Bosniya və Herseqovinada dövlət televiziyası maliyyə böhranı və bağlanma təhlükəsinə diqqət çəkmək məqsədilə bir gün müddətinə ekranı qaraldıb.
Qaynarinfo xəbər verir ki, Bosniya və Herseqovina Radio və Televiziyası (BHRT) borc böhranını ictimaiyyətə çatdırmaq üçün yerli vaxtla saat 07.00-dan etibarən adi yayım axınını dayandıraraq ekranı qaraya çevirib.
Dövlət televiziyasında dövrü şəkildə yayımlanan mesajda bildirilib: "Bu texniki nasazlıq deyil. Bu, BHRT-nin bağlanma ehtimalı ilə bağlı xəbərdarlıqdır. Bosniya və Herseqovina Radio və Televiziyası maliyyələşdirilməsi ilə bağlı sistemli həll tapılmadığı təqdirdə fəaliyyətini dayandıra bilər. BHRT bu gün adi yayımını həyata keçirmir. Gündəlik hesab bloklanmaları və Avropa Yayım Birliyinin (EBU) müddəti yaxınlaşan milyonlarla avroluq blokajı BHRT-nin sonunun yaxınlaşdığını açıq şəkildə göstərir".
Qurumun yaydığı digər açıqlamada isə qeyd olunub ki, son bir neçə ildə mövcud şərait dözülməz həddə çatıb. Bildirilib ki, Bosniya və Herseqovina institutları və entitetləri, eləcə də Ali Nümayəndəlik Ofisi (OHR) ictimai yayımçının maliyyə probleminə qarşı son dərəcə laqeyd mövqe sərgiləyib.
Açıqlamada vurğulanıb: "Yaxın günlərdə yayımın tamamilə dayandırılması mümkündür. Bu şəkildə müraciət etmək qərarını asan qəbul etmədik. İctimaiyyət mövcud vəziyyət barədə həqiqəti bilməlidir".
Qurumun fəaliyyətini dayandırmasının media sahəsi üçün ciddi itki olacağı qeyd edilən bəyanatda bildirilib ki, BHRT-nin fəaliyyətini davam etdirə bilməsi üçün Bosniya və Herseqovina Parlamenti, Nazirlər Şurası və OHR-nin təcili müdaxiləsinə ehtiyac var.
Bank hesablarının dondurulması riski ilə üzləşən ictimai yayımçının düşdüyü vəziyyət əsasən ölkədəki iki entitetdən biri olan Serb Respublikası (RS) qurumunun rəsmi yayımçısı RTRS-nin illərdir qanunla öhdəsinə düşən ödənişləri dövlət televiziyasına etməməsindən qaynaqlanır.
Əvvəlki illərdə də maliyyə çətinlikləri yaşayan BHRT-nin son böhranı, EBU-ya olan borclar səbəbindən bank hesablarının bloklanması təhlükəsi fonunda daha da kəskinləşib. Qurumun ümumi borcu təxminən 50 milyon avro təşkil edir. 31 dekabr 2025-ci il tarixinə olan məlumata görə, BHRT-nin RTRS-dən lisenziya haqları çərçivəsində 52 milyon avrodan çox alacağı var.
Bildirilir ki, RTRS-nin bu mövqeyi Bosniyalı serb rəsmilərin dövlət televiziyasını legitim qurum kimi tanımaqdan imtina etməsi ilə bağlıdır.
Xatırladaq ki, BHRT əməkdaşları daha əvvəl bağlanma təhlükəsinə etiraz olaraq Bosniya və Herseqovina Parlamenti qarşısında aksiya keçirmişdilər.
Aydın
Şərhlər