Siyasət 20:23 07.09.2022

Budapeşt də Moskvaya əl uzadır - Politoloq

Macarıstan hökuməti üç rusiyalı oliqarxın - Alişer Usmanov, Petr Aven və Viktor Raşnikovun "qara siyahı"dan çıxarılmadığı təqdirdə Avropa İttifaqının Moskvaya qarşı sanksiyalarının bir hissəsinin uzadılmasına veto qoyacağı ilə hədələyib.
 
Qeyd edək ki, Avropa İttifaqı Ukraynaya təcavüzlə əlaqədar bir sıra rusiyalılara qarşı tətbiq edilən sanksiyaların müddətini daha altı ay müddətinə uzatmaq istəyir. Mövcud məhdudiyyətlər isə sentyabrın 15-dək qüvvədədir. Onu da vurğulayaq ki, Usmanov və Aven siyahıya fevralın sonunda, Raşnikov isə martda əlavə olunub. Budapeşt həmçinin humanitar təşkilatların hazırda sanksiyalar altında olan bəzi Rusiya bankları ilə iş aparmasına icazə verməyi xahiş edir. 

Maraqlıdır, Viktor Orban hökumətinin adıçəkilən üç rus oliqarxına qarşı qoyulan sanksiyaların ləğvinə çalışması hansı amillə bağlıdır?
 
Məsələ ilə bağlı Qaynarinfo-ya açıqlamasında politoloq Cümşüd Nuriyevin fikrincə, Usmanov, Aven və Raşnikovun Macarıstanla bağlı böyük biznes maraqları olduğundan Orban hökuməti onların "qara siyahı”dan çıxarılmasında maraqlıdır:


 
"Usmanov, Aven və Raşnikov Macarıstana böyük investisiya yatırıb. Eyni zamanda, onlar həmin ölkəyə yeni layihələr təqdim ediblər. Macarıstanın da bunlara ehtiyacı var. Budapeşt Rusiya ilə bağlı Avropa İttifaqının yürütdüyü siyasəti qəbul etmək istəmir. Tədricən bir sıra digər ölkələr də Macarıstanı dəstəkləyəcək. Sentyabrdan başlayaraq Almaniya Ukraynaya silah verməyəcəyini gündəmə gətirib. Çexiyada Rusiyaya qarşı sanksiyalara qarşı çıxanlar ayağa qalxıb. Növbəti həftələrdə, Niderland, Belçika, Danimarka və Fransada belə aksiyalar gözlənilir. Çünki enerjinin qiymətinin qalxması və qışın soyuq olacağı Avropanı ciddi problemlərlə üz-üzə qoyacaq. Azərbaycanın karbohidrogen ehtiyatları böyük deyil ki, bütün Avropanı təmin etsin. Amerikanın sıxılmış qazı da qitəni tam təmin edə bilməyəcək. Bu fonda Macarıstan öz dövlət maraqlarını və xalqını düşündüyündın sözügedən məsələdə fərqli mövqe sərgiləyir”. 

Rüfət Sultan