
"Əl-Qaidə" İraqda hakimiyyəti ələ keçirməkdədir.
"Böyük Yaxın Şərq layihəsi" adlı bu layihə, əslində, dünyanın siyasi xəritəsini kökündən dəyişmək üçün nəzərdə tutulmuş bir hərbi-siyasi-iqtisadi plandır.
"Böyük Yaxın Şərq" layihəsi çərçivəsində başlamış körfəz müharibəsi nəticəsində artıq 20 ildir bünövrəsi qoyulan Böyük Xilafətin sərhədləri son illər daha aydın sezilir. Şərqdə Banqladeş, Pakistan, Əfqanıstan, Qərbdə Şimali Afrikanın müsəlman ölkələrini əhatə edən böyük coğrafiyada bu layihə çərçivəsində həyata keçirilən proseslər müşahidə olunmaqdadır. Şimali Afrika lokal müharibə ocaqlarına çevrilmiş, Əfqanıstan və Pakistanda gərginlik artmaqda, İraq və Suriyada qanlı müharibə davam etməkdədir. Bütün proseslərin mərkəzində isə eyni şəbəkə, eyni təşkilat durur. "Məğrib İslam Dövləti" Şimali Afrikada, Misirdə "Qardaş Müsəlmanlar", Əfqanıstan və Pakistanda "Taliban", Suriya və İraqda "İraq və Şam İslam Dövləti" qruplaşmaları.
Əl-Qaidə
Kökünə, yaranma tarixinə, apardığı müharibəyə və onun metodlarına diqqət yetirsək, yuxarıda adlarını sadaladığımız şəbəkələrin hamısının eyni mərkəzdən idarə olunduğunu və qulluq etdikləri məqsədin də eyni olduğunu aydın görərik. Adıçəkilən bu silahlı qruplaşmalar artıq qruplaşma deyil, son 5 ildə orduya çevriliblər. Əsas bazası Əfqanıstan olan "Əl-Qaidə" təşkilatının bu özəkləri son vaxtlar xırda terror aktları törətməklə kifayətlənməyərək artıq şəhərləri zəbt etməyə başlayıblar. Bu gün yayılan bir məlumatda, İraqın ikinci şəhəri və kürd muxtariyyətinin paytaxtı sayılan Mosulun inzibati binalarının "İraq və Şam İslam Dövləti" təşkilatının döyüşçüləri tərəfindən tutulduğu bildirildi. Bu, "Əl-Qaidə"nin İraq bölməsinin ölkədə tutduğu sayca üçüncü şəhərdir. Bundan əvvəl "Əl-Qaidə" Ənbar vilayətinin mərkəzi Fəllucəni və Ramadi şəhərini zəbt etmişdi. Mosulun tutulması ilə ölkənin şimalındakı ən strateji nöqtə "İraq və Şam İslam Dövləti"nin əlinə keçəcək. Beləliklə, Türkiyə - İraq və İraq - Suriya sərhədini nəzarət altına alan "Əl-Qaidə" Suriyadakı özəkləri ilə birləşib daha da güclənəcək və qarşısına qoyduğu məqsədə nail olmağa başlayacaq.
Taliban
ABŞ-ın Əfqanıstandan çəkilmək haqqındakı qərarını elan etməsi ilə birlikdə "Taliban"ın fəallaşması, dalbadal baş verən dağıdıcı terror aktları Amerika ordusunun bölgəni tərk etməsindən sonra bu coğrafiyanı bürüyəcək müharibə alovunun soraqıdır. Artıq Pakistan kimi güclü bir ölkənin "Taliban" qarşısında aciz qaldığı son Karaçi terrorundan sonra heç kəsdə şübhə qoymadı. Yaxın gələcəkdə qruplaşmanın həm Əfqanıstan, həm də Pakistanda hakimiyyəti ələ keçirmək imkanları çox böyükdür. Hər iki ölkədə Talibanın nə qədər dərin kök saldığını nəzərə alsaq, o zaman çəkinmədən demək olar ki, ən azı yaxın 2 il ərzində "Əl-Qaidə" artıq nüvə silahına malik olan bir dövlətdə hakimiyyətə gələcək. Bunun nə demək olduğunu isə təsəvvür etmək o qədər də çətin deyil.
Böyük Xilafət
Əsas maliyyə və ideoloji dəstəkçilərinin ərəb monarxları olduğu "Əl-Qaidə"nin köməyi ilə yaradılacaq dövlət gələcəkdə vahid sərhədlər çərçivəsində və vahid qanunlarla idarə olunacaq nəhəng bir konfederasiyaya çevriləcək. Sərhədləri müəyyən olunduqdan sonra Xilafət elan olunması gözlənilən bu dövlətin bütün müsəlman dünyasını əhatə edəcəyi planlaşdırılır. Çünki "Böyük Yaxın Şərq" layihəsi bütün müsəlman ölkələrində həyata keçirilir və Əl-Qaidə bu ərazilərdə qısa bir müddət ərzində çox dərin kök salmış bir təşkilatdır. Hansı müsəlman dövlətinin hakim elitasının bu proseslərə nə dərəcədə hazır olduğu isə 2015-ci ildən sonra məlum olacaq. Hazırda Rusiyanın rəhbərliyi altında Orta Asiyada çox geniş müdafiə tədbirləri görülməkdədir. "Taliban"ın Əfqanıstan və Pakistanda hakimiyyəti ələ keçirməsindən sonra ilk hərbi yürüşün Orta Asiyaya təşkil ediləcəyi deyilir.
P.S. Dünya böyük müharibənin astanasındadır. Bəziləri bunu hətta Üçüncü Dünya Müharibəsi də adlandırırlar. Amma hər halda başlanması gözlənilən bu total savaşın tarixdə baş vermiş bütün müharibələrdən daha geniş əraziyə yayılacağı ehtimalı var. Bu savaşda daha çox dövlətin iştirakı, istifadə olunacaq silahların isə daha güclü və dağıdıcı qüvvəsi isə gələcək fəlakətin dəhşətindən xəbər verir.
Qafqaz Ömərov
İnterpress.az