Xəbər lenti

Siyasət 15:26 02.10.2023

"Bu, Azərbaycan mediasının ən zəif cəhətlərindən biridir" - Arif Əliyev

"Bizim media bu sahədə işləmir, media resurslarımız bərbad vəziyyətdədir”. 

Bu sözləri Qaynarinfo-ya jurnalist, ictimai əlaqələr sahəsi üzrə mütəxəssis Arif Əliyev "Qərb mediasında erməni təbliğatı son hadisələr fonunda çox yaxşı işləyir, biz niyə bunu edə və həqiqətləri çatıdıra bilmirik” sualına cavab verərkən deyib. 

Arif Əliyev deyib ki, xüsusi ilə xarici auditoriyaya işləyən media resurslarımız bərbad vəziyyətdədir: 

"Bu gün bu istiqamətdə faktiki olaraq Hikmət Hacıyev tək işləyir. Biz yalnız onun müsahibələrinin Azərbaycan dilinə tərcümələrini oxuyuruq. Amma Azərbaycanın öz mediası bu sahədə olduqca zəifdir. Hətta bu bizim diaspor nümayəndələrimizdə də böyük narahatlıq doğurur. Bu günlərdə diasporun nüfuzlu nümayəndələrinin çətin vəziyyətdə qaldıqları ilə bağlı bir neçə müraciətlə tanış olduq. Onlar istər aksiyalar, istər mediada çıxışlar şəklində olan güclü erməni təbliğatı ilə qarşı-qarşıyadırlar. Ona görə də Azərbaycandan xahiş edirlər ki, hansısa bir proqram, ya plan hazırlansın ki, bu təbliğatın qarşısı alınsın”. 



Arif Əliyevə görə, Azərbaycan hökuməti bununla bağlı öz öhdəsinə düşən işlərin böyük əksəriyyətini görür ki, o təbliğatın qarşısında bizim əks-arqumentlərimiz olsun:

"Amma təəssüf ki, onları istənilən səviyyəyə çıxartmaq üçün media kanallarımız bacarıq nümayiş etdirmirlər. Anlamalıyıq ki, erməni təbliğatının bu gün ən güclü resursu və bəlkə də əllərində olan yeganə resursu məhz ermənilərin Qarabağı tərk etməsini "etnik təmizləmə" kimi təqdim etməkdir. Ona görə də bunu nəzərə alaraq təbliğatımızı da, medianın işini də bu istiqamətdə qurmağa və onu gücləndirməyə böyük ehtiyac var. Hökumət mediaya böyük vəsait sərf edir, amma bu cür məqamlara gəlib çıxanda təəssüf ki, onun səmərəliliyini görmürük”. 

"Media qrumları bu təbliğatların aparılması ilə bağlı öz işlərini sosial şəbəkələrdə necə qurmalıdır” sualına cavab verən Arif Əliyev bildirib ki, indi media konvergeniyası deyilən çox güclü bir trend var: 

"Bu trendin tələbi ondan ibarətdir ki, media orqanları bütün sosial şəbəkələrdə işləmək üçün uyğunlaşmalıdır. Onlar bunun üçün öz resurslarını yaratmalıdırlar. Bu, Azərbaycan jurnalistikasının bu gün ən zəif cəhətlərindən biridir. Sonuncu araşdırmalar da göstərir ki, media orqanlarının tam əksəriyyəti, hətta ən iri media orqanları "Facebook”dan başqa digər sosial şəbəkələrdə olduqca zəif işləyirlər. Ona görə də bu resurslar olmadığı şəraitdə (olanların da əksəriyyəti Azərbaycan dilindədir) biz çətin vəziyyətdə qalırıq. Çünki yayım baxımından bu gün sosial şəbəkələr 90 faiz çatdırma yükünü öz üzərində daşıyır. Bu da dediyim kimi, bizim medianın ən zəif cəhətlərindən biridir”. 
 
Arif Əliyevin fikrincə, burada və xaricdə fəaliyyət göstərən bir sıra müstəqil media orqanları da var ki, onların bu istiqamətdə imkanları genişdir, amma dövlət resursları, təşkilatları müstəqil təşkilatlarla işləməyə meyil göstərmirlər:

"İnformasiya, təbliğat siyasəti əsasən hökumət və hökumətyönümlü media orqanları vasitəsi ilə aparılır. Onların da dairələri çox zəifdir. Ona görə də biz elə böyük nəticəyə nail olmuruq".

Günay İlqarqızı

Sorğu

Saytda hansı materialların daha çox olmasını istərdiniz?
--> -->