Parisdə Fransanın müdafiə naziri Sebastyan Lekornü ilə Ermənistanın müdafiə naziri Suren Papikyan arasında görüş keçirilib. Nazirlər Azərbaycanla Ermənistan arasındakı sərhədyanı ərazilərdəki vəziyyəti müzakirə ediblər.
Qeyd olunur ki, tərəflər hərbi əməliyyatların dayandırılması və Azərbaycan qoşunlarının "ilkin mövqelərinə” qaytarılmasının vacibliyini vurğulayıblar. Fransalı nazir həmin bölgədə vəziyyəti dəyərləndirmək üçün tezliklə Ermənistana nümayəndə göndəriləcəyini qeyd edib: "Mən vəziyyəti qiymətləndirmək üçün Fransa nümayəndə heyətinin tezliklə Ermənistana göndərildiyini elan etdim".
Ermənistan müdafiə nazirinin Fransaya səfəri onu göstərir ki, İrəvan tək siyasi deyil, hərbi sahədə də nəzərlərini artıq Qərbə doğru istiqamətləndirib. Bu da, Ermənistanın öz təcavüzkar siyasətini həyata keçirməkdə artıq KTMT-yə bel bağlamadığını üzə çıxarır. Bir sıra ekspertlər düşünür ki, gələcəkdə İrəvanın istəyilə Fransa öz ordusunu Azərbaycan-Ermənistan sərhədində də yerləşdirə bilər. Çox güman Fransa nümayəndə heyətinin Ermənistana göndərilməsi məsələsi məhz buna hesablanmış addımdır.
Qaynarinfo-ya açıqlama verən politoloq Qabil Hüseynlinin fikrincə, sözügedən görüşdən gələn nəticə belə düşünməyə əsas verir ki, İrəvan ABŞ və Fransa ilə birlikdə bölgədə yenidən qarşıdurma yaratmaq yolunu tutub:
"ABŞ və Fransa Cənubi Qafqazdakı hadisələri qızışdırmaq üçün dəridən-qabıqdan çıxırlar. Onların hazırda gündəmə gətirmək istədiyi əsas məsələlərdən biri də Ermənistana müasir silahların verilməsidir. Bu istiqamətdə İrəvan ABŞ və Fransaya ciddi şəkildə bel bağlayır. Belə gedişat onu göstərir ki, ermənilər sülh haqqında düşünmək əvəzinə, yeni müharibə, qisas, bölgəni yenidən qarşıdurmaya təhrik etmək xətti tutur. Bu çox təhlükəli prosesdir və ona ABŞ-la Fransanın dəstək verməsi daha dəhşətlidir. Sülhyaratma əvəzinə Ermənistanı yeni müharibəyə şirnikləndirmək, yenidən militarizmə yuvarlatmaq cəhdi bölgəmizə pislik etmək cəhdidir. Ona görə də Fransanın bu məsələdə tutduğu mövqe ciddi şəkildə pislənməlidir".
Ermənistan-Azərbaycan sərhədinə fransız qoşunlarının yerləşdirilməsi məsələsinə gəlincə, politoloq qeyd edir ki, hələlik bu məsələ gündəlikdə deyil:
"Ermənistan KTMT-ni boykot edir, onun iclaslarında iştirak etmir. İrəli sürdükləri fikirlərdən biri də odur ki, sərhəd mövqelərinə Fransanın sülhməramlı qüvvələri gətirilsin. Bu ancaq onların öz aralarında olan razılaşma ola bilər. Amma fransız sülhməramlılarının gətirilməsi sülhə töhfə olmayacaq. Əksinə, münasibətləri daha da gərginləşdirəcək, qarşıdurmanı artıracaq və yeni müharibə təhlükəsini daha da qızışdıracaq”.
Rüfət Sultan