(Yazı "Azərbaycan Respublikasının dünya birliyinə inteqrasiyası, region ölkələri və digər dövlətlərlə, beynəlxalq təşkilatlarla əməkdaşlığının inkişaf etdirilməsi” mövzusu üzrə hazırlanıb)
Son zamanlar Qərblə Rusiya arasında gərginləşən münasibətlər fonunda Avropa İttifaqı ilə Azərbaycan arasında əlaqələr daha da intensivləşir. Fevral ayının 4-də Avropa İttifaqının sədrliyi qismində Fransa Prezidenti Emmanuel Makron, Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında videoformatda keçirilən görüş bu mənada mühüm əhəmiyyətə malikdir.
Qeyd edək ki, hazırkı mərhələdə Avropa və ABŞ Rusiya qazına alternativ axtarır. Bu fonda Qərbin diqqət mərkəzində olan ölkələrdən biri də Azərbaycandır. Onun nəticəsidir ki, Aİ rəsmilərinin Bakıya səfəri çərçivəsində müzakirə edilən əsas məsələlərdən biri məhz Azərbaycanın Avropaya qaz təchizatının artırılması imkanları olub. Bakı ümumən buna razılığını bildirib. Ardınca Aİ-nin genişlənmə və qonşuluq üzrə komissarı Oliver Varhelyi investisiya planı çərçivəsində Azərbaycana 2 milyard avro maliyyə paketinin ayrıldığını elan edib. Yaranmış vəziyyətdə bəzi təhlilçilər düşünür ki, Aİ ilə Bakı arasında münasibətlərin inkişafı tərəflər arasında nəzərdə tutulan ikitərəfli sazişin imzalanmasını da sürətləndirəcək.
Qaynarinfo-ya açıqlamasında sözügedən əlaqələrdən danışan Milli Məclisin deputatı Elman Nəsirov öncə bildirdi ki, Aİ-nin bəzi qurumları bir çox hallarda Azərbaycana münasibətdə qeyri-obyektivliyə yol verib:
"Avropa İttifaqı yeknəsək deyil. Onun tərkibində Avropa Kommisiyası və Avropa Parlamenti də var. Avropa Parlamenti isə Azərbaycana münasibətdə bir çox hallarda qərəzə, qeyri-obyektiv davranışa yol verib. Avropa Komissiyası ilə ölkəmiz arasında isə sıx əməkdaşlıq münasibətləri formalaşıb. Aİ Şurasının rəhbəri Şarl Mişel Bakıda səfərdə olub. Eyni zamanda, məhz Şarl Mişel dekabrın 14-də Azərbaycan və Ermənistan rəhbərlərinin görüşünü təşkil edib. Amma ölkəmizi narahat edən məqamlar da var ki, bunları ölkə Prezidenti İlham Əliyev dəfələrlə dilə gətirərək Aİ rəhbərliyinə açıq şəkildə iradlarını bildirib. 30 il ərzində işğal altında qalan Azərbaycan torpaqları olsa da, təcavüzə ölkəmiz məruz qalsa da, sözügedən qurum işğalçı ölkəyə 2,6 milyard avro həcmində kredit ayırsa da, Azərbaycana münasibətdə isə ədalətsizliyə yol verərək, cəmi 140 milyon avro ayırıb”.
Bununla belə, deputat qeyd edir ki, tərəflər arasında baş tutan son görüşlər bu istiqamətdə də ciddi dəyişikliklərə səbəb olub:
"Xüsusən də Avropa İttifaqı Şurasının rəhbəri Şarl Mişel, Fransa Prezidenti Emmanuel Makron, Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistan baş naizri Nikol Paşinyan arasında videoformatda keçirilən görüş olduqca əhəmiyyətli oldu”.
