"Azərbaycan xalqı İlham Əliyevə inanır, onun daha xoşbəxt gələcək vəd edən daxili və xarici siyasətini hamılıqla dəstəkləyir. Bu dəstək Vətən müharibəsində möhtəşəm qələbə ilə nəticələndi".
Bu sözləri Qaynarinfo-ya deputat, Avropa Şurası Parlament Assambleyasında (AŞPA) Azərbaycan nümayəndə heyətinin rəhbəri, Milli Məclisin Beynəlxalq münasibətlər və parlamentlərarası əlaqələr komitəsinin sədri Səməd Seyidov deyib.
Millət vəkili bildirib ki, bu qələbə şəhidlərimizin ruhu, ordumuzun sücaəti, qəhramanlığı və Ali Baş Komandanın apardığı düzgün siyasətin nəticəsidir:
"Bu gün fikirlərimizi, düşüncələrimizi sözlərlə ifadə etmək çox çətindir. İllərboyu Azərbaycan xalqı bu günü arzulayırdı və çox xoşbəxtik ki, Zəfər günün ikinci ildönümünü yüksək səviyyədə qeyd edirik. Şükürlər olsun ki, bunu görməyi Allah bizə nəsib etdi. Xalqın arzusunun reallaşması şəhidlərimizin ruhu, ordumuzun sücaəti, qəhramanlığı və Ali Baş Komandanın apardığı düzgün siyasətin nəticəsidir. Bilməliyik ki, bu uğur Azərbaycan xalqının qanı, əməyi, iradəsi, Ali Baş Komandanın dəmir yumruğu hesabına ərsəyə gəlib. Biz əlimizdən gələni etməliyik ki, gələcək nəsillər bu qələbədən ruhlanaraq, daha böyük uğurlara, daha böyük nailiyyətlərə imza atsın".
Əhməd