Siyasət 18:43 30.08.2022

Brüssel görüşü: Proses yekunlaşır, sülh sazişinin mətni hazırdır (ŞƏRH)

Sabah Brüsseldə Avropa İttifaqı Şurasının sədri Şarl Mişelin vasitəçiliyilə Azərbaycan Prezidenti İlham Əliyevlə Ermənistan baş naziri Nikol Paşinyan arasında növbəti görüş olacaq. Görüşdə əsas müzakirə mövzusunun sülh müqaviləsinin imzalanması olacağı gözlənilir. 

Qeyd edək ki, Bakı ilə İrəvan arasında sülh sazişinin imzalanması bölgədə əmin-amanlığın, sabitliyin yaranmasına töhfə verməklə yanaşı, regionun iqtisadi inkişafı, mühüm tranzit layihələrinin gerçəkləşməsində də mühü rol oynaya bilər. Həmin vəziyyətin yaranması tək bölgə dövlətləri üçün deyil, eyni zamanda, yaxın və uzaq qonşu ölkələr üçün də əlverişlidir. 

Azərbaycanla Ermənistan arasında xeyli müddərdir danışılan sülh müqaviləsi nə vaxt imzalana bilər? Onun imzalanmasında ABŞ və Rusiya  maraqlıdırmı? Mövzu ilə bağlı Qaynarinfo-ya danışan politoloq Cümşüd Nuriyev düşünür ki, sülh sazişi ətrafında gedən proses 3 aya yekunlaşa bilər:
 
"Sabah Brüsseldə baş tutacaq görüşdə sülh sazişi istiqamətində kommisiyanın və ya işçi qrupunun yaradılması, şərtlərinin razılaşdırılması müzakirə ediləcək. Razılıq əldə olunarsa, sülh sazişi digər şərtlər olmadan da imzalana bilər. Prosesin yaxın 3 ay ərzində reallaşacağı istisna deyil. Tərəflərin onu qəbul etməsi, işçi qruplarının fəaliyyəti və parlamentdə ratifikasiya prosesi təxminən 3 ay çəkə bilər. İlin sonuna sülh sazişi tamamilə hazır ola bilər. Paralel olaraq, sərhədlərin delimitasiya və demarkasiyası da danışıqlar masasında olacaq”. 

Ekspert deyir ki, Bakı ilə İrəvan arasında sülh saişinin imzalanması Rusiyanın da, Qərbin də marağı çərçivəsindədir. Amma bununla yanaşı,  politoloqun fikrincə, prosesin reallaşmasında daha çox ABŞ maraqlıdır:"Çünki Avropa Zəngəzur dəhlizinin açılmasını istəyir. ABŞ bilir ki, sülh  sazişi imzalanandan sonra Ermənistan tədricən Rusiyanın cəngindən qopacaq, siyasi cəhətdən ondan asılılığını azaldacaq. Moskva ABŞ qədər  bu sülhdə maraqlı olmasa da, əlacsızlıqdan ona getməyə məhkumdur. Ukrayna ilə müharibə fonunda Kremlin problemləri kifayət qədərdir. Belə bir şəraitdə  Kreml arzulayır ki, Azərbaycanla bağlı ikinci cəbhə açılmasın. Çünki Türkiyə Azərbaycanın yanındadır. Rusiyanın yeganə nəfəs aldığı yer də ancaq Türkiyədir. Məhz, Türkiyə vasitəsilə Moskva Avropaya çıxa bilir. Ona görə də, sülh sazişinin imzalanması Rusiyanın da marağındadır. Fikrimcə, Rusiya da çalışacaq ki, sülh sazişi qısa bir zamanda imzalansın”. 

Rüfət Sultan