
Cəlilabad rayonunda dəhşətli hadisə baş verib. Buravar kəndində canavar evə soxulub və ailənin 4 uşağını yaralayıb.
Qaynar.info milli.az-a istinadən xəbər verir ki, hadisə dünən saat 19.00 radələrində baş verib. Canavar Yusif Şahmarovun evinə soxulub və bu zaman ev sahibinin 3-cü sinifdə oxuyan qızı Aygün qapının yaxınlığında əlində vedrə dayanıb həyətə baxırmış. Bu vaxt qız həyətdən ona tərəf işığın irəlilədiyini görüb. Yaxına gedəndə isə onun canavar olduğunu anlayıb. Aygün qaçaraq evə girmək istəyib, lakin pilləkəndə canavar onun qolundan yapışaraq həyətə sürüyüb.
Aygünün evdə televizora baxan qardaş-bacıları qışqırığa bayıra çıxıblar. Aygünün 16 yaşlı qardaşı Vüsal onu canavardan alsa da, digər bacılarını qoruya bilməyib. Canavar iki qızı da bədənlərinin müxtəlif nahiyələrindən dişləyib. Vəziyyəti çətin görən Vüsal canavarı boğmaq üçün sağ qolunu onun boğazına soxub. Qolundan ağır yaralar alsa da, canavarı öldürməyə nail olub.
Uşaqların dördü də xəstəxanaya çatdırılıblar.
Qaynar.rinfo