Xəbər lenti

Cəmil Ünal: "Azərbaycanda iqtidar güclənməsi üçün müxalifətlə bir araya gəlməlidir" - MÜSAHİBƏ
Siyasət11:55 04.02.2015

Cəmil Ünal: "Azərbaycanda iqtidar güclənməsi üçün müxalifətlə bir araya gəlməlidir" - MÜSAHİBƏ

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
Həmsöhbətimiz Ankaradakı Azərbaycan Kültür  Dərnəyinin sədri Cəmil Ünaldir. Onunla söhbətimizə son günlər Türkiyə ictimaiyyətinin gündəmində dayanan “Perinçək-İsveçrə” mövzusu ilə başladıq. 

Qeyd edək ki, Türkiyə İşçi Partiyasının lideri, Tələt Paşa Komitəsinin qurucu koordinatoru Doğu Perinçək 2005-ci ildə, İsveçrədə, erməni soyqırımını "beynəlxalq yalan" adlandırıb. Bundan sonra "İsveçrə-Ermənistan" assosiasiyası ona qarşı məhkəmə işi qaldırıb. 2007-ci ildə cənab Perinçək irqi diskriminasiyada təqsirli bilinib.

Bundan Avropa İnsan Haqları Məhkəməsinə şikayətçi olan Perinçək İsveçrə hökumətinin cəzalandırılmasına nail olmuşdu. İsveçrə hökuməti bu qərardan apellyasiya şikayəti vermiş və hazırda həmin proses davam edir. Yanvarın 28-də apelyasiya şikayəti üzrə sonuncu iclas keçirilib və məhkəmə 2-3 ay sonra qərarını elan edəcək.

- Sizcə, Perinçək-İsveçrə çəkişməsinin son raundunda türk dünyası yetərli dəstək nümayiş etdirə bildimi?

- Avropadakı azərbaycanlıların verdiyi dəstək pis deyildi. Məhkəmə önündə Azərbaycan bayrağının olması, ora yığışanların dəstəyi yetərli idi. Amma təəssüf ki, türklərin ümumdünya problemləri üzrə mübarizədə Orta Asiyadakı digər türk respublikaları yetərli dəstək nümayiş etdirmirlər. Eləcə də Dağlıq Qarabağ məsələsində Orta Asiya türk respublikaları indiyə qədər öz tutarlı mövqelərini bildirməyiblər.

- “Perincək-İsveçrə” çəkişməsinin nəticəsi bir-neçə aydan sonra bilinəcək. Necə düşünürsünüz, Avropa Məhkəməsinin son qərarı Doğu bəyin lehinə olarsa, bu bir şeylərin dəyişməsinə gətirib çıxaracaqmı?

- Bu məhkəmə “soyqırım olmuşdur” və ya “olmamışdır” münaqişəsidir. Əlbəttə, əgər məhkəmədən  “soyqırım olmamışdır”  şəklində qərar çıxarsa, bizim üçün çox önəmlidir. Amma bu, hələ erməni problemini kökündən həll etmir. Bu mövzu ayrıdır, erməni məsələsi tamam ayrı. “Erməni soyqırımı” qərarını alan parlamentarilərin çoxu Türkiyəni tanımır, onun xəritədəki yerini belə bilmir. Təbliğatla bu nöqtəyə gəlinib. Amma erməni məsələsi Azərbaycan, Türkiyə, hətta İran türklərini narahat edən böyük problemdir.  Azərbaycanın qarşısında önəmli məsələ birdir: Dağlıq Qarabağ problemi.

- Dağlıq Qarabağ problemi ilə bağlı indiyə qədər aparılan siyasətdə nə yanlışlıq var? Sizcə, bu problem necə öz həllini tapa bilər?

- Guya məsələnin həlli üçün Minsk qrupu yaradıldı. Onun ilk həmsədri rus idi, digəri fransız, o birisi amerikan. Dünya Azərbaycanın Dağlıq Qarabağ kimi böyük və əsas problemini bu dövlətlərə həvalə edib. Amma yaddan çıxarmayaq ki, bu ölkələrin heç biri Qarabağı haqlı olana qaytarılmasını istəməz. Qarabağı işğal edən rusdur.  Ruslar bu qrupda necə həmsədr ola bilər? Azərbaycan bu həmsədrlərin dəyişməsi üçün bir iş görə bilmədi. Fransanın hər guşəsində  bir saxta “erməni soyqırımı”  abidəsi ucaldılıb. Amerika erməninin önündə gedən ən güclü ölkədir. Rusiya Qarabağı işğal edərək  ermənilərə verib. Azərbaycan Rusiyaya güvənərək Qarabağ problemini həll edə bilməz. Daha sonra Azərbaycanın Qarabağla bağlı siyasətinin konkret nə olduğu bəlli deyil. Bişkek anlaşmasından o qədər vaxt  keçib, ancaq  işğal altındakı ərazilər hələ də ermənilərdədir.

