"44 günlük Vətən müharibəsi göstərdi ki, qısa müddətdə əldə olunan şanlı və şərəfli nəticələr üçün 30 il kimi uzun bir yol qət etmək lazımdır. Həmin 30 illik müddətin 17 ili Prezident İlham Əliyevin dövrünə təsadüf edir. Məhz 44 günlük müharibədə və ondan sonrakı dövrdə bütün dünya ölkə başçısının apardığı düşünülmüş və uzaqgörən, dəqiq, yüz ölçülüb bir biçilmiş siyasət nəticəsində Azərbaycanın haqq savaşını apardığını bir daha anladı".
Bu sözləri Qaynarinfo-ya sabiq deputat Sona Əliyeva 44 günlük Vətən müharibəsi haqqında danışarkən deyib. Keçmiş millət vəkili bildirib ki, Prezident 44 gün ərzində demək olar hər gün beynəlxalq kütləvi informasiya vasitələrinə müsahibə verirdi, düşmən təxribatlarının iç üzünü açıb göstərirdi:
"Eyni zamanda, təxribatçı suallara da necə təmkin və səbrlə cavab verməyin lazım olduğunu əyani şəkildə göstərərək, dünya liderlərinə ustad dərsi keçirdi. Ölkə rəhbəri Ali Baş Komandan kimi həm döyüş meydanındakı qələbə senarilərinin altına imza atır, həm də informasiya savaşının aparıcı aktoru funksiyasını yerinə yetirirdi. Şübhəsiz ki, bu qələbənin əsas amili Ali Baş Komandan, xalq və ordu birliyi idi. Bu birliyin təməlini hələ 1993-cü ildə Ulu Öndər qoyub. Ondan sonra cənab Prezident bu yola sadiq qalaraq, xalqdan güc alıb və ordumuzun daha da güclənməsi üçün bütün imkanlarını səfərbər edib".
"Aydındır ki, 2 il öncə qazanılan zəfər Ali Baş Komandanı bütün dünyada fenomen strateq kimi bir daha tanıtmış oldu. Bu zəfər uzunmüddətli dövlət quruculuğu, ordu quruculuğu siyasətinin nəticəsidir. Yəni bu zəfərə birdən-birə nail olmamışıq. Onun arxasında böyük işlər, düşünülmüş siyasət dayanır. Hər kəs prezidentin tvitlərini səbrsizliklə gözləyirdi. Hər kəs ancaq rəsmi məlumatlara, prezidentin səsləndirdiyi fikirlərə inanırdı. Xalqımız müharibənin hələ ilk günlərindən anlamışdı ki, qələbə yaxındadır. Düşmənə 44 gün ərzində elə bir zərbə vuruldu ki, Ermənistan ordusu bundan sonra onilliklər ərzində özünə gələ bilməyəcək. Xalqımız vahid bir yumruğa dönərək prezidentimizin və ordumuzun arxasında birləşdi. Hətta ölkənin aparıcı müxalifət partiyaları da ölkə başçısının yanında olduğunu bəyan etdilər. Bütün bunlar Heydər Əliyev siyasi kursuna, onun layiqli davamçısına inamın göstəricisidir", deyə Sona Əliyeva bildirib.
Günay İlqarqızı