"Bu açıqlama ilə Paşinyan qanmayan ermənilərə başa salmaq istəyir ki, məğlubiyyəti etiraf etməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıyıq”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Zərdüşt Əlizadə Ermənistanın baş naziri Nikol Paşinyanın Azərbaycan və Ermənistan MDB-yə üzv olanda bir-birilərinin sərhədini, ərazi bütövlüyünü tanıdıqları barədə səsləndirdiyi fikrinə münasibət bildirərkən deyib:
"O vaxtlar azərbaycanlı siyasətçilərə məğlubiyyətimiz, Qarabağı itirməyimiz hesabına Rusiya başa saldı ki, Kremllə zarafat etmək olmaz. İndi isə bu açıqlaması ilə Paşinyan qanmayan erməni əhalisinə başa salmaq istəyir ki, məğlubiyyəti etiraf etməli və Azərbaycanın ərazi bütövlüyünü tanımalıyıq. O zamanlar mətbuatda yazmışdım ki, MDB təhlükəli deyil, mədəni boşanma mexanizmidir. Amma qulaq asmadılar”.
Politoloq qeyd edir ki, indi də eynisini Paşinyan ermənilərə başa salmaq istəyir:
Başa salmaq istəyir ki, onsuz da 1991-ci ildə MDB sənədlərinə qol çəkməklə İrəvan Azərbaycanın ərazi bütövlüyünü, sərhədlərini tanıyıb. Ondan sonra ermənilər cığallıq edib, iki dəfə müharibə olub, itkilər olub. Vaxt gəlib, ermənilər ayılıb, normal insan cildinə girməlidir. Paşinyanın həmin məsələ ilə bağlı dediklərinin mənası budur. İrəvan, ATƏT-ə, Avropa Şurasına üzv olanda da Azərbaycanın ərazi bütövlüyünü tanıyıb. Yəni bir tərəfdən, tanıdıqlarını bildirib, o biri tərəfdən isə tanımayaraq torpaqlarımızı işğal etmişdilər. Belə çıxır ki, onlar vaxtilə Azərbaycanın ərazi bütövlüyünü tanıya-tanıya torpaqlarımızı işğal ediblər. Bu siyasi şizofreniyadır.
Vaxtilə Ermənistanda Azərbaycanın ərazi bütövlüyünü tanımışıq deyənləri xain adlandırırdılar. 44 günlük müharibədən, xeyli sayda insanın ölümündən sonra isə Paşinyanın həmin fikrinə erməni əhalisi o qədər də qəzəblənmir. Görürlər ki, Paşinyanı devirsələr də yerinə gələn eyni ağır durumda qalacaq. Ermənistanın nə pulu, nə imkanı, nə də müttəfiqi var”.
Rüfət Sultan