(Yazı "Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi” mövzusu üzrə hazırlanmışdır)
"Mənim üçün ən əziz nemət Azərbaycanın uşaqlarıdır, Azərbaycanın gəncləridir. Çünki Azərbaycan Prezidenti kimi mən bu gün Azərbaycanın gələcəyi haqqında düşünürəm. Azərbaycanın gələcəyi isə Azərbaycanın gənclərindən və uşaqlarından asılıdır”.
Heydər Əliyev
Bir millətin mövcud olması üçün onun sağlam gəncliyinin olması vacib şərtdir. Ona görə də ölkə əhalisinin 23,6 faizini təşkil edən gənc nəslin düzgün yetişdirilməsi hər zaman ölkə siyasətində önəmli yer tutub. Gənclərin sağlam, vətənpərvərlik ruhunda böyüməsi dövlət siyasətinin ən mühüm istiqamətlərindən biridir. Bu istiqamətdə həyata keçirilən işlər isə hər zaman çoxşaxəli olub.
Dövlət tərəfindən gənclərin həm təhsil almasında, həm ictimai-siyasi həyatda fəallığının artırılmasında, həm onların sosial vəziyyətlərinin daim yaxşılaşdırılması yönündə hər zaman işlər görülüb, xüsusi tədbirlər proqramı hazırlanıb.
Heydər Əliyev və onun gənclərə dəstəyi
Heydər Əliyevin gənclərə dəstəyinə ən böyük nümunə kimi hələ 26 iyul 1994-cü ildə Gənclər və İdman Nazirliyinin yaradılmasını göstərmək olar.
Nazirlik yaradıldıqdan sonra dövlət gənclər siyasəti sahəsində mühüm işlər həyata keçirməyə başladı. Bu siyasətin davamı olaraq 1996-cı il yanvarın 26-da Heydər Əliyevin sərəncamına əsasən, fevralın 2-də Azərbaycan Respublikası gənclərinin ilk forumunun keçirilməsi qərara alındı. Bu forumun keçirilməsi ilə dövlət siyasətində gənclərə diqqət, qayğı daha da artırıldı. 1 fevral 1997-ci il tarixində forumun ildönümü münasibətilə gənclərin bir qrupunu qəbul edən Heydər Əliyev "2 fevral - Azərbaycan Gəncləri Gününün elan edilməsi haqqında" sərəncam imzalayıb. Həmin vaxtdan etibarən ənənəvi olaraq hər il 2 fevral Azərbaycan gənclərinin bayramı kimi qeyd olunur. 2002-ci ildə "Gənclər siyasəti haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Heydər Əliyev 2005-ci ildə 2005-2009-cu illəri əhatə edən Azərbaycan Gəncliyi Dövlət Proqramı haqqında Sərəncam imzalayıb.
İlham Əliyev Heydər Əliyevin gənclərlə bağlı siyasətini uğurla davam etdirir
Heydər Əliyevin siyasi kursunu uğurla davam etdirən Prezident İlham Əliyev onun gənclərlə bağlı gördüyü işlərin siyahısını da genişləndirib.
Dövlət başçısının Fərmanı ilə Gənclər və İdman Nazirliyi 2006-cı ildə yenidən təşkil edilmiş, gənclər siyasətinin əsas icra orqanı qarşısında yeni vəzifələr qoyulub. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən 2007-ci il ölkədə "Gənclər İli" elan edilib
Belə ki, sonrakı illərdə də Azərbaycanda gənclərə qayğının davamı olaraq bir çox işlər görülüb, 2011 və 2017-ci illərdə "Azərbaycan gəncliyi Dövlət Proqram”ları, 2015-ci ildə isə "2015–2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” təsdiq edilib.
Bu gün qəbul olunan sənədlərin yaratdığı imkanlardan bütün gənclərimiz bəhrələnirlər.
Azərbaycan gəncliyinin ən böyük uğuru - Qarabağ
Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi üçün görülən işlərin və vətənpərvərlik hisslərinin bəhrəsi kimi İkinci Qarabağ savaşında qazanılan qələbəni göstərmək olar.
