Xəbər lenti

Blinkenin “Bakı zəngi”ndə nələr müzakirə edilib? - Politoloq
Siyasət08:27 12.05.2022

Blinkenin “Bakı zəngi”ndə nələr müzakirə edilib? - Politoloq

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Son dövrlər ABŞ-ın Cənubi Qafqaza, xüsusən də Azərbaycana marağı artmaqda davam edir. Dünən ABŞ dövlət katibi Entoni Blinken Azərbaycan Prezidenti İlham Əliyevə zəng edib. Azərbaycanla Ermənistan arasında aparılan danışıqlar və bu xüsusda sülh sazişinin bağlanması perspektivləri müzakirə edilib. Blinken ölkəsinin bu istiqamətdə göstərilən səyləri dəstəklədiyini bildirib. Söhbət zamanı Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası, nəqliyyat xətlərinin açılmasının vacibliyi də qeyd edilib. 
ABŞ rəsmisi ölkəsinin bu prosesıə də dəstək verməyə hazır olduğunu vurğulayıb.Telefon danışığı zamanı İrəvanla Bakı arasında humanitar, habelə enerji təhlükəsizliyi məsələlərinin taleyi  də müzakirə olunub.
Məsələ barədə Qaynarinfo-ya açıqlama verən politoloq Natiq Miri bildirir ki, Blinkenin Azərbaycan Prezidentinə zəngi bölgədə cərəyan edən proseslərlə əlaqəlidir:
"Əsas məsələ Azərbaycan-Ermənistan münasibətləridir. Vaşinqtonun əsas geosiyasi marağı Rusiyanı prosesdən kənarlaşdırmaq və gələcəkdə bölgədən tamamilə çıxarmaqdır. ABŞ istəyir ki, rus qoşunları Azərbaycanda, bütövlükdə regionda olmasın. Blinken Bakı ilə İrəvan arasında sülh müqaviləsini dəstəklədiyini və kommunikasiyaların açılmasında ABŞ-ın dəstəyini vəd edib. Belə addımla ABŞ bir növ proses ətrafında Azərbaycanın maraqları kontekstində hərəkət etdiyini ortaya qoymaqla bərabər, həm də Vaşinqtonun prosesdə iştirakı və yenidən regiona gəlməsinə yol açmaq istəyir”. 
Ekspert qeyd edir ki, Ukrayna -  Rusiya müharibəsi fonunda Qərblə Moskva arasında kəskinləşən rəqabət eynən digər regionlara da transformasiya olunur:"Rusiya Ukraynada necə çökdürülürsə, Moskva anoloji olaraq digər regionlardan da tədricən sıxışdırılır. Bunu Suriyada da görürük. Rusiya qoşunlarl  bu ölkəni kütləvi şəkildə tərk edir və yerini İranın dəstəklədiyi terrorçu qruplara verir. Eyni  proses, Azərbaycan-Ermənistan münasibətləri kontekstində də baş verir. Blinken Azərbaycanın nəzərinə çatdırır ki, getdikcə zəifləyən Rusiya tədricən bu prosesdən çıxarılmalıdır”. 
N.Mirinin fikrincə, bunun özü də ancaq bir şərtlə mümkündür:"Bütün proseslər Azərbaycanın maraqları kontekstində olmalı, ərazi bütövlüyümüz, suverenliyimiz tam olaraq təmin olunmaqla bərabər, kommunikasiyalar, Zəngəzur dəhlizi açılmalı, İrəvanın ölkəmizin ərazi bütövlüyünü tanıması şərtilə sülh müqaviləsinin imzalanması fonunda qəbul edilə bilər. Azərbaycan Prezidentinin Blinkenlə telefon danışığında dediyi fikirlərdə də bunu müşahidə etmək mümkündür”. 
Amma həmsöhbətimiz bütün bunların fonunda Bakının Qərbə doğru kurs götürəcəyinə inanmır: "Bakı hələ də balanslı siyasətin tərəfdarıdır. Proses tam müəyyənləşməyənə, Azərbaycanın ərazi bütövlüyü, suverenliyi, geostrateji, geosiyasi maraqları tam yerinə yetirilməyənə qədər Bakı birtərəfli qaydada hansısa güc mərkəzinə üstünlük verməyəcək. Bu,  doğru siyasətdir. Çünki ABŞ da mələk deyil. Azərbaycanın tərəflərdən birini seçməsi dövlətimizin maraqlarına uyğun deyil”. 
Rüfət Sultan