaqlarından asılı olmayaraq Azərbaycan adlı məmləkətin var olduğunu, onun qədim tarixi köklərə malik olduğunu nümayiş etdirirlər, buna aid tədbirlər hazırlayırlar.
Hər bir azərbaycanlının ən əsas vəzifələrindən biri torpağını qoruduğu kimi, onun dilini, mədəniyyətini də qoruyub, düzgün təbliğ etmək, gələcək nəsillərə ötürməkdir.
Günay İlqarqzı
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.