
Qaynar.info Güney Azərbaycanlı fəal Alirza Esmailzade Azhirinin müsahibəsini təqdim edir.
- Özünüzü qısaca necə tanıdardınız?
- Mən Alirza Esmailzade Azhiri 1980-ci ildə Təbrizdə doğulmuşam, 2005-ci ildən milli məsələyə maraq göstərərək bəzi mədəni fəaliyyətlər etmişəm, 2006-cı il may qiyamlarında, Avropada yayılan məlum karikaturaya etiraz edərək bir neçə gün Təbriz etirazlarında iştirak etmişəm. Daha sonralar İranda olan prizdent seçkiləri zamanı yaşıl hərəkata qoşuldum və elə o zamanlar rejim tərəfindən sıxıntılarım olduğu üçün ölkəni tərk etmək məcburiyyətində qaldım. Hazırda Türkiyədə mültəci (qaçqın – red.) həyatı yaşayıram.
- Hansısa təşkilatdasınız?
- 6 ay öncəyə kimi heç bir təşkilatda təmsil olmaq istəmirdim, amma milli hərəkat daxilində olan təşkilatların fəaliyyətlərini izləyirdim. Güney Azərbaycan Milli Oyanış Hərəkatının (GAMOH) fəaliyyəti məni özünə cəlb etdi və 4 ay əvvəl bu təşkilata üzv olmaq üçün ərizə verdim. Həm də bu təşkilatı ona görə seçdim ki, başında Doktor Çöhrəqanlı durur. O, milli hərəkatın müasır liderlərindəndir və milli oyanışda ən böyük rolu oynamışdır.
- Güneydə baş verən prossesləri yaxından izləyirsizmi, əlaqələriniz davam edirmi?
- Təbii ki, hər gün Təbrizdə və başqa şəhərlərdə olan dostlarımızla əlaqə saxlayram və güneydə baş verənləri yaxından izləyirəm. İndi milli hərəkat daha artıq təzyiqlərə məruz qalır və milli məhbuslarımıza inanılmaz işgəncələr verilir. Rəsul Rəzəvi, Hüsein Əlizadə və Cavad Rəcəbzadə ən çox işgəncəyə məruz qalan hərəkatçılarımızdır.
- Belə deyilir ki, Ruhani prezident seçildikdən sonra bir çox təzyiqlər aradan qaldırılıb və bunu bəzi xarici media da dəstəkləyir. Bu barədə fikriniz nədir?
- İlk öncə bildirim ki, Ruhani seçki kampaniyasında əsas iki şuarla ortaya çıxdı və azərbaycanlıların səsini qazandı. Birincisi, Urmu gölü problemi, ikincisi ana dil və etnik məsələ idii. Amma seçildikdən sonra verdiyi vədləri unutdu. O da öncə seçilən prezidentlər kimi rejimin və sistemin tam özüdür, bu adını islam rejimi adlandıran sistem islam adı altında insanların və hətta çoxluqda olan Azərbaycan türklərinin haqlarını zor gücü ilə tapdalayaraq onları basqılara məruz qoyur. Bu rejim islam rejimi deyil, islama bir qara ləkədir!
Bu rejim öz ömrünü uzatmaq üçün son 20 ildir bu hiləyə əl atıb. Hər dönəm birisini ortaya atır: guya millətin yanındadır və sistemin aparıcı siyasətinə ziddir! Acınacaqlısı odur ki, dünya gücləri öz mənafeləri naminə buna göz yumurlar. Ruhani prizdentliyi əlinə alan kimi 400-ə yaxın şəxs dar ağacından asıldı. Bircə bu fakt Ruhaninin kim olduğunu ortaya qoyur.
- Güney Azərbaycan Milli Hərəkatı İranda baş verəcək dəyişikliklərə hazırdırmı?
- İran adlanan dövlətdə şovinist rejimin çox ciddi təzyiq və təqibləri nəticəsində bu gün orada milli hərəkatın təşkilatlanmasında ciddi əngəllər var. Oradakı təşkilatların əksəriyyəti gizli fəaliyyət göstərir. Azad fəaliyyət göstərən təşkilatlar isə əsasən xaricdə - Avropa və Türkiyədədir. Şüurlarda fars rejiminə qarşı etiraz və nifrət həmişə var. Heç kim «İran» adlanan dövlətdə fars şovinizmini, milli haqlarımzın tapdandığını görməyə bilməz. Şovinist rejimin siyasəti sərtləşdikcə insanlarda daha çox nifrət və etiraz doğurur. Ona görə də xalqımız hər an ayağa qalxmağa hazırdır. 2006-cı ilin may hadisələri də bunu sübut etdi. Təşkilatlanma və təbliğat isə milli hədəflərimizi düzgün müəyyən etmək və qüvvəmizi düzgün istiqamətə yönəltmək üçün zəruridir. Bu isə ziyalıların, siyasi elitanın vəzifəsidir. İnqilablar, adətən, gizli yetişir, müəyyən tarixi məqamda birdən-birə baş verir və çoxları üçün gözlənilməz olur.