"Hesab edirəm ki, Cavad Zərif daha çox iki məsələnin müzakirəsinə görə gəlir. Biri sərhəd, digəri isə Zəngəzur dəhlizidir”.
Bunu Qaynarinfo-ya açıqlamasında politoloq Sədrəddin Soltan İranın Xarici İşlər naziri Cavad Zərifin Azərbaycana səfərinin pərdəarxası məqamlarından danışarkən deyib. Onun fikrincə, Qarabağın bir hissəsi işğaldan azad edildikdən sonra İran quruculuq işlərində fəal iştirak etmək istəyir:
"Xüsusən də Zəngəzur dəhlizinin, Ermənistanla nəqliyyat infrastrukturunun açılması və s. bu kimi məsələlərə maraq göstərir və Ermənistanın region ölkələri ilə birlikdə əməkdaşlıq edib əlaqələr qurmasnda maraqlıdır. Region, xüsusən Cənub Qafqaz dövlətləri arasında münaqişənin olması həm də İranın ziyanınadır. Çünki İran belə halda həmin ölkələrlə iqtisadi, ictimai-siyasi və mədəni əlaqələrini inkişaf etdirə bilmir. Bu halda biri o birinə qarşı İranı ittiham edir. Hesab edirəm ki, İran daha çox regional əməkdaşlığın inkişaf eləməsi ilə bağlı məsələləri qabardacaq və bunun tərəfdarı olduğunu vurğulayacaq. Çünki bundan əvvəl Cavad Zərif Rusiyada səfərdə olub. İranın Rusiyadakı səfiri sərhəd məsələsində Ermənistan-Azərbaycan arasında olan səhədlərin məsələsini Rusiyadan soruşmuşdu. Hesab edirəm ki, Cavad Zərif Rusiyadan sonra bu məsələni Azərbaycanla Ermənistan rəsmilərindən eşitmək istəyəcək ki, iki ölkə arasında hansı problemlər var və vəziyyət necədir? Bunu öyrənmək istəyir. Çünki İran tərəfi bəyan edib ki, regionda ölkələrin sərhədlərinin dəyişdirilməsinə qarşıdır və buna yol verilməsinə imkan verməyəcək”.
Politoloq vurğulayıb ki, bundan başqa həmçinin nazir İranın Qarabağda yenidənqurma işlərində iştirakını istəyəcək, yaxud bu istiqamətdə fəaliyyət proqramını Azərbaycan tərəfinə çatdıracaq:
"Bundan əlavə, hesab edirəm ki, sərhəddə baş verən hadisə ilə bağlı da Məhəmməd Cavad Zərifin Azərbaycana deyiləsi sözü olacaq”.
Qeyd edək ki, İranın Xarici İşlər naziri Cavad Zərif sabah Azərbaycana səfər edəcək.
Bahar Rüstəmli