Xəbər lenti

Bu, Prezidentin diaspor və lobbi təşkilatlarımıza ünvanlanmış mesajıdır...
Siyasət09:07 15.04.2022

Bu, Prezidentin diaspor və lobbi təşkilatlarımıza ünvanlanmış mesajıdır...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
(Yazı "Diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi" maövzusu üzrə hazırlanıb)
Layihə mövzusu: 44 günlük müharibədəki qələbə diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində nə kimi yeni perspektivlər vəd edir?
Azərbaycanın 44 günlük müharibədə əldə etdiyi möhtəşəm qələbədə xaricdə fəaliyyət göstərən diaspor təşkilatları, lobbiçilik fəaliyyətilə məşğul olan qurumların da mühüm xüdməti olub. Həmin dövrdə diaspor təşkilatları dünyanın əksər ölkələrində işğalçı Ermənistanın iç üzünün açılması, beynəlxalq ictimaiyyətə Azərbaycanın haqq səsinin çatdırılması istiqamətində ardıcıl işlər görüblər.
Qələbə ilə başa çatan Vətən müharibəsi ondan sonrakı mərhələdə diaspor quruculuğu, lobbiçilik və dünya azərbaycanlılarının həmrəyliyi istiqamətində yeni-yeni perspektivlər açır. Azərbaycanın xaricdəki diaspor təşkilatları hazırda fəaliyyətlərini məhz bu istiqamətdə qurmalıdır.
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Hikmət Babaoğlu bildirdi ki, 44 günlük müharibədə əldə edilən qələbə bütövlükdə Azərbaycan xalqında unikal dəyişikliklər gətirəcək qədər müsbət tendensiya yaratdı:
"Azərbaycan xalqının özünə inamı, güvənini artdı. Bu hadisə ictimai, siyasi, sosial, mənəvi və mədəni həyatımızın bütün sferalarına təsir edəcək bir hadisədir. Çünki hadisə özlüyündə mühüm tarixi hadisədir. Ona görə də əldə edilən qələbə həmçinin diaspor fəaliyyətində, xalqımızın yenidən təşkilatlanması prosesində milli maraqlarımız ətrafında daha sıx birləşməyimiz istiqamətində də böyük keyfiyyət dəyişikliyi yaradacaq”.
Deputat qeyd edir ki, müharibə dövründə diaspor təşkilatlarımız həmin ana qədər görünməyəcək dərəcədə sıx birlik, koordinasiyalı fəaliyyət nümayiş etdirdi:
"Diqqət etsək, görəcəyik ki, 44 günlük müharibə dövründə Azərbaycanın diaspor təşkilatları sıx və koordinasiyalı şəkildə fəaliyyət göstərməyi bacardı. Azərbaycanın Diaspora Komitəsi uğurla bu fəaliyyəti koordinasiya etdi. Hazırda dünyanın 60-dan çox ölkəsində azərbaycanlılar yaşayır. 
Onlar artıq yeni mərhələdə yaşadıqları ölkənin sosial-mədəni mühiti və hüquqi sisteminə uyğun olaraq təşkilatlanmağı bacardılar”.
H. Babaoğlu düşünür ki, Vətən müharibəsində əldə edilən qələbə ilə diaspor təşkilatlarımızın savadlı, intelektual şəkildə təşkilatlanması baş verdi: 
"Bu da, əslində, uzun illərdir erməni diaspor təşkilatlarının güclü olduğu barədə mifi dağıtdı. Paralel olaraq erməni diaspor təşkilatlarının hərəkətini də izləyirdik. Bu zaman onların dağıdıcı, radikal, terrorsayağı mübarizə apardıqlarının bir daha əyani şahidi olduq. Azərbaycan diasporu isə sivilcəsinə mübarizə aparırdı. Düşünürəm ki, bu təcrübə özlüyündə Azərbaycan diaspor tarixində yeni bir hadisə yaratdı. Əldə edilən möhtəşəm qələbə bundan sonrakı mərhələdə də birliyimizi daha sıx və mütəşəkkil edəcək”. 
Həmsöhbətimizin fikrincə, qələbə diaspor təşkilatlarımızın kütləvi sinxron hərəkətini təmin edəcək, milli maraqlar ətrafında birgə hərəkətimizə təsir göstərəcək, ümummilli həmrəyliyimizi də gücləndirəcək:
"Bir sözlə, mental səviyyədə köklü dəyişikliklər yaradacaq”. 
Politoloq Xəyal Bəşirovun fikrincə, münaqişənin həllindən sonra siyasi və diplomatik müstəvidə aparılan mübarizədə Azərbaycan lobbi və diaspor təşkilatlarının geniş fəaliyyətinə və bu fəaliyyəti daha məntiqi proseslər əsasında qurmalarına ciddi ehtiyac var:
"Prezident İlham Əliyev çıxışlarında dəfələrlə səsləndirib ki, qələbədən sonra artıq Azərbaycan Ermənistanla siyasi-diplomatik və informasiya cəbhəsində mübarizə aparır. Bu cəbhədə əsas iş isə beynəlxalq ictimaiyyətlə işləməkdir ki, onun da yükü əsasən diaspor təşkilatlarının üzərinə düşür. Bunun nəticəsidir ki, son dövrlərdə diaspor təşkilatlarının təmərgüzləşdirilmiş fəaliyyətinin şahidi oluruq. 
Azərbaycan Prezidenti 2020-ci ilin martında Milli Məclisdə çıxışı zamanı deputatlara səsləndi ki, bundan sonra xaricə səfərləri zamanı əməli fəaliyyət və nəticə ortaya qoysunlar. Düşünürəm ki, bu həm də diaspor və lobbi təşkilatlarımıza da ünvanlanmış mesajdır. Onlar da öz fəaliyyətlərində dövləti maraqları şəxsi maraqlardan üstün tutmalı, bu istiqamətdə mühüm addımlar atmalıdırlar. Belədə fəaliyyətlərinin nəticəsi, hesabatlılıq olmalıdır”. 
Həmsöhbətimiz qeyd edir ki, indiki mərhələdə lobbi və diaspor təşkilatlarının mühüm vəzifələrindən biri də Ermənistanın vaxtilə Qarabağda milli, mədəni, tarixi irsimizə qarşı törətdiyi vandal və vəhşi hərəkətlərin dünya ictimaiyyətinin diqqətinə çatdırmaqdan ibarət olmalıdır: 
"Vaxtilə işğal nəticəsində ermənilərin Qarabağda törətdikləri vandalizm və vəhşi hərəkətlər də dünya ictimaiyyətinin diqqətinə çatdırılmalıdır. Bu müstəvidə də diaspor təşkilatlarımızın üzərinə yenə vəzifələr düşür. Onlar həmin ərazilərdəki dini, mədəni, tarixi irsimizin Ermənistan tərəfindən dağıdılmasını dünya ictimaiyyətinin diqqətinə çatdırmalıdır. Bunun üçün də indiki mərhələdə həmin istiqamətdə beynəlxalq təşkilatlar, xaricin tanınmış, nüfuzlu ictimai fəalları, jurnalist və diplomatlarla iş aparmalıdırlar”. 
Rüfət Sultan
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.