Dövlət adamları vədlərinin arxasında durmasalar, onlara heç kim  inanmaz.  Ona görə də Qarabağ məsələsini Türkiyə ilə bərabər Azərbaycanın da  öz gündəmində tutması vacibdir. Bu sadəcə sözlə deyil, əməldə də olmalıdır. Erməni məsələsi dünya səviyyəsində bir az da daha çox nümayiş etdirilsə, proseslər Azərbaycanın əleyhinə cərəyan edəcək. Biz bunu anlaya bilmirik ki, Azərbaycan iqtidarı bu 20 ildə bir dəfə olsun müxalifətlə görüşə bilmədi. Heç olmasa, Dağlıq Qarabağ məsələsinin müzakirəsinə görə onlar bir araya gələydilər. Qarabağ məsələsinin milli məsələ olduğunu, iqtidarlı-müxalifətli hər kəsin Qarabağa necə sahib çıxdığını nümayiş etdirəydilər. Amma bunu nümayiş etdirmək üçün Azərbaycan iqtidarının heç bir fəaliyyəti olmadı. Ötən müddətdə dövlət başçıları, xarici siyasətə rəhbərlik edən məmurlar Ermənistan tərəfdən Köçəryanla, Sarkisyanla, Nalbandyanla dəfələrlə görüş keçirtdilər, müzakirələr apardılar. Bir nəticə əldə olunmadı. 

Sırf Qarabağ məsələsi ilə bağlı müxalifətlə birlikdə hərəkət etmək olmazmı? Müxalifət Qarabağ məsələsində daha fəaldır və iqtidar güclənməsi üçün müxalifətlə bir araya gəlməlidir. İqtidarın vəzifəsi budur. Hüquq, iqtisadi durum, tarixi istədiyi kimi yazmaq imkanları onsuz da hökümətin əlindədir. Təəssüf ki, Azərbaycanda müxalifət üçün siyasət mühiti belə yoxdur,  yürüyə biləcəkləri yer belə qalmayıb. Heç olmasa, milli məsələnizdə mübarizənizə güc vermək üçün bir araya gəlin. Bir araya gəlsələr, bir-birilərinin arxasında dursalar, Qarabağla bağlı problemin həllində nəyəsə nail ola bilərlər.

- Bəs Türkiyənin Qarabağ məsələsi ilə bağlı yanaşmasını yetərli görürsünüzmü?

- Türkiyədə iqtidarda kim dayanırsa dayansın, heç vaxt Azərbaycanın əleyhinə qərar qəbul edilməsi  mümkün deyil. Buna türk milləti imkan verməz. Ermənilərin üzərində durduğu məsələ qapıların açılması məsələsidir. Açdıra bilmədilər. Bunu heç bir hökümət edə bilməz.

Azərbaycan xalqı ilə Türkiyə xalqi bir bütündür. İki ölkənin  hökumətləri  nə etsələr də, bu iki xalqın yaxınlığını əngəlləmək mümkün deyil. Türkiyənin 99 faizi Azərbaycanın yanındadır. Orta Şərqdəki proseslər Azərbaycana, hətta İrana da sıçraya bilər. ABŞ ilə İran arasında, hətta şah dövründəki kimi bir yaxınlaşma ehtimalı ola bilər. Bütün bu proseslərin fonunda rəsmi Ankara və rəsmi Bakı arasındakı münasibətlər çox da yaxşı olmasa belə yenə də hər şey  yaxşıdır. Bu iki xalqın yaxınlığından irəli gəlir.

- Türkiyə Xarici İşlər Nazirliyi “Çanaqqala savaşı”nın 100-cü ildönümünə  təqvimdə çap etdirib. Həmin təqvimə ermənilərin saxta soyqırım  xatirəsinə İrəvanda tikdirdikləri abidənin rəsmi də daxil edilib və bu hadisə konflikt yaratdı. Bu fakta münasibətinizi bilmık istərdik...

- “Erməni soyqırımı” abidəsinin fotosunun bu təqvimə şüurlu şəkildə, bilərəkdən daxil edildiyini düşünmürəm və inanmıram. Məsuliyyətsizlik olubsa da bu, dövlətdən irəli gələn bir şey deyil.   Dövlətin içindəki  şüursuz birinin səhvidir. Amma onu da yaddan çıxarmayaq ki, Türkiyənin özündə erməni tərəfdarları yoxdurmu? Var. Erməni lobbisi yoxdurmu? Var. Bunun hökumət  tərəfindən edilməsi mümkün deyil.


Şəhla Əbusəttar Yaman
Ankara
Qaynar.info