BMT-nin xüsusi məruzəçisi Raşida Mancu ölkədə qadınlara qarşı zorakılıq məsələsini tədqiq etmək üçün 2013-cü il 25 noyabr – 5 dekabr tarixlərində Azərbaycana səfər edəcək.
Bu, dünyada BMT İnsan Hüquqları Şurası tərəfindən təyin edilmiş müstəqil ekspertin qadınlara qarşı zorakılıq hallarını müşahidə etməklə hesabat vermək məqsədilə Azərbaycana etdiyi birinci səfəridir.
“Qadınlara qarşı zorakılıq bütün dünyada insan hüquqlarının ən çox yayılmış pozulması hallarından biridir və bu qadınların əsas hüquq və azadlıqlarından tam şəkildə yararlanmasına ciddi maneçilik törədir,” - xanım Mançu deyib .
BMT-nin İctimai İnformasiya Departamentinin Azərbaycandakı Ofisindən Modern.az-a bildirilib ki, Raşida Mancunun missiyası Azərbaycanda mövcud olan vəziyyətin qiymətləndirilməsi məqsədilə qadınlara qarşı zorakılığa qarşı mübarizədə iştirak edən milli maraqlı tərəflərlə görüşlər keçirəcək.
On gün davam edəcək səfər müddətində xanım Mancu Bakı, Xaçmaz, Gəncə, Lənkəran və Sumqayıt şəhərlərində hökumət nümayəndələri ilə görüşəcək. O, həmçinin vətəndaş cəmiyyəti və xidmət təminatçılarının təmsilçiləri ilə də bir araya gələcək.
“Mən xüsusilə, gender əsaslı zorakılığın ayrı-ayrı qurbanları ilə üzbəüz görüşmək üçün sığınacaqlara və qadın həbsxanasına baş çəkəcəyəm” - xanım Mancu deyib.
Cümə axşamı 5 dekabr tarixində xüsusi məruzəçi səfərin ilkin nəticələrini ictimaiyyətə açıqlamaq üçün mətbuat konfransı keçirəcək.
Qaynar.info