(Yazı "Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə 44 günlük "Vətən Müharibəsi"ndə qazanılmış tarixi qələbə, Ermənistan tərəfindən törədilmiş sülh və insanlıq əleyhinə cinayətlər, habelə müharibə cinayətləri ilə bağlı həqiqətlərin dünya ictimaiyyətinə çatdırılması" mövzusu üzrə hazırlanıb)
Xəbər verdiyimiz kimi, Azərbaycan Prezidenti İlham Əliyev Ağdərədə səfərdə olarkən rayonun Aşağı Oratağ, Çıldıran, Heyvalı və Çapar kəndlərinin sakinləri ilə görüşüb. Bu görüşlərdə dövlət başçısı 44 günlük müharibədə qazanılan tarixi Zəfər barədə danışaraq, bildirib ki, son 80 il ərzində Azərbaycan kimi tam və mütləq Qələbə qazanan ikinci ölkə olmayıb:
"Müharibələr olub, münaqişələr olub, bu gün də davam edir. Amma heç biri tam və mütləq Qələbə ilə nəticələnməyib. Ancaq biz böyük xalq olaraq buna nail olduq, özü də cəmi 44 gün ərzində. Ondan sonra da bir gün ərzində".
Həqiqətən də Azərbaycan 44 günlük müharibə və daha sonra bir günlük antiterror əməliyyatı ilə özünün ərazi bütövlüyü və suverenliyini tam olaraq bərpa etdi. Nəticədə son dövrlər tam olaraq tarixi ədalətə nail olan, separatçılığa son qoyan yeganə ölkəyik.
Prezidentin bu açıqlamasını Qaynarinfo-ya dəyərləndirən Milli Məclisin deputatı Aydın Mirzəzadə bildirir ki, Azərbaycan beynəlxalq hüquqa söykənərək, öz gücünə işğal altında olan torpaqlarını işğaldan azad edib:
"Bu qələbə nəticəsində digər dövlət və xalqlarla müqayisədə sözün həqiqi mənasında müqayisəolunmaz dərəcədə tam və mütləq bir Zəfərə imza atdıq. Öz gücümüz hesabına torpaqlarımızı işğaldan azad etdik. 2023-cü ilin sentyabrında keçirilən bir günlük antiterror əməliyyatı nəticəsində isə suverenliyimizi və ərazi bütövlüyümüzü bərpa etdik. Azərbaycan Prezidenti İlham Əliyevin vurğuladığı kimi, əldə etdiyimiz bu möhtəşəm Zəfərə son 80 illik müharibələr tarixində ümumiyyətlə rast gəlinməyib".
Deputatın fikrincə, Böyük Zəfərin nəticəsidir ki, bu gün dünya Azərbaycan nümunəsindən danışır, bu uğurumuzun kökünü axtarmağa çalışır:
"Azərbaycan qonşu dövlətə mehriban qonşuluq münasibətləri siaysətini təklif etdi. Sülh müqaviləsi layihəsi ölkəmizin təklif etdiyi 5 prinsip üzərində quruldu. Görünən odur ki, son söz Ermənistanındır. Eyni zamanda, artıq neçənci dəfədir ki, normal qonşuluq münasibətləri nümunəsini göstəririk. Ərazimizdən Ermənistana gedən qatarlar buraxılır, bu ölkəyə yanacaq satırıq. İki gün öncə isə 4 nəfər erməni əsilli məhbus Ermənistana təhvil verildi. Bütün bunlar Azərbaycanın humanistliyini göstərir. Nəticədə bu gün dünya Azərbaycan nümunəsindən danışır. Bu uğurun kökünü axtarmağa çalışır".
Həmsöhbətimizin fikrincə, uğurumuzun kökündə Azərbaycanın qədim tarixi, xalqımızın dəyərləri, cəmiyyətdə milli birliyin olması, dövlətçiliyimizin Heydər Əliyev siyasəti əsasında qurulması, Prezident İlham Əliyevin düşünülmüş daxili və xarici siyasəti dayanır:
"Bu gün Azərbaycan cəmiyyətində milli birlik, iqtidar-cəmiyyət birliyi hökm sürür və ona əsasən bundan sonrakı uğurlarımız daha da çox olacaq".
Rüfət Sultan
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
Şərhlər