Dünya 11:25 05.06.2023

Britaniyanın Ben Uolles planı: Sunak Baydendən nəyi xahiş edəcək?

Böyük Britaniyanın baş naziri Rişi Sunak müdafiə naziri Ben Uollesin NATO-nun baş katibi vəzifəsinə seçilməsində ABŞ prezidenti Co Baydenin dəstəyini almaq üçün Vaşinqtona səfərindən yararlanacaq. 

Qaynarinfo xəbər verir ki, bu barədə "The Telegraph” məlumat yayıb.

Sunakın Xirosimada keçirilən G7 sammitində də Uolles üçün lobbiçilik etdiyi iddia edilir.

Britaniya qəzetinin yazdığına görə, Uolles Ukraynanı dəstəkləmək üçün beynəlxalq koalisiyanın yaradılmasında oynadığı rola görə ABŞ-da məşhurdur. O, ölkəsinin müdafiə xərclərini ÜDM-in 2,25%-nə çatdıra bilib və onilliyin sonuna kimi onu 3%-ə çatdırmağı planlaşdırır.

"The Telegraph” yazır ki, London namizədliyin Fransa və Almaniya tərəfindən əngəllənəcəyindən ehtiyat edir. Onlar ilk qadın baş katibin namizədliyini dəstəkləyə bilərlər. Namizədlər arasında Danimarkanın baş naziri Mette Frederiksendə var. Co Bayden onunla 4 iyun bazar ertəsi Ağ Evdə görüşəcək.

Xatırladaq ki, may ayında Uolles NATO-ya rəhbərlik etmək niyyətini təsdiqləyib, lakin hazırkı vəzifəsindən də razı olduğunu açıq şəkildə bildirib. Hazırkı baş katib Yens Stoltenberq 2023-cü ilin payızında səlahiyyət müddəti başa çatdıqdan sonra vəzifəsini tərk etmək niyyətində olduğunu daha əvvəl bəyan edib. Media Avropa Komissiyasının rəhbəri Ursula fon der Lyanenin də bu vəzifə üçün müraciət edə biləcəyini, lakin Böyük Britaniyanın buna qarşı çıxa biləcəyini yazıb.

Nizami Bağırov