Ekonomiks 18:19 19.12.2022

Bu şəxslərin 8 min manatadək olan gəlirləri vergidən azad olunacaq - 0 faiz

"Yeni vergi güzəştləri tətbiq olunacaq”.

Qaynarinfo xəbər verir ki, bunu deputat Vüqar Bayramov bu gün Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq Komitəsində "Vergi Məcəlləsinə” dəyişikliklər layihəsinin müzakirəsindən danışarkən deyib. O bildirib ki, dəyişikliklər ilə məcəlləyə yeni kateqoriya- "texnologiyalar parkından kənar fəaliyyət göstərən hüquqi şəxs və ya hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxs” əlavə olunur:

"Layihəyə əsasən, texnologiyalar parkından kənar fəaliyyət göstərən sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirən vergi ödəyicilərində işləyən fiziki şəxslərin muzdlu işdən əldə edilən aylıq gəlirlərindən gəlir vergisi 2023-cü il yanvarın 1-dən 3 il müddətində aylıq gəlir 8000 manatadək olduqda 0 faiz, 8000 manatdan çox olan məbləğin 5 faizi, 2026-cı il yanvarın 1-dən 7 il müddətində aylıq gəlirin 5 faizi həcmində müəyyənləşir. Bu o deməkdir ki, gələn ildən növbəti 3 il müddətində sistem inteqrasiyası, proqram təminatının hazırlanması və inkişaf etdirilməsi fəaliyyətini həyata keçirənlərin 8 min manatadək olan gəlirləri vergidən azad olunacaq. 2026-cı ildən sonra 7 illik müddətində cəmi 5 faizlik gəlir vergisi tətbiq olunacaq”.

Deputat əlavə edin ki, digər dəyişikliyə əsasən, sözügedən fəaliyyəti həyata keçirən şəxslər tərəfindən ödənilən dividenddən texnologiyalar parkının qeydiyyat şəhadətnaməsinin alındığı hesabat ilindən başlayaraq 10 il müddətinə ödəmə mənbəyində vergi tutulmayacaq:

"Təklif edilən dəyişikliklərə əsasən, bu sahədə fəaliyyət göstərən sahibkarlıq fəaliyyətini həyata keçirən fiziki şəxslərin həmin fəaliyyətdən əldə etdikləri gəlirlərin gəlir vergisindən, hüquqi şəxslərin isə mənfəət vergisindən azad ediləcəklər. Eyni zamanda, bu sahədə fəaliyyət göstərən şəxslərə əmlak və torpaq vergisi sahəsində azadolmalar da tətbiq olunacaq”.

Vüqar Bayramov qeyd edib ki, təklif olunan dəyişikliklər sektorun inkişafı baxımdan vacib hesab olunur:

"Bunun eyni zamanda yeni xarici investisiyanın cəlbinə də şərait yaradacağı gözlənilir. Layihə komitədə dəstəklənərək Milli Məclisin plenar iclasına tövsiyyə olundu. Dəyişikliklərin gələn il yanvarın 1-dən qüvvəyə minəcəyi gözlənilir”.
 
Bahar