Xəbər lenti

Cəmiyyətin dinamikliyi: Daha geniş hüquqi baza, daha çox azadlıq...
Siyasət07:47 17.06.2022

Cəmiyyətin dinamikliyi: Daha geniş hüquqi baza, daha çox azadlıq...

Google alqoritminə buraxmayın, xəbəri özünüz seçin!Xəbəri Google yox, siz seçin!Əlavə et
(Yazı "İnsan hüquq və azadlıqlarının müdafiəsi, vətəndaşların hüquqi, siyasi mədəniyyət səviyyəsinin yüksəldilməsi, sosial və siyasi fəallığının artırılması" mövzusu üzrə hazırlanıb)
Hər bir cəmiyyətin inkişafı orada yaşayan insanların sosial və siyasi fəallıq səviyyəsindən asılıdır. Adətən vətəndaşların sosial və siyasi fəallığının yüksək olduğu cəmiyyətlər bu kriteriyaların aşağı həddə olduğu cəmiyyətlərə nisbətən daha sürətlə inkişaf edir. Dövlətin güclü, sabit olması, möhkəm tellərə bağlı olması üçün də vətəndaşların sosial və siyasi arenada fəal olması vacibdir. 
Ümumiyyətlə şəxsiyyətin formalaşmasında da onun sosial və siyasi müstəvidə fəal olması mühüm yer tutur. Belə ki, adətən məhz sosial və siyasi cəhətdən fəallıq nümayiş etdirən insanlar cəmiyyəti daim irəliyə doğru aparır. Cəmiyyət o zaman inkişafda olur ki, bu quruluşda yeni ideyalar, fəlsəfi baxışlar, proqramlar ortaya çıxsın. Yəni sosial və siyasi fəallıq olarsa, cəmiyyətdə təşəbbüskarlıq elementləri artır, nəticədə rəqabətlilik mühiti də inkişaf edir. 
Bu sahədə passivlik isə cəmiyyətin yerində sayması və sonda məhviylə nəticələnir. 
Vətəndaşların sosial və siyasi fəallığının artırılması dövlətin milli təhlükəsizliyi və özünümüdafiəsi üçün də vacibdir. İlk növbədə məhz sosial və siyasi fəallığın vacibliyini dərk edən insanlar vətəndaşı olduqları dövlətin təhlükəsizliyi və özünümüdafiəsinə daha ciddi yanaşırlar. Bunu biz Azərbaycan vətəndaşlarının 44 günlük Vətən müharibəsində əldə edilən möhtəşəm qələbəyə töhvə vermək istiqamətində digər sahələr kimi sosial və siyasi sahədə aktiv fəallıq nümayiş etdirmələrində də gördük. 
Məsələ ilə bağlı Qaynarinfo-ya danışan Milli Məclisin deputatı Hikmət Babaoğlu qeyd edir ki, vətəndaşların cəmiyyətdə baş verən proseslərə fəal şəkildə qoşulmaları üçün Azərbaycanda hüquqi əsaslar mövcuddur: 
"Əhali tərkibinin yaş həddinə nəzər salsaq, görərik ki, Azərbaycan xalqı gənc xalqlar içərisindədir. Bu, öz-özlüyündə Azərbaycan cəmiyyətinə bir dinamizm, hərəkətlilik gətirir. Vətəndaşların cəmiyyətdə baş verən proseslərə fəal qoşulması üçün ölkəmizdə hüquqi əsaslar var. Çoxsaylı ictimai institutlar, təşkilatlanmalar var. Müstəqillik dövrünün inkişaf tarixinə baxsaq, görəcəyik ki, bəzən ictimai fəallığın maraq dairəsi dəyişsə də, daim bu fəallıq mövcud olub. Hazırda gedən tendensiya Azərbaycan gəncliyinin daha çox elmi-texniki tərəqqiyə, müasir innovasiyalara doğru meyil etdiyini göstərir ki, bu da özlüyündə müsbət haldır. Cəmiyyətin siyasi institutlaşması və siyasi fəallığına gəldikdə isə, Azərbaycanda 40-dan çox siyasi partiyanın mövcudluğu və onların ölkədə baş verən hadisələrə fəal müdaxilə etmək imkanında olmasının özü bir hərəkətlilikdir. Ölkəmizdə həmçinin dünyada baş verən hadislərlə bağlı da müxtəlif aktiv mövqelərin sərgiləndiyinin şahidi oluruq. Nəticə etibarı ilə bütün bunlar sosial və siyasi aspektdə Azərbaycan cəmiyyinin hərəkətli, dinamik və inkişaf edən cəmiyyət olduğunu göstərir”.
