Dünya 13:50 30.06.2022

Böyük Britaniya Ukraynaya hərbi dəstəyini artırdı

Böyük Britaniya Rusiya işğalı ilə mübarizəyə verdiyi dəstəyi ikiqat artıraraq, Ukraynaya əlavə olaraq 1 milyard funt-sterlinq hərbi yardım ayıracaq.

Qaynarinfo BBC saytına istinadla xəbər verir ki, bu barədə Böyük Britaniya baş naziri Boris Conson məlumat verib

Yeni maliyyə ilə Kiyevə verilən hərbi yardımın ümumi həcmi 2,3 milyard funt-sterlinq-ə çatacaq. Bundan əlavə Böyük Britaniya Ukraynaya humanitar və iqtisadi dəstək üçün 1,5 milyard funt-sterlinq xərcləyib. Boris Conson deyib ki, Britaniya xərcləri "Ukraynanın müdafiəsini transformasiya edir”. NATO liderlərinə daha çox yardım üçün müraciət edən Zelenski Ukraynanın müdafiə xərclərinin aylıq təxminən 5 milyard dollar olduğunu deyib. 

Böyük Britaniya Ukraynaya hərbi yardım baxımından ABŞ-dan sonra ikinci yerdədir. Yeni Britaniya yardımı "təkmilləşdirilmiş hava hücumundan müdafiə sistemləri", pilotsuz uçan aparatlar, elektron müharibə avadanlığı və "minlərlə həyati dəst" üçün ödənişə yönəldiləcək.

"Böyük Britaniya silahları, avadanlıqları və təlimləri Ukraynanın rus işğalına qarşı müdafiəsini gücləndirəcək”, - Conson deyib.

Qeyd edək ki, son bir neçə həftə ərzində 450-dən çox Ukrayna əsgəri Böyük Britaniyanın verdiyi silahlardan istifadəni öyrənmək üçün Vayltşir-də təlimlər keçir.

Nurlan Hüseynov