"Hesablamalarıma görə, Avropanın indiki halda əlavə qaz tədarükünə ehtiyacı yoxdur. Yanvarda Avropanın terminallarına 10 milyard kubmetrdən çox mayeləşmiş qaz daxil olub. Dekabrda isə bu rəqəm 7,7 milyard kubmetr olub. Ona görə də aparılması gözlənilən danışıqlar cari ilin oktyabrından sonrakı dövr üçün nəzərdə tutulub. Bu isə o deməkdir ki, Ukrayna məsələsində Rusiya ilə bağlı yaranan problem fonunda Avropa mavi yanacaqla bağlı problemini çətinlik çəkmədən həll etmək gücündədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında neft-qaz üzrə mütəxəssis Zəfər Vəliyev Ukrayna məsələsilə əlaqədar Rusiya qazına qoyulması gözlənilən sanksiyalar fonunda Avropa İttifaqının mavi yanacaqla bağlı probleminin olub-olmayacağına aydınlıq gətirərkən deyib:
"Avropadakı 100-dən yuxarı yeraltı qaz anbarında 46 milyard kubmetrdən çox aktiv qaz var. 2021-ci ilin noyabrından cari ilin yanvarın sonuna qədər yeraltı qaz anbarlarından 36 milyard kubmetrlik qaz götürülüb nəql şəbəkəsinə vurulub. Avropada yeraltı qaz anbarlarına ona görə üstünlük verilir ki, keçən ilin yaz mövsümündə vurulan qazın qiymətilə indiki qiymətlər arasında kifayət qədər fərq var. Avropa İttifaqı Ukrayna ətrafında baş verən hadisələrlə bağlı olaraq qazın alternativ mənbələrini axtarır. Çünki bu fonda ABŞ və Aİ Rusiyanın bank, enerji, neft və qaz sektoruna sanksiya tətbiq edəcək və ola bilər hətta idxaldan da imtina etsinlər. Belə olan təqdirdə alternativ variant olaraq mavi qazla bağlı ABŞ, Qətər və Azərbaycanla danışıqlar aparmağı düşünürlər”.
Həmsöhbətimiz qeyd edir ki, Aİ həmçinin Çin, Cənubi Koreya, Tayvan və Yaponiya ilə də yeraltı qaz anbarlarındakı rezervlərin istiqamətinin Avropaya yönləndirilməsi istiqamətində də danışıqlar aparır:
"Ümumiyyətlə, bu il Avropanın qaza olan tələbatı 521 milyard kubmetr civarında olacaq. Onlar alternativ enerji mənbələrinin artırılmasına da xüsusu önəm verir”.
Z. Vəliyev düşünür ki, Azərbaycan da Avropaya əlavə qaz ixracında maraqlıdır. Amma bunun üçün müqavilələrə ehtiyac var:
"Azərbaycan da Avropaya qaz ixrac edən ölkələrdən biridir. Amma ölkəmiz TAP vasitəsilə bu qitəyə böyük həcmdə qaz ixrac edə bilmir. TAP-ın illik ötürücülük qabiliyyəti 15 milyard kubmetrdir. Onu artırmaq üçün əlavə tədarük həcmlərinə ehtiyac var, onun ötürücülük qabiliyyəti artırılmalıdır. Əlavə qaz kompressor stansiyaları tikilməlidir.
Qənaətimə görə, Azərbaycan Avropaya əlavə qaz həcmlərinin verilməsinə hazırdır. Bakı qaz ixrac edən dövlət olaraq uzun müddətli qaz müqavilələrində maraqlıdır. Çünki bu halda qaz yataqlarına əlavə investisiyalar yönəldə biləcəyik. Avropa isə 2013-cü ildən başlayaraq, idxal həcminin bir hissəsini uzun müddətli müqavilələrlə təmin edirsə, digər hissəsi üçün də qaz satış mərkəzləri vasitəsilə qısa müddətli müqavilələrə üstünlük verirlər. Ona görə də Avropada bu sahədə yaranan problem ilk növbədə onların özlərinin yanlış enerji siyasətindən qaynaqlanır”.
Rüfət Sultan