Siyasət 13:57 20.12.2022

BMT Laçın yolundakı aksiyanı müzakirə edə bilərmi?

"Məsələ müzakirə olunacaqsa, Azərbaycan üçün mənfi qərarın qəbul olunacağına inanmıram”. 

Bunu Qayraninfo-ya açıqlamasında Aydınlar Partiyasının sədri Qulamhüseyn Əlibəyli BMT Təhlükəsizlik Şurasının iclasında Laçın yolunda yaranmış durumun müzakirə ediləcəyilə bağlı erməni mənbələrinin yaydığı məlumatı şərh edərkən deyib. Partiya sədrinin fikrincə, 

"Bu məsələnin müzakirə edilməsi hüquqi baxımdan bir qədər uzun sürən prosedurdur. Bu məsələlərə riayət olunmalıdır. BMT Təhlükəsizlik Şurasına istənilən dövlət təklif verə bilər. Prinsip etibarı ilə bu müəyyən olunan məsələdir. 



Təhlükəsizlik Şurasının 15 üzvü var. Çox güman ki, Hindistan və ya Fransa Ermənistanın istəyilə bu məsələni qaldıra bilər. Hər halda, məsələ müzakirə olunacaqsa, Azərbaycan üçün mənfi qərarın qəbul olunacağına inanmıram. Çünki Azərbaycanla tərəfdaş olan müəyyən dövlətlər var ki, bu sayaq müzakirələr fonunda əvvəllər də ölkəmizə qarşı hər hansı bir qərarın qəbul olunmasına qarşı çıxıblar. Məsələn, 44 günlük müharibə dövründə də BMT-də bu cür müzakirələr başlanmışdı. Təhlükəsizlik Şurasının daimi üzvlərindən biri müzakirələr nəticəsində səsə qoyulacaq qərarlara "veto” qoymaq hüququna malikdir. Ümid edirəm ki, məsələ müzakirə olunacaqsa, Azərbaycana tərəfdaş dövlətlərdən biri ona "veto” qoyacaq”. 

Qeyd edək ki, Ermənistan Xarici İşlər Nazirliyinin mətbuat katibi Vaan Unanyan İrəvanın tələbilə BMT TŞ-nin bu gün iclas keçiriləcəyini bildirib. Onun iddiasına görə, iclasda  Laçın yolundakı vəziyyət müzakirə olunacaq. 

Rüfət Sultan