
Milli Məclisin bu gün keçirilən iclasında millət vəkili Qüdrət Həsənquliyev Əbülfəz Elçibəyin 75 illik yubileyinin keçirilməsi təşəbbüsü ilə çıxış edib.
“Qafqazinfo”nun məlumatına görə, partiya sədri bildirib ki, bu günlərdə Heydər Əliyevin 90 illik yuibileyi keçirildi və müxalif partiyaların çoxu da bu tədbirlərə qoşuldu: “Eləcə də Heydər Əliyev özü də böyüklük göstərib Elçibəyin dəfni zamanı onun Azərbaycan xalqına göstərdiyi xidmətlərə görə qarşısında baş əydi. İndi də YAP o böyüklüyü göstərməli və Əbülfəz Elçibəyin anım tədbirləri keçirilməlidir”.
Millət vəkili İqbal Ağazadə isə həbsdə olan müxalifətçi gənclərin yayılan fotoları ilə bağlı danışıb: “Həmin şəxslərin inzibati işlər görərkən orada fotolarının çəkilməsi və sosial şəbəkəlrdə, mediada aşağılayıcı bir formada təqdim olunması nəyə lazımdır? Bu cür hallar kütləvi itaətsizliyə aparır. Bunu nə müxalifətçi, nə də jurnalist etməyib, həmin şəxslərin üzərində də telefon olmayıb. Hüquq mühafuzə orqanları çəkib bu fotoları”.
İqbal Ağazadənin dediklərinə cavab olaraq spiker Oqtay Əsədov da bu fotoları yayanları pisləyib: “Bunu kim edibsə, ona ar olsun. Amma hüquq-mühafizə orqanlarını suçlamaq doğru deyil. Çünki əlimizdə fakt yoxdur. Bu araşdırldıqdan sonra kimisə ittiham etmək olar”.
Qaynar.info