BMT Təhlükəsizlik Şurası (TŞ) sentyabrın 15-də son günlər vəziyyətin ciddi şəkildə pisləşdiyi Azərbaycan və Ermənistan sərhədindəki vəziyyəti müzakirə etmək üçün yenidən toplaşacaq. Qeyd edək ki, sentyabrın 14-də sərhəddəki vəziyyət Şuranın qapalı məsləhətləşmələrində müzakirə edilib. Bu gün olacaq müzakirələr isə açıq rejimdə keçiriləcək.
Qaynarinfo-ya açıqlamasında Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin rəhbəri Fərid Şəfiyev BMT TŞ-da müzakirələrin sadəcə pres-relizin qəbulu ilə bitəcəyini düşünür:
"Adətən qapalı görüşlərdə BMT Təhlükəsizlik Şurasının daimi və qeyri-daimi üzv dövlətlərinin mövqeləri öyrənilir. Daha sonra isə proses açıq şəkildə keçirilir. Bu gün olacaq müzakirələrdən sonra gözlənilən odur ki, pres-reliz hazırlanacaq. Bu isə ümumi xarakter daşıyan bir sənəddir. Yəni məlumat xarakterli sənəddir, onun siyasi və hüquqi əhəmiyyəti yoxdur. Sadəcə, bu sənədlə ictimaiyyət məlumatlandırılır. Pres-relizdə ölkələrin və Təhlükəsizlik Şurasının ümumi mövqeyi əks olunur”.
Həmsöhbətimiz sərhəddəki vəziyyətlə bağlı TŞ sədrinin bəyanatının olmasını və qətnamə qəbulunu isə gözləmir:
"Azərbaycan-Ermənistan sərhədindəki vəziyyətlə bağlı ikinci reaksiya Təhlükəsizlik Şurası sədrinin bəyanatı ola bilərdi. Belə bir sənədin olacağı isə gözlənilmir. Prosesin gedişində hansısa bir hadisəyə ən yüksək reaksiya qətnamənin qəbul edilməsidir ki, beynəlxalq hüquq baxımından məcburi xarakter daşıyır. Halbuki Azərbaycanın tələbilə vaxtilə qəbul edilən 822, 853, 874 və 884 saylı 4 qətnamə icra olunmadı. İki ölkə arasında toqquşmalar davam edərsə, BMT TŞ-nin məsələ ilə daha ciddi məşğul ola, hər hansı bir bəyanat da verə bilər. Amma görünən odur ki, atəşkəs demək olar ki, bərqərar olunmaqdadır. BMT TŞ-da sözügedən məsələ ətrafında müzakirələr elə pres-relizlə də bitəcək”.
Rüfət Sultan