Həmsöhbətimiz müşahidələrə əsasən bildirir ki, Azərbayanda sosial və siyasi fəallıq nöqteyi-nəzərdən real ictimai münasibətlərdə orta nəsil nümayəndələri bir qədər daha fəal görünür: 
"Amma məsələ ondadır ki, artıq cəmiyyətin sosial fəallığının xüsusi parametrləri yaranıb. Bunlar sosial şəbəkələr, internet resurslarıdır. Məhz sosial məkanda gənclərimiz daha aktivdir. Həmin proses bu günün və gələcəyin prosesi olduğundan özlüyündə sevindiricidir. Hər nə qədər ənənəvi klassik cəmiyyət axtarışında olsaq da, dünya inkişaf edir, müasir texnologiyalar, yeni platformalar yaranır. Beləliklə, yeni virtual cəmiyyəti yaratmış oluruq. Keçən əsrin 90-cı illərinin əvvəllərində Azərbaycan xalqı öz tarixində mühüm bir mərhələdən keçdi. Bu mərhələ az qala hər bir Azərbaycan fərdinin mübarizəyə qoşulması hadisəsidir. Çünki bir tərəfdən, müstəqilliyimizin əldə olunması, bir tərəfdən müharibə və ərazilərimizin işğal olunması özlüyündə hər bir fərddə fəallıq yaradırdı. O nəsil bu gün də yaşadığından onların fəallığı hələ də qalmaqdadır. Amma sonrakı mərhələlər cəmiyyətin inkişafının özünəməxsus mərhələləri hesab oluna bilər. Nəhayət, II Qarabağ savaşında əldə etdiyimiz zəfər ətrafında bir daha Azərbaycan cəmiyyətinin öz dövlət və xalqına necə sahib çıxdığını gördük. Bunun özündə bir fəallıq var. Şübhəsiz ki, ayrıca tədqiq olunmalı məsələdir. Çünki Azərbaycan cəmiyyəti burada çox müsbət pozitiv keyfiyyətlər sərgilədi. Ona görə də nəsillər arasında fərqin olması şübhəsizdir. Amma bunu ayrıca götürüb təhlil etməkdənsə, ümumi şəkildə dinamizmə baxsaq, nəticə şübhəsiz ki, pozitivdir”. 
Cəmiyyət öz-özlüyündə canlı orqanizmdir. Sadəcə onun fəaliyyəti üçün hüquqi baza nə qədər geniş olarsa, nə qədər çox azadlıq tanınarsa, o qədər də cəmiyyət dinamik olur. Bu dinamizm və fəallıq tək hüquq və qanunlarla bağlı deyil. Bir qədər də milli psixologiya və mentalitetlə də bağlıdır. Azərbaycan xalqı bu keyfiyyətlərə malikdir. Çünki istənilən hadisə cəmiyyətin müxtəlif sosial təbəqələrində müxtəlif rezonanslar doğurur və bu rezonanslar fərqli olur. Bu öz-özlüyündə cəmiyyətin palitrasının zənginliyinin göstəricisidir. Ona görə xüsusi bir mexanizmlə cəmiyyətin fəallığını artırmaq canlı orqanizmə süni müdaxilə olardı. Cəmiyyət öz-özlüyündə özünü tənzimləyir, nə zaman daha çox fəal olmağın lazım olub-olmadığına özü qərar verir. Bu mənada bir sosioloq kimi düşünürəm ki, Azərbaycan cəmiyyəti kifayət qədər dolğun, yetkin, nə istədiyini, hansı məqsədlər üçün fəallaşdığını, öz mənafeyini qoruya bilən bir cəmiyyətdir. Fəallıq müsbət hadisədir. Amma fəallığın hədəfinin nə olduğu da vacibdir. Əks təqdirdə, hər hansı bir fəallıq pozitiv nəticələr yaratdığı kimi, neqativ nəticələr də yarada bilər. 
Rüfət Sultan
Material Azərbaycan Respublikasının Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə hazırlanmışdır.