Azərbaycan gənclərinin ən böyük uğuru isə Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında 44 günlük İkinci Qarabağ müharibəsini qələbə ilə başa vurub, 30 illik həsrətə son qoyaraq, Azərbaycanın işğalda olan torpaqlarını azad etməsi oldu. Minlərlə şəhid verən, qazi olaraq Azərbaycanın şanlı tarixinə adlarını qızıl hərflərlə yazdıran gənclərimiz 44 gündə bir yumruq kimi birləşərək, düşmənə və bütün dünyaya Azərbaycanın gücünü göstərdi. Xudayarları, muxtarları, cəbrayılları, xəlilləri, taryelləri timsalında birləşən Azərbaycan gənci ölümün gözünə dik baxaraq, babalarından qalan yurd-yuvanı qorumaq üçün son damla qanlarına qədər vuruşaraq milli mənlik şüurunun, vətənpərvərlik ruhunun ən gözəl nümunələri olaraq dastan yazdılar.
Bu zəfər həm də Azərbaycan gəncinin 30 ildə necə vətənpərvər ruhda böyüdüyünün, torpaq, vətən, yurd eşqi ilə alışıb-yandığının, Ali Baş Komandanın "irəli” əmri ilə vətənin yağı tapdağından xilas etməsinin, gücünün, qüvvətinin bariz nümunəsi idi. Bu zəfər həm də Azərbaycan gəncinin zəfəri idi.
Azərbaycan gəncliyinə qayğının prioritet məsələləri
Azərbaycanın gənclər siyasətində prioritet məsələlər sırasına gənc istedadlara dövlət qayğısının artırılması, elm, təhsil, dövlət idarəçiliyi və digər sahələrdə gənclərin xidmətlərinin artırılması, idmanın inkişaf etdirilməsi və s. daxildir. Təsadüfi deyil ki, Azərbaycanın beynəlxalq yarışlarda qazandığı idman nailiyyətlərinin sayı ildən-ilə artır. Buna nümunə olaraq Azərbaycan idmançılarının olimpiadalarda, dünya və Avropa çempionatlarında, digər beynəlxalq yarışlarda qazandığı uğurları göstərmək olar.
Azərbaycan gəncliyinin uğurunu tək idmanla məhdudlaşdırmaq olmaz. Belə ki, bu gün ölkənin hər bir sahəsində gənclərin uğurlu inkişaf etdiyini görürük. Gənclər bu gün dövlət orqanlarında, parlamentdə, bələdiyyələrdə, biznes strukturlarında və s. sahələrdə təmsil olunur və cəmiyyətin inkişafında fəal iştirak edirlər. Məktəblərdə, ali təhsil ocaqlarında həyata keçirilən tədbirlər, maarifləndirmə və təbliğat işləri bilavasitə gənclərin mənəvi, fiziki, psixoloji hazırlığının təmin edilməsinə, onlarda Vətənə, torpağa məhəbbət hissinin yüksəldilməsinə xidmət edir.
Gənclərin özünü inkişaf etdirməsi, öz mövqelərini göstərə bilməsi, cəmiyyətin idarə edilməsində iştirak edə bilməsi, bu mövzularda maarifləndirici işlər görə bilən gənclər təşkilatlarının yaradılması, inkişaf etdirilməsi, onlara dəstək hər zaman dövlətin prioritet mövzularından olub. Hazırda ölkədə ali təhsil ocaqlarını da əhatə edən 300-dən çox gənclər təşkilatı fəaliyyət göstərir. Onlar təşkilata qoşulan gənclərin vətənpərvər ruhda tərbiyəsi, məlumatlandırılması, gənclərin sağlamlığı, təhsili, fəal vətəndaş mövqeyi və s. məsələlərin təbliğində böyük işlər görürlər.
Bundan əlavə, "Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı”na qoşularaq dünyanın müxtəlif ölkələrində təhsil alan, Azərbaycanın adını təmsil edən gənclərimizin sayı günü-gündən çoxalır.
Öz sözünü deyə bilən müasir dövrün gəncləri yeniliklərə açıq olmaqla, yeni yaranan sahalərdə uğur qazanmaqla, dünyanın harasında yaşamasından asılı olmayaraq, həm də Azərbaycanın adını, tarixini, keçmişini uğurla təmsil edir. Müstəqillik tarixi gənc olan Azərbaycan dövlətinin bayrağını yüksəklərdə dalğalandırır. Bu günün təhsilli, dünyagörüşlü, intelektual gəncliyi sabahın siyasi, iqtisadi cəhətdən güclü, nüfuzlu Azərbaycanı deməkdir.
Günay İlqarqızı
Material Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.
