Azərbaycanda ədliyyə işçilərinin xüsusi geyim formalarına çəkilən xərc artıb.
İqtisadiyyat.az-ın əldə etdiyi məlumata görə, bununla bağlı məlumat Ədliyyə Nazirliyinin bağladığı müqavilələrdə öz əksini tapıb.
Məlumata əsasən, nazirlik bu günlərdə xüsusi geyim formalarının satın alınması ilə bağlı yeni müqavilə bağlayıb. Müqavilənin maliyyə dəyəri 648 419,76 manat müəyyənləşib. Ötən il isə bu rəqəm 577 527,11 manat olub. Belə ki, nazirliyin son bir ildə ədliyyə işçilərinin xüsusi geyim formalarına çəkdiyi xərc 12,28 % artıb.
Ədliyyə işçilərinin xüsusi geyim formalarının xərcləri ilə bağlı əvvəlki müqavilələrə nəzər yetirdikdə bu istiqamətdə 2023-cü ildə 552 981,04 manat, 2022-ci ildə 547 919,4 manat, 2021-ci ildə 562 451,72 manat, 2020-ci ildə isə 558 612 manat vəsaitin sərf olunduğu öz əksini tapıb.
Beləliklə, nazirliyin qeyd olunan xərclərində 2020-ci illə müqayisədə 2025-ci ildə 16 %-dən çox artım qeydə alınıb.
Məlumatlarda həmçinin qeyd olunur ki, nazirlik bu formaları 2021, 2024 və 2025-ci illərdə "Monitex” şirkətindən, 2022 və 2023-cü illərdə "Evim Tekstil” şirkətindən, 2020-ci ildə isə "Monolit” şirkətindən alıb.
Şərhlər