Bu reallıqlar fonunda E. Nəsirov düşünür ki, artıq Aİ ölkəmizə münasibətdə buraxdığı qeyri-adekvat davranışı düzəltmək istiqamətində addımlar atmağa başlayıb:
"Onun nəticəsi olaraq Aİ Azərbaycana 2 milyard avroluq kredit ayırır. Bu da müsbət hadisədir. Eyni zamanda, Azərbaycan Avropanın enerji təminatında alternativ enerji mənbəyi olaraq qalır. Cənub Qaz Dəhlizi Məşvərət Şurası nazirlərinin VIII görüşü Bakıda keçirildi. Azərbaycan dövlət başçısı bu tədbirdəki çıxışında vurğuladı ki, ölkəmizin Avropa ilə enerji təhlükəsizliyi sahəsində əməkdaşlığınının geniş perspektivi var. Cənub Qaz Dəhlizi layihəsinə 33 milyard dollar vəsait xərclənib. Bakı 2021-ci ildə Avropanın qaz tələbatını ödəmək üçün 19 milyard kubmetr qaz ixrac edib. Digər tərəfdən, Bakı "köhnə qitə”nin bu tələbatını ödəmək üçün ixracatı artırmaq niyyətini ortaya qoyub. Əsas mənbə də 1,2 trilyon ehtiyata malik "Şahdəniz” qaz yatağıdır. Eyni zamanda, 400 milyard kubmetr qaz yatağına malik "Babək” və digər yataqlarımız da var”.
Deputat onu da vurğuladı ki, Bakı gələcəkdə Avropanın tələbatını ödəmək yolunda qaz ixracını artırmaq potensialına sahibdir və bundan da istifadə olunacaq:
"Bir sözlə, Aİ ilə Azərbaycan münasibətləri inkişaf tempinə malikdir, qarşılıqlı anlaşma mühiti formalaşıb və gələcəkdə də istisna deyil ki, bu istiqamətdə növbəti addımlar atılsın”.
İqtisadçı ekspert Natiq Cəfərli də bildirib ki, Azərbaycanla Aİ arasında son zamanlar dialoq və təmasların intensivliyi xeyli dərəcədə artıb:
"Şarl Mişelin Bakıya, Azərbaycan Prezidentinin isə Brüsselə səfəri bu danışıqların intensivliyinin sürətləndiyindən xəbər verir. Son olaraq Avropa İttifaqı enerji komissarının ölkəmizə səfəri və burada apardığı danışıqlar nəticə etibarı ilə bir neçə mühüm qərarın alınmasına səbəb oldu. Qərarlardan birində ölkəmizin geosiyasi və enerji daşıyıcısı nöqteyi-nəzərdən Aİ üçün dəyərli və önəmli tərəfdaş olduğu qeyd olunur. Cənub Qaz Dəhlizinin gələcəkdə Avropanın enerji təhlükəsizliyində rolunun artırılmasının yolları istiqamətində ciddi müzakirələr aparıldı. Burada önəmli olan həcmlər məsələsidir. Azərbaycan Aİ-yə ildə 10 milyard kubmetr qaz verir. Amma Cənub Qaz Dəhlizinin potensialı 34-35 milyard kubmetrdir.
TANAP və TAP layihələri bu qədər həcmdə qazı Avropaya nəql edə bilər. Ona görə də alternativ qaz mənbələrinin tapılması, digər ölkələrin də həmin kəmərə qoşulması son danışıqların əsas müzakirə predmeti olub. Müxtəlif fikirlər var ki, həmin fikirlərin də realizasiyası istiqamətində işlərin görüləcəyi güman edilir. İlk addım olaraq Türkmənistan, İran və Azərbaycan arasında imzalanan sazişi göstərmək olar. Ona əsasən Aşqabad Tehrana, ikincisi də əvəzində Azərbaycana qaz ötürəcək. Yəqin ki, həmin qazın bir hissəsi də TAP və TANAP-a qoşulacaq”.
Yaranmış pozitiv məqamlara istinad edən həmsöhbətimizin fikrincə, cari il ərzində Aİ ilə Bakı arasında nəhayət ki, strateji saziş imzalana bilər:
"Daha bir mühüm məsələ Aİ-nin Azərbaycanda müxtəlif infrastruktur layihələrin həyata keçməsi üçün 2 milyard avroya yaxın vəsait ayırmasıdır. Bu qədər məbləğ Azərbaycanın iradlarının nəzərə alınmasının nəticəsidir. Ümumilikdə son təmaslar Aİ ilə Azərbaycan arasında pozitiv mesajların olduğundan xəbər verir. Bu fonda 2022-ci il ərzində Bakı ilə Aİ arasında nəhayət strateji müqavilənin bağlanacağı kifayət qədər realdır. Ola bilsin cari ilin ortalarında iki tərəf arasında strateji saziş imzalansın”.
Rüfət Sultan
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
