"Ermənistanda keçirilən idman yarışında həyata keçirilən vandal hərəkəti sülh danışıqlarının altına qoyulan minadır. İstənilən zaman qarşılıqlı nifrətin, müharibənin alovlanmasına şərait yaradacaq bir hadisədir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Taleh Əliyev Ermənistanda keçirilən ağır atletika üzrə Avropa çempionatında Azərbaycan bayrağının yandırılmasına münasibət bildirərkən deyib.
Politoloq bildirib ki, idman tədbirinin bu qədər nifrət prosesinə çevrilməsi Ermənistan cəmiyyətindəki Azərbaycana və türk dünyasına qarşı nifrətin göstəricisidir:
"44 günlük müharibədən sonra Azərbaycan tərəfindən Ermənistanla sülh sazişinin imzalanması, nifrətin qonşuluq siyasətilə əvəzlənməsi təşəbbüsünün irəli sürülməsinə baxmayaraq, İravan hələ də ölkəmizə qarşı nifrət püskürür. Bir neçə gün əvvəl hava şəraitinin pis olması səbəbindən yolu azıb, Ermənistan ərazisinə keçən iki hərbçimiz ermənilər tərəfindən işğəncələrə, insanlığa sığmayan rəftara məruz qaldı. Ardınca idman yarışında milli bayrağımız təhqir olundu. Bu hadisələr, xüsusən də idman tədbirinin bu qədər nifrət prosesinə çevrilməsi Ermənistan cəmiyyətindəki Azərbaycana və türk dünyasına qarşı nifrətin göstəricisidir. Bu isə sülh danışıqları üçün ciddi problemdir”.
Həmsöhbətimizə görə, vasitəçilər gerçək sülhün olmasını istəyirsə, sülh müqaviləsilə paralel Ermənistanda azərbaycanlılara qarşı nifrət siyasətinin birgəyaşayış düşüncəsilə əvəzlənməsi yolunda da lazımi işlər görməlidirlər:
"Ermənistanda bu vandal əhval-ruhiyyə dəyişməyincə, etimadlı sülhün olması da inandırıcı deyil. Qərbi Azərbaycan icması öz doğma torpaqlarına sülh şəraitində qayıdışla bağlı kampaniya aparırlar. Amma bu insanlarımızın ermənilərlə birgə yaşaması üçün Ermənistanda dözümlülük hissi yaranmalıdır”.
Rüfət Sultan