Dünya 16:50 26.09.2022

Çalxalanan İran: Qadın üsyanları, kürd qiyamı və azadlıq istəyən gənclik (ŞƏRH)

İranda Məhsa Əminin ölümünə etiraz olaraq başlanan aksiyalar artıq etnik rəng almağa başlayıb.
 
Qaynarinfo xəbər verir ki, prosesdə xüsusilə İranda yaşayan kürdlər fəallıq edir. İranın İnqilab Keşikçiləri Korpusunun (SEPAH) İraq Kürdüstanını bombalaması vəziyyətin kifayət qədər gərgin olduğunu deməyə əsas verir.
 
İranda kürdlər şərti olaraq İran Kürdüstanı, yaxud Şərqi Kürdüstan adlanan regionada yaşayır. Regiona Kürdüstan, Kirmanşah, Qərbi Azərbaycan, İlam və Həmədan ostanları daxildir. İranda yaşayan kürdlər ölkə əhalisinin 10 faizini təşkil edir. Azərbaycanlılardan sonra saylarına görə ən çox etnik qrupdur. İran kürdlərinin böyük hissəsi İslam dininin sünni məzhəbini təmsil edir. 

Almaniyada mühacir həyatı yaşayan iranlı hüquqşünas Nağı Mahmudi Qaynarinfo-ya bildirib ki, İranda yaşayan kürdlər həm etnik, həm də məzhəb ayrı-seçkiliyinə məruz qalır.

"Kürdlərin böyük əksəriyyəti sünni olduğuna görə İran rejimi onlara mənfi münasibət bəsləyir. Hətta bəzi hallarda onların məscidləri qapadılır, mərasimlər keçirilməsinə maneə yaradılır və s.”, deyə Mahmudi bildirib.



Onun sözlərinə görə, kürdlərin İrandakı mövcud hakimiyyətə münasibəti olduqca pisdir. Bu baxımdan, İranın dini-siyasi elitasında kürdlərin təmsilçiliyi yoxdur. Bununla belə, Mahmudi hesab edir ki, İran kürdləri kifayət qədər böyük gücdür. 

"1945-ci ilin noyabrında İranda Seyid Cəfər Pişəvərinin rəhbərliyi ilə Azərbaycan Demokrat Firqəsi yaradıldıqdan az sonra kürdlərin də dövləti quruldu. Həmin dövlət Məhabad Cümhuriyyəti adlanırdı. Məhabad şəhərdir. Kürdlərin qurduğu dövlətin paytaxtı olub. Ona görə də, də dövlətin adı da Məhabad Cümhuriyyəti adlandırlıb. Azərbaycan Demokrat Firqəsinin süqutundan sonr Məhabad Cümhuriyyəti də süqut edib.
 
Lakin onun liderləri dövlət başçısı Qazi Məhəmməd, baş nazir Şeyx Hacı Baba və müdafiə naziri Məhəmməd Hüseyn xan heç yerə qaçmadı. Onlar həbs edilib, Məhabad şəhərində edam edildilər. Bu hadisə İran kürdlərində dərin iz buraxıb. Onlar baş verənləri nəinki unudub, əksinə, Məhabad Cümhuriyyətini sanki bir ideologiyaya çeviriblər və o gündən bu günə qədər kürdlərin təşkilatları mütəşəkkil qaydada bu ideologiya uğrunda mübarizə aparırlar. Onların əsas dayağı isə İraq Kürdüstanıdır. Kürdlərin təşkilatları əsasən orada cəmləşib. SEPAH-ın bu ərazini bombalamasının səbəbi də budur”, deyə Nağı Mahmudi bildirib. 

İran kürdlərinin mütəşəkkilliyi özünü aksiyalar zamanı bariz şəkildə göstərir. Mahmudinin sözlərinə görə, onlar tətil edəndə ölkə boyu kürdlərin işlədiyi bütün mağazalar qapadılır. Hər kəs aksiyaya dəstək verir:

"Bu özünü Məhsa Əmin hadisəsində də göstərdi. Məhsa Əmin milliyyətcə kürddür. Əgər kürdlər əvvəlcə aksiyalara Məhsa Əminin kürd olduğu üçün çıxırdılarsa, artıq etirazların rəngini dəyişib, bu olayı azadlıq mücadiləsinə çevirmək istəyirlər. Lakin hadisələrin nəticələri barədə indidən nəsə söyləmək tezdir. Nəzərə almaq lazımdır ki, İran rejimi kifayət qədər qəddar və sərt tədbirlər həyata keçirir. Bu baxımdan, kürdlərinin dirənişinin nə qədər davam edəcəyi və nə ilə nəticələnəcəyini proqnozlaşdırmaq bir qədər çətindir. Lakin istisna deyil ki, ölkədə qanli toqquşmalar baş verəcək”.

